Məhkəmə qərarları › İş №2(105)-501/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-501/2022

24.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-501/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia ərizəsinin qismən təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli 2(017)-649/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, 28.08.2008-ci il təvəllüdlü X8, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaga 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması və Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli 2(017)-649/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 28.08.2008-ci il təvəllüdlü X8, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış nikah Ağcabədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə 28.08.2008-ci il təvəllüdlü X8, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014cü il təvəllüdlü X7 onun himayəsində saxlanılması qət edilmişdir. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay hər uşağa cavabdehdən qazancının 70 manat, cəmi 210 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi, alimentin bu qaydada tutulmasının 13 fevral 2017-ci il tarixdən hesablanması, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Tutulan alimentin miqdarı hazırda uşaqların saxlanması üçün kifayət etmir. O, maddi cəhətdən çətinlik çəkir, buna görə də həmin aliment məbləğinin artırılmasını zəruri hesab edir. Cəmi 210 manat məbləğində olan aliment məbləği ilə üç uşağın saxlanma xərclərini qarşılamaq mümkün deyildir. Bu məbləğ onun övladlarının saxlanılmasına, eyni zamanda hətta ehtiyac meyarının ödənilməsinə belə kifayət etmir. Eyni zamanda həmin məbləğ qanunvericiliklə müəyyən edilmiş məbləğdən azlıq təşkil etdiyindən, həmin məbləğin artırılaraq 2021-ci il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bir uşaq üçün 175 manata çatdırılmasını zəruri hesab edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Aliment verməkdən imtina etmir, sadəcə tutulan məbləğ yüksək olduğu üçün aliment verməyə imkanı çatmır. İddiaçının ərizəsində göstərdiyi miqdarda onun aliment ödəmək iqtidarında olmağını nəzərə almamışdır. Bundan başqa uşağın saxlanılması onunla bərabər ananın da valideynlik borcudur və o, həmin borcun yerinə yetirilməsi üçün heç də əlindən gələni etməmişdir. Özü şəkərli diabet xəstəsidir. Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(060)-7955/2021 saylı qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir valideyn kimi uşaqların saxlanılmasında maddi köməklik göstərməsinə bir ata kimi borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər 16 oktyabr 2007-ci ildə ailə qurmuş, onların bu nikahdan 28.08.2008-ci il təvəllüdlü X8, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur və tərəflər arasında nikah 06 iyul 2017-ci ildə pozulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli 2(017)-649/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 13 fevral 2017-ci ildən başlayaraq 28.08.2008-ci il təvəllüdlü X8, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014-cü il təvəllüdlü X11 qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaga görə 70 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı qızına verilməsi qət edilmişdir. «Uşaq hüquqları haqqında» 20.11.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, uşaqların mənafeyini nəzərə alıb, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin ağır olması barədə gətirdiyi dəlili, iddianın rədd edilməsi üçün əsas ola bilməməsini qeyd edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 02 noyabr 2021-ci il tarixli 2(060)- 7955/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar