Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-502/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)1818/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)1818/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Ləğv prosesində olan QSC «xxxx» KB-nın xeyrinə xx.xx.2015-ci il tarixli, 1xx/xx/129157/15 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1119.64 (bir min yüz on doqquz manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, 395.97 (üç yüz doxsan beş manat, doxsan yeddi qəpik) manat məbləğində faiz borcu və 3 (üç) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1518,61 (bir min beş yüz on səkkiz manat, altmış bir qəpik) manat habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun tutulması qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin cərimə borcu hissəsində dəyişdirilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan QSC «xxxx» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 1xx/xx/129157/15 saylı kredit müqaviləsi üzrə 1119.64 manat məbləğində əsas borc, 395.97 manat məbləğində faiz borcu, 94.16 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1609.77 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirİş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı təşkilat apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən, cərimə borcunun qismən təmin edilməsi hissəsində əsassızdır. Bankın tələbindən göründüyü kimi cavabdeh üzrəinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, bunun nəticəsində banka 1119,64 manat əsas, 395,97 manat faiz, 94,16 manat cərimə borcu olmaqla 1609,77 manat borcu yaranmışdır. Bank cərimə borcu üzrə 94,16 manat tələb etdiyi halda məhkəmə yalnız 3 manat cərimə borcu tutmuşdur. Halbuki, kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimə borcundan ibarətdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)1818/2020 saylı qətnaməsinin cərimə (dəbbə) borcunun tutulması hissəsində dəyişdirilərəl iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apelyasiya şikayətində qətnamənin yalnız cərimə borcunun qismən təmin edilməsi hissəsində mübahisələndirmiş, qətnamənin əsas və faiz borcunun, eləcə də dövlət rüsumuna dair hissədə mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cərimə borcunun qismən təmin edilməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)1818/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/129157/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 25% faiz olmaqla 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 1119.64 manat, faiz borcu kimi 395.97 manat, cərimə borcu kimi 94.16 manat olmaqla, ümumilikdə 1609.77 manat pul öhdəliyi vardır. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən tərəflər arasında kredit müqaviləsi bağlanmasını, cavabdehin üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini, nəticədə banka borcu yaranmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 445.2.1,449,467, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin cərimə borcuna dair hissədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə iddia tələbini cərimə borcuna dair hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən əsas məbləğə görə 94,16 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış 94,16 manat cərimə pulunun yüksək olması qənaətinə gələrək cərimə borcu hissəsində də iddianı qismən təmin edərək cərimə məbləğini 3 manat müəyyən etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)1818/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)1818/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-502/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-502/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver