Məhkəmə qərarları › İş №2(105)-504/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-504/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-504/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1819/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1819/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas bocun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə xx.xx.2013-cü il tarixli, 1xx/xx/27037/13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2999,10 manat məbləğində əsas borc, 1186,29 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4190,39 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/27037/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2999,10 manat məbləğində əsas borc, 1186,29 manat məbləğində faiz borcu, 1638,97 manat məbləğində cərimə borcu, 299,04 manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 6123,40 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh ərizə ilə cəmiyyətə müraciət edərək ona 3000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Cəmiyyətlə cavabdeh arasında xx xxxxxx 2013cü il tarixdə kredit verilməsi haqqında 1xx/xx/27037/13 saylı müqavilə bağlanmış, cavabdeh tərəfindən bəyanat və zəmanət məktubu imzalanmış və həmin sənədlərə əsasən cəmiyyət tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx xxxxxx 2018-ci il tarixinə cəmiyyətə 2999,10 manat məbləğində əsas borc, 1186,29 manat məbləğində faiz borcu, 1638,97 manat məbləğində cərimə borcu, 299,04 manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 6123,40 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cəmiyyət tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən əsassız və qanunsuzdur. Belə ki, iddia tələbindən görünür ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cəmiyyətə 2999,10 manat məbləğində əsas borc, 1186,29 manat məbləğində faiz borcu, 1638,97 manat məbləğində cərimə borcu, 299,04 manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 6123,40 manat məbləğində borcu qalmışdır. İddia tələbi üzrə cərimə borcu 1638,97 manat olduğu halda, məhkəmə qətnaməsi ilə yalnız 5 manat təmin edilmiş, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə istinad edilərək tələb edilən 299,04 manat hissəni təmin etməmişdir. Halbuki kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimədən ibarətdir. Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinin tələbinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Həmin pul vəsaitlərinin qanunvericiliyin tələbinə uyğun silinməsini, qalıq borcun olub-olmamasını müəyyən etməli olduğu halda, məhkəmə tərəfindən lazımi araşdırılma aparılmamış, bununla da qeyd edilən məsələ üzrə mübahisə həll edilməmişdir. Məhkəmə kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan cərimə üzrə borcun olmasını da qeyd etməmiş və nəzərə almamışdır. Halbuki Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin cərimə (dəbbə) hissəsində və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, illik 5% hesablanmaqla faiz borcuna aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini gecikdirilmiş günlər üçün illik 5% faiz və cərimə borcuna aid hissələrdə mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 1xx/xx/27037/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” kommersiya bankının “Quba” filialı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24% ödənilməklə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, cəmiyyətlə Cavabdeh arasında bağlanmış 1xx/xx/27037/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh banka 2999,10 manat məbləğində əsas borcu, 1186,29 manat məbləğində faiz borcu, 1638,97 manat məbləğində cərimə borcu, 299,04 manat gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz məbləğ, ümumilikdə 6123,4 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 1xx/xx/27037/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən qapalı səhmdar cəmiyyəti “Bank Standard” kommersiya bankının “Quba” filialı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24% ödənilməklə 3000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirib həmin məbləği azaldaraq 5 manat müəyyən etmiş və bu zaman Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi illik 5% faiz borcuna aid hissədə iddianı təmin etməyərkən faktiki olaraq ləğvetmədə olan və bank fəaliyyəti ilə məşğul olmayan iddiaçıya dəymiş zərərin nədən ibarət olmasının, həmin məbləğlərin hansı meyarlarla hesablanmasının əsaslandırılmamasına və buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə istinad etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunu səhv təfsir etdiyinə görə qətnamə illik 5% hesablanmaqla faiz borcuna aid hissədə ləğv edilməli, Cavabdeh ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə 299,04 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, illik 5% faiz borcuna aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1819/2020 saylı qətnaməsi illik 5% hesablanmaqla faiz borcuna aid hissədə ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə illik 5% hesablanmaqla 299,04 (iki yüz doxsan doqquz manat 4 qəpik) manat faiz borcu tutulsun. Qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar