Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-494/2023 17.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(067)-2257/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış arasında xx.xx.2021-ci il tarixli 2998501-25793 saylı kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh "xxxx" ASC tərəfindən illik 21,9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir.
2. 29 mart 2022-ci il tarixli və 20 aprel 2022-ci il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, 3 gün ərzində borc ödənilmədiyi halda pul tələblərinin ödənilməsi üçün qanunverciliyin tələbinə uyğun tədbirlər görüləcəyi izah edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6689 nömrəli ekspert rəyindən müəyyən olunur ki, - təqdim olunmuş hesabdan çıxarış məlumatları və 26 avqust 2021-ci il tarixli 299850-1-25793 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsində borcun hesablandığı xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borcu 19472,79 manat, faiz borcu 1670,28 manat. -Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 26 avqust 2021-ci il tarixli, 299850-1-25793 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx.xx.2022-ci il tarixə Cavabdeh cərimə borcu hesablanmamışdır. -Bundan başqa qeyd edilir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsində əsas borca hesablanan faiz dərəcəsi 21.9% göstərilsə də, iş materiallarının 17-18-20-ci səhifələrində öz əksini tapmış, bank cavabdehə ünvanladığı məktublarda əsas borca hesablanan faiz dərəcəsinin 16.9% olduğu göstərilmişdir. Belə ki, Cavabdeh verilmiş 20.000 manat kredit vəsaitinə görə illik 16.9 %-lə hesablandıqda əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc 19110,63 manat; faiz borcu 1264,96 manat.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1167 nömrəli ekspert rəyindən müəyyən olunur ki, - təqdim olunmuş hesabdan çıxarış məlumatları və 26 avqust 2021-ci il tarixli 299850-1-25793 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsində borcun hesablandığı xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borcu 19192,00 manat, faiz borcu 1270,35 manat. -Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 26 avqust 2021-ci il tarixli, 299850-1-25793 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx.xx.2022-ci il tarixə Cavabdeh cərimə borcu hesablanmadı.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 299850-1-25793 nömrəli Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 19145,54 manat məbləğində əsas borc, 1348,68 manat məbləğində faiz borcu, 746,76 manat məbləğinda cərimə borcu, ödənilmiş 154,12 manat dövlət rüsumunun cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 299850-1-25793 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanılmış və illik 21,9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 20.000 manat məbləğində kredit (müqavilənin 3.8-ci bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 21.240,98 manat məbləğində borcu qalmışdır.
7. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadiqov) 01 noyabr 2022-ci il tarixli, 2(067)-2257/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, - Cavabdeh 19110,63 manat əsas borc, 1264.96 manat faiz borcu, 150 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154,12 manat pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və -ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka olan kredit borcu ödənilməmiş qalmışdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 445.3, 448.1, 449.4, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı ASC apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(067)-2257/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcunun tənəsübsüz sürətdə yüksək olduğu qənaətinə gəlinməsi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən ödəniş bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə uyğun olaraq (cədvələ əsasən) həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu Müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Həmçinin cərimə məbləği azaldılarkən kreditorun mənafeyi nəzərə alınır.
12. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert tərəfindən verilmiş 22 sentyabr 2022ci il tarixli 9/6689 saylı rəyin tərtib olunması zamanı hesablamalar düzgün aparılmamış aşkar hesab səhvlərə yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, ekspert nəzərə almayıb ki, cavabeh “Ödəniş cədvəli” üzrə gecikmədədir, gecikməyə düşdükdə isə sözügedən müqavilələrin 7.2-ci bəndində müəyyən olunmuş hesablama şərti ilə borca cərimə hesablanır. Lakin ekspertin tərtib etdiyi hesablama cədvəlində cərimə məbləğlərini əks etdirən bölmə əksini tapmayıb və cərimə borcuna dair hesablama onun tərəfindən aparılmayıb. Üstəlik hesabdan çıxarışda «Гашение пени по кредиту...» - cərimə ödəniş(lər)i barədə qeydlər əks olunsa da, ekspert “cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün ..... cərimə borcu hesablanmadı” deyə rəydə göstərmişdir.
13. Əslində müştəri tərəfindən ümumilikdə 34.84 manat cərimə ödənişi edilsə də, ekspert rəyində bu haqda hər hansı məlumat yoxdur. Əksinə bu məbləğ əsas və faiz borcundan çıxılmamaqla hesablanmışdır. Bundan əlavə İddiaçı ASC və Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 299850-1-25793 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək kredit borcuna görə edilmiş ödənişlər ekspert tərəfindən düzgün bölüşdürülməmişdir. Yəni müştəri tərəfindən cəmi ödənilmiş məbləğdən əsas borca 527.21 manat deyil, 854,46 manat, faiz borcuna isə 1550.79 manat deyil, 1188.70 manat silinmişdir. Bundan başqa əsas borc hissəsinin hesablanması bir qayda olaraq, sadə və dəyişməz olduğundan ekspert əsas borc məbləğini əsassız olaraq dəyişmişdir. Çünki, 20000 manat kredit məbləğindən 527.21 manat məbləği əsas borca silindikdə, iki fərqli cavab (=19472,79 manat və 19110,63 manat) almaq mümkün deyil və ekspertin əsas borca münasibətdə hesablaması hər iki halda eyni cavabla nəticələnməli idi. Bu ziddiyyətli nəticənin ortaya çıxması ekspertin səhvə yol verdiyini açıq-aşkar sübut edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf səbəb və mümkünsüzlüyü barədə məlumat verməməklə, məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
17. Cavabdehə rəsmi poçt vasitəsilə yanaşı, həmçinin onun ***-***-**-** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə (o cümlədən məlumatın elektron kabinetə yerləşdirilməsi vasitəsilə) xəbərdar olunmuşdur.
18. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır.
21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(067)-2257/2022 nömrəli qətnaməsini əsas, faiz və cərimə borcuna münasibətdə iddianın təmin olunmayan hissələrini mübahisələndirmişdir.
23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissələrinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcuna münasibətdə dəyişdirilməlidir.
26. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud, yəni xx.xx.2021-ci il tarixli, 299850-1-25793 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması barədədir.
27. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Bank və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 299850-1-25793 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanılmış və illik 21,9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 20.000 manat məbləğində kredit (müqavilənin 3.8ci bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 21.240,98 manat məbləğində borcu qalmışdır.
28. Öyrənilən işin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
29. Kollegiya iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı (apellyator) apellyasiya şikayətində əsas, faiz və cərimə borcunun təmin olunmyan borcunu mübahisələndirərək, ekspert rəyi ilə razılaşmadığnı, həmçinin cərimənin həddən artıq silindiyini bildirərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.
30. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcu üzrə qərar qəbul edərkən səhv nəticəyə gəlmiş, işin faktiki hallarını düzgün araşdırmamışdır.
31. Belə ki, yuxarıda qeyd olunduğu kimi idiaçı Bankla Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 299850-1-25793 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanılmış və kredit illik 21,9 faiz hesablanması şərti ilə verilmişdir. İddia ərizəsində tələb olunan məbləğ də məhz həmin müqavilədən irəli gələn pul tələbidir. Kollegiya qeyd edir ki, iş materaillarının 17-18-20-ci səhifələrində olan məktublarda qeyd olunmuş faizin tərəflər arasındakı münasibətə hər hansı aidiyyəti yozdur və tərəflər arasında faizin aşağı salınması (və ya dəyişdirilməsi) ilə bağlı hər hansı qarşılıqlı razılaşma olmamışdır.
32. Kollegiya qeyd edir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya mövcud mübahisəyə aydınlıq gətirmək məqsədilə yenidən ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1167 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 26 avqust 2021-ci il tarixli 299850-1-25793 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsində borcun hesablandığı xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borcu 19192,00 manat, faiz borcu 1270,35 manat müəyyən edilmişdir.
35. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 26 avqust 2021ci il tarixli, 299850-1-25793 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx.xx.2022-ci il tarixə Cavabdeh cərimə borcu hesablanmamışdır.
36. Göründüyü kimi verilmiş ekspert rəyinə əsasən əsas və faiz borcu arasında müəyyən qədər fərq yaranmışdır. Ona görə də kollegiya hesab edir ki, bu halda əsas borca münasibətdə iddia tələbində göstərilən məbləğ, faiz borcuna münasibətdə isə ekspert rəyi əsas götürülməlidir, əks halda iddia tələbindən kənara çıxılmış olar.
37. Kollegiya apellyasiya şikayətinin digər dəlili, yəni cərimə borcunun həddən çox silinməsi dəlili ilə razılaşmır və qeyd edir ki, işə baxan məhkəmə tərəfindən cərimə məbləği kifayət qədər ağlabatan məbləğdə azaldılmışdır ki, bu da MM-in 467-ci maddəsini tələbi baxımından tənasüb müəyyənləşdirilərkən cavabdehlərin həm əmlak, həm ödəmə imkanları, həm də bütün əsaslı mənafeləri nəzərə alınmışdır.
38. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cərimə borcuna münasibətdə isə dəyişdirmədən saxlanılmalıdır.
39. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(067)-2257/2022 nömrəli qətnaməsi əsas və faiz borc məbləğinə münasibətdə dəyişdirilməlidir.
40. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri 145 manat tərəflər arasında bərabər şəkildə bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(067)-2257/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissə üzrə, əsas və faiz borcunun məbləğinə münasibətdə (o cümlədən cəmi borca münasibətdə) dəyişdirilsin. Əsas borcun məbləği 19 145.54 (on doqquz min yüz qırx beş manar 54 qəpik) manat, faiz borcun məbləği isə 1270.35 (bir min iki yüz yetmiş manat 35 qəpik) (əsas, faiz və cərimə borcunun cəmi 20.565.89 manat olmaqla) müəyyən edilsin. Qətnamə qalan hissələrdə- Cavabdeh 150 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154,12 manat pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və -ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan (apellyasiya icraatı zamanı verilmiş) 145 (yüz qırx beş) manat məbləğdə pul İddiaçı ASC və Cavabdeh bərabər qaydada alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.