Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-501/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13.000 manat məbləğində əsas borcun, 650 manat məbləğində faiz borcu, vurulmuş mənəvi zərərə görə 2000 manat və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 15.680 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında işlər görülməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, onlar Xaçmaz rayonunun Xudat şəhərində yerləşən evdə 22 ədəd qapı düzəltmişlər. Cavabdeh isə onlara bunun üçün 28.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmalarına əsasən həmin məbləğin 15.000 manatını əvvəldən ödəmiş, qalan 13.000 manat məbləği isə işlər bitdikdən sonra verəcəyini demişdir. Pandemiya səbəbindən işləri bir qədər gec təhvil verməli olsalar da, işi tam şəkildə təhvil vermişlər. Buna baxmayaraq Cavabdeh pulu verməkdən boyun qaçırmışdır. O, dəfələrlə ona zəng edərək pulu istəmişdir. Cavabdeh isə əvvəlcə müxtəlif bəhanələr irəli sürmüşdür. Daha sonra isə o, onu təhqir etməyə başlamış, ondan şikayət edəcəyi təqdirdə tanışları vasitəsilə onun başına oyun açacağını demişdir. Qeyd etmişdir ki, bütün bu hallara İhsan Türkyılmaz adlı şəxs də şahid olmuşdur. Həmin şəxsin pulu verməməsi nəticəsində ona zərər dəymiş, o, çox pis vəziyyətə düşmüş, evinin və dükanının kirayələrini verə bilməmişdir.
3. Bundan sonra İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, iddia tələbində dəyişiklik edir, tələbinə açıqlama olaraq bildirir ki, cavabdehlə onun arasında qapı alış-verişi üzrə mülki münasibətlər olmuş, cavabdeh aldığı qapılara görə ona ümumilikdə 28000 manat pul ödəyəcəyini öhdəsinə götürmüş, həmin borc puldan xx.xx.2020-ci il tarixdən sonra 10.000 manat, 10-15 gün sonra 5000 manat ödəniş etmiş və nəticədə ona 13000 manat borcu qalmışdır. Həmin pulu iş tamamlananda qaytaracağını vəd versə də, dəfələrlə tələb etməsinə baxmayaraq pulu qaytarmamışdır. Hazırda o, tələbinin həcmini azaldır və cavabdehdən yalnız borclu olduğu əsas borc 13000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. xx.xx.2020-ci il tarixli Sifariş Sözləşməsindən görünür ki, Cavabdeh qapı sifarih etmiş və sifariş alan firma X8 Karakocaya 28.000 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Xaçmaz Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(067)-1848/2021 nömrəli qiyabi qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin olunması, Cavabdeh İmran oğlundan 13.000 manat məbləğində borc və 30 manat məbləğində övlət rüsumu, ümumilikdə 13030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Bundan sonra Cavabdeh qiyabi qətnamənin ləğv edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin və ona dair verilmiş müvafiq icra vərəqinin ləğv edilməsini xahiş etmişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) Xaçmaz Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(067)-1848/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, işin icraatı təzələnərək mahiyyəti üzrə baxılması üçün təyin edilməsi qərara alınmışdır.
9. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Cavabdehin iddiaçıya pul borclu olduğu sübuta yetirilmir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 119.1, 88, 217.4, 216-220-ci və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1290/2022 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh 13.000 manat məbləğində əsas borcun, 650 manat məbləğində faiz borcun, vurulmuş zərərə görə 2000 manatın və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 15.680 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi normaların tələbləri pozulmuşdur. Belə ki, cavabdehlə onun arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmasına və həmin müqavilənin əslinin məhkəməyə təqdim edilməsinə baxmayaraq, həmin müqavilə qətnamədə ümumiyyətlə qeyd edilməmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan cıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdehin 13.000 manat məbləğində pulu ona vaxtında verməməsi nəticəsində ona maddi zərər dəymiş, o, çox pis vəziyyətə düşmüş, evinin və dükanının kirayə pullarını verə bilmir. Lakin cavabdeh həmin məbləği özündə saxlayaraq ondan faydalanmışdır. Buna görə də cavabdeh ona gecikdirilmiş vaxt üçün 1300x5% =650 manat faiz ödəməlidir. Cavabdeh ona 13.000 manat məbləğində pulu vaxtında ödəmədiyinə görə əlindən 10000 manat gəlir (fayda) əldən çıxmışdır. Həmçinin cavabdeh onu söymüş, təhqir etmiş, bununla da şərəf və ləyaqətinə toxunmuş, mənəvi iztirablar keçirməyinə səbəb olmuşdur. Buna görə isə cavabdeh ona 1.000 manat mənəvi zərərə görə pul verməlidir. 1-ci instansiya məhkəməsi tərəfindən qeyd prosessual normaların tələbləri pozulmuşdur. 1-ci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh ona pul borclu olduğu sübuta yetirilmir. 1-ci instansiya məhkəməsinin çıxardığı qətnamədə nə cavabdehlə olan müqavilə, nə də şahid qismində ifadə vermiş Türkyılmaz İhsanın ifadəsi nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.
13. Cavabdeh məhkəməyə teleqram ünvanlayıb üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
16. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdırMaddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalıdır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir.
21. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında işlər görülməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (sifarişçi) otaq qapılarının düzəldilməsini sifariş etmiş, muzd olaraq 28.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin məbləğin 15.000 manatı ödənilmiş, iddiaçı tərəfindən işlər görülüb təhvil verilməsinə baxmayaraq, hazırkı vaxtadək qalan 13.000 manat məbləğ ödənilməmişdir. İddiaçı ödənilməyən 13.000 manat əsas borcun ödənilməsini tələb etmişdir.
25. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, "mülki hüquq və vəzifələr" ilə bağlı "mübahisə" yarandıqda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində şəxsin öz mülki hüquq və vəzifələri ilə bağlı məhkəməyə və ya tribunala iddia ərizəsi ilə müraciət etmək hüququ təsbit edilmişdir. Bununla, həmin maddənin bir tələbi də məhkəmələrdə mülki icraatın başlanmasına hüquq verən “məhkəməyə müraciət etmək hüququ”ndan ibarətdir. Əlavə olaraq bura həm məhkəmənin təşkili, həm də tərkibi, icraatın aparılması ilə əlaqədar 6-cı maddənin 1-ci bəndində müəyyən edilən zəmanətlər əlavə olunur. Bütün bunların hamısı ümumilikdə “ədalətli məhkəmə araşdırması” hüququnu təşkil edir (X2rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar, § 36).
27. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını hüquq normalarına istinadən qiymətləndirərək hesab edir ki, tərəflər arasında podrat müqavilələrindən irəli gələn münasibətlər yaranmışdır. Odur ki, tərəflər arasında mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» və «Podrat» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir.
28. Sadalanan qanunvericilk aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu podrat müqaviləindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca (keyfiyyətlə) icra etmədiyindən, iddiaçı ödənilməmiş pul tələbini (muzd) irəli sürməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilə bağlanması və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi işin mübahisəssiz halıdır. İşin mübahisə doğuran halı müqavilə üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlıdır.
30. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış sövdələşməyə istinad edərək onun tərəfindən öhdəliyin yerinə yetirildiyiniqapıların düzəldilərək sifarişçiyə təhvil verildiyini, bunun müqabilində ona 15.000 manat ödəniş olduğunu göstərir, qalıq 13.000 manat pulun ödənilməsini tələb edir.
31. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, ə ks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.
33. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddianın əsasını təşkil edən Sövdələşməni mübahisələndirməmiş, eləcə də məhkəməyə teleqram ünvanlayaraq iddianın qanuni və əsaslı olmadığını göstərsə də, nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı iddiaya yazılı etiraz verməmiş, etirazının əsaslandığı hallara dair heç bir sübut təqdim etməmişdir.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, sübutlara qiymət verilməməsi barədə iddiaçının dəlilləri əsaslıdır.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi ilk öncə iddiaçı ilə cavabdehin qardaşı Mahir adlı şəxs arasında işlərin görülməsi ilə bağlı şifahi sövdələşmə olmuş, daha sonra Mahir və iddiaçının razılığı ilə şifahi razılaşmanın məzmununa uyğun Mahirin qardaşı- iş üzrə Cavabdehla yazılı saziş bağlanmış, sonuncu üzərinə öhdəlik götürmüşdür.
36. Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
37. Mülki Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
38. Məhkəmə kollegiyası işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, öhdəlik kreditorun (iddiaçının) razılığı ilə üçüncü şəxsə (Cavabdeh) verildiyindən və sonuncu saziş bağlamaqla öhdəliyinin yerinə yetirilməsi üçün üzərinə öhdəlik götürdüyündən Cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət və cavabdehlik daşıyır.
39. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, apellyatorun tələbi Cavabdeh 13.000 manat məbləğində əsas borcun, 650 manat məbləğində faiz borcu, vurulmuş mənəvi zərərə görə 2000 manat və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 15.680 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması ilə bağlıdır.
40. Lakin işin hallarından göründüyü kimi iddiaçı iddia tələbinin azaldılması barədə birinci instansiya məhkəməsinə ərizə verərək 13.000 manat məbləğində əsas borcun tutulmasını xahiş etmiş, 650 manat məbləğində faiz borcu, vurulmuş mənəvi zərərə görə 2000 manat tutulması hissədə tələbini azaltmışdır.
41. Məhkəmə kollegyiası apellyatorun bu tələbini MPM-nin 372.2-ci maddəsinin göstərişlərinə uyğun hesab etmir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası verilən tələb daxilində birinci instansiya məhkəməsinin qətnaməsi üzrə apellyasiya şikayətinin dəlillərinin yoxlanılmasını qanunauyğun hesab edir.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 13.000 (on üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.