Məhkəmə qərarları › İş №2(105)-500/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-500/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-500/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhət oğlunun və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1464/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1464/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş təbii qazın bərpası üçün hesablanmış 667,50 manat ziyanın və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı İstehsalat Birliyi iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 259,20 manat məbləğində maddi ziyanın və 20,40 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı İstehsalat Birliyinin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, X4 X3 xidmət sahəsinin əməkdaşları tərəfindən xidməti ərazilərə baxış keçirilərkən Quba rayonu Vladimirovka kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində X4 X3 xidmət sahəsinə 259,20 manat ziyan dəymişdir. Yazılı qaydada xəbərdarlıq olunmasına (bildiriş verilməsinə) baxmayaraq Cavabdeh tərəfindən həmin məbləğ İddiaçı İstehsalat Birliyinin hesabına ödənilməmişdir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nın Şurasının xx xxxx 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. İddiaçı İstehsalat Birliyi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə 259,20 manat məbləğində borcunun artırılaraq, ümumilikdə 667,50 manatın və 20,40 manat dövlət rüsumunun əvəzinin İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə ücün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun olub olmaması yoxlanılmamış, iddia tələbi ilə əlaqədar hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırma aparılmamış, ədalətsiz qətnamə qəbul edilmiş və nəticədə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həyat yoldaşı Qarabağ əlilidir, iki uşağı da əlildir. O, ailəsini yarı tox, yarı ac dolandırır. Maliyyə cəhətdən imkanları çox məhdud olduğundan qaz pulunu ödəyə bilmədiyi üçün borc pul yaranmışdır. Ona məlum olmayan səbəblərdən 259,20 manat ziyan hesablanmış, ümumilikdə ondan 667,50 manat tələb edilmişdir. Qeyd edilən məbləğlərin nəyə görə hesablandığına məhkəmədə aydınlıq gətirilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, 2019-cu ilin mayında o, sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. İş materiallarında olan şəkil də həmin vaxt çəkilmişdir. Maddi imkanı olmadığına görə o, qaz sayğacının göstəricilərinə uyğun olaraq, ümumiyyətlə, qaz pulu ödəməmişdir. İddiaçı İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhət oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, İddiaçı İstehsalat Birliyinin tələb etdiyi 667,50 manatın 259,20 manatı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyan, qalan məbləğ isə qaz sayğacının göstəricilərinə uyğun yaranmış debitor borcdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasında xx xxx 2019-cu il tarixli, 24757-05-19 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Quba rayonu, Vladimirovka kəndi ərəzisində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh yaşadığı Quba rayonu, Vladimirovka kəndi ərəzisində yerləşən ev üzrə (abonent kodu **********04970) itirilmiş qazın sərfiyyatı 2592 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh (abonent kodu **********04970) akt üzrə borcu 259,20 manat təşkil edir. İş materiallarında olan İddiaçı İstehsalat Birliyinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh istifadə etdiyi qaza təbii qaza görə xx xxxxxx 2019-cu il tarixə borcu 667,50 manat təşkil edir. Göstərilən sənədlərə əsasən birinci instansiya məhkəməsi Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsini və qaz sayğacının göstəricilərinə uyğun ödəniş etməməsini nəzərə alaraq Cavabdeh 667,50 manatın İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına uyğun olmaqla, qanuni və əsaslıdır. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh qanunsuz qoşulma nəticəsində paylayıcı İddiaçı İstehsalat Birliyinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən halda isə təbii qazdan istifadə qaydalarının tələblərinə görə, yalnız bunun istehlakçının təqsiri olmadan baş verdiyi müəyyən edildikdə, həmin pozuntu baş verənə qədər və ya pozuntu aşkar edildikdən sonrakı dövrə uyğun sərfiyyat hesablanmaqla ödəniş aparılmalıdır. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında da Cavabdeh sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyini və maddi imkanı olmadığına görə qaz sayğacının göstəricilərinə uyğun olaraq, ümumiyyətlə, qaz pulu ödəmədiyini göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçı cavabdehdən 667,50 manat tələb edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1464/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar