Məhkəmə qərarları › İş №2(105)-505/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-505/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-505/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Məmmədbağırova Tamilla Qeybulla qızının, Cavabdeh Kəmaləddin qızının, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qeybulla qızının Cavabdeh Kəmaləddin qızına qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-800/2020 saylı qətnaməsindən iddiaçı Məmmədbağırova Tamilla Qeybulla qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-800/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlqar Məmmədov). Qətnamədən iddiaçı Məmmədbağırova Tamilla Qeybulla qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı X4 Cavabdeh Kəmaləddin qızına qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kəmaləddin qızından 24000 (iyirmi dörd min) ABŞ dolları və 6000 (altı min) manat dəyərində əmlaka görə ziyanın ödənilməsi, onun cavabdehlikdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X9 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 24000 manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı Qeybulla qızı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında faktlar araşdırılmamış, sübutlara hüquqi qiymət verilməmiş, iddianın təmini barədə ərizə onun iştirakı olmadan qəbul edilmiş, məhkəmənin qətnaməsi məhkəmə zalında elan edilməmiş, onun xəbəri olmadan qəbul edilmişdir. Bütün bu faktların araşdırılması üçün müraciət etsə də nəticəsi olmayıb, sorğuların verilməsi ilə bağlı vəsatəti də nəinki təmin olunmayıb, əksinə qərar qəbul olunması cinayətkarların və onların himayədarlarının korrupsiya faktlarını sübut edir. Ona məxsus olan evin satılmasından məlumatı olmayıb, oğluna etibarnaməni özü verib. Ev satılan zaman oğlunun adına olub. Lakin evin içərisindəki əşyalar onun olub. Evi oğlu ilə keçmiş gəlini olan cavabdeh birlikdə satıb. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Kəmalədin qızı apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, şikayətin formal mülahizələrdən ibarətdir. Ev onunla iddiaçının oğlunun boşanmasından 3 il əvvəl satılıb. Evi keçmiş həyat yoldaşı satıb. Onun heç bir xəstəliyi də olmayıb. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Kəmalədin qızının nümayəndə və vəkili Vəkil apelıyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-800/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək iddianın sübut ediləməməsi əsası ilə iddianı təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 567, 600, 739, 385.1, 386.1, 329, 337, 354, 347-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2009-cu ildə cavabdeh onun oğlu X5 ilə ailə həyatı qurduqdan sonra yaşamaq üçün ünvan 1 ünvanında olan mənzilini cavabdehin xahişinə görə müvəqqəti istifadəsinə vermiş, aralarında olan razılığa gorə mənzil barəsində heç bir əməliyyat aparmayacaqlarına söz verdiklərinə baxmayaraq nəinki əməliyyat aparmış, əksinə 2014cü ildə oğlunun xəstəliyindən istifadə edərək və onun xəbəri olmadan mənzili 42000 ABŞ dollarına satdırıb, (bir hissəsini onlar özlərinə xərcləyiblər 24000 evdə saxlayıblar) və həmin mənzildə olan pullarla birlikdə 6000 manatlıq əmlakını da onların xəbəri olmadan götürüb aparıb, bu barədə onların ailə münasibərləri pozulduqdan sonra xəbəri olub. iddiaçı məhkəmədən Cavabdeh Kəmaləddin qızından 24000 (iyirmi dörd min) ABŞ dolları və 6000 (altı min) manat dəyərində əmlaka görə ziyanın ödənilməsi, onun cavabdehlikdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus olan, sonradan isə oğlu X3 məxsus olan mənzilin satışından əldə olunmuş 24000 ABŞ dolları məbləğində pulu və 6000 manat əmlaka görə pulu cavadbehdən tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, qeyd edilən ünvan 1 ünvanında olan mənzili cavabdehin satdırdığı qeyd edilsə də, həmin mənzil iddiaçının oğlu X2 mülkiyyətində olmuş, alqı-satqı müqaviləsi əsasında həmin mənzil xx.xx.2014-cü il tarixdə satılmışdır. Belə olan halda həmin mənzilin satışından əldə olunmuş pulun Cavabdeh qalmasını da iddiaçı sübut etməlidir. Lakin iş materiallarında belə bir sübut mövcud deyildi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” xx xxxx 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübut edəcək hər hansı mötəbər sübutu təqdim etməmişdir. Eyni zamanda iddiaçı qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də iddiasını və apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-800/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, , 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-800/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar