Məhkəmə qərarları › İş №2(105)-506/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-506/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-506/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1361/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 5191 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 432.28 manat olmaqla, cəmi 6760.40 (altı min yeddi yüz altmış manat, 40 qəpik) manat məbləğində borcun və ödənilmiş 87.61 manat məbləğində dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********2046 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün, illik 26.00% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay 353 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kreditalana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, eyni tarixli **********2046 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kreditalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kreditalan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən, Cavabdeh2 əsas borc üzrə 5191.00 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 432.28 manat olmaqla, cəmi 6760.40 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kreditverən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra, kreditalan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kreditverən məhkəmə orqanlarına müraciət edəcəkdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1361/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MM QBKT-nın xeyrinə əsas borc üzrə 5191.00 manat, faiz borcuna görə 1137.12 manat, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 6478,12 manat məbləğində borc və ödənilmiş 84,79 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, həmin kredit borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Borcalan zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 439.1, 739.2, 470.1, 472.1, 472.2, 462.1, 467-ci maddələrinə istinad edərək istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh2 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1361/2024 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə, əvvəki qrafik üzrə aylıq kredit ödənişlərinin davam etdirilməsinə hazır olduğundan əvvəlki ödənişləri nəzərə alınmaqla sözügedən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin davam etdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən kredit müqaviləsi üzrə müəyyən qədər aylıq ödənişlər etmişdir. Bunu təsdiq edən sübutlar tərəfindən iş materiallarına daxil edilsə də məhkəmə birtərəfli qaydada iddiaçının mövqeyindən çıxış edib əsassız olaraq adına yazılmış 1137.12 manat faiz borcunu qüvvədə saxlamış, cərimə borcunu isə (dəbbə pulunu) tamamilə silmək əvəzinə onu biraz aşağı salıb 150 manat məbləğində müəyyən etmişdir. Qeyd edir ki, hər bir şəxs başına gələ biləcək hansısa bir hadisədən qabaqcadan sığortalanmamışdır. Belə ki, gözlənilmədən maddi gəlirləri kəskin azaldığına görə aylıq kredit ödənişlərini vaxtında ödəməyə bir müddət çətinlik çəkmiş, lakin bu çətinlik ötüb keçmişdir. Hazırda əvvəlki qrafik üzrə hər ay 353 manat krediti ödəməyi davam etdirə bilər. Qeyd edir ki, müvafiq ekspertiza araşdırması aparılarsa asanlıqla müəyyən edilər ki, aylıq ödənişləri elə ilk aydan pozmamış, borcunun müəyyən hissəsini ödəmişdir. Əks halda xx.xx.2023-cü il tarixdə aralarında bağlanmış sözügedən kredit müqaviləsindəki problemə görə iddiaçı 2024-cü ilin sonunda deyil, elə 2023-cü ildə məhkəməyə müraciət edərdi. Birinci instansiya tərəfindən işin faktiki halları tam aydınlaşdırılmamış və qəbul edilmiş qətnamədəki nəticələr işin hallarına uyğun olmamışdır. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1361/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə icraata xitam verilməli və aylıq kredit ödənişləri üçün iddiaçı tərəfindən əvvəlki 353 manat olmaqla cədvəl qrafiki təzələnməli və aylıq kredit ödənişini davam etdirməlidir. Bundan ötəri məhkəmə qətnaməsi lazım deyildir. Odur ki, bu səbəbdən kredit müqaviləsindən kənar pul ödənişinin ona tətbiq olunması ədalətli deyildir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

11. İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********2046 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün, illik 26.00% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir.

12. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, eyni tarixli, **********2***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən, kreditorun həm əmlak mənafeləri, həm də, bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1361/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı təşkilatla Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, **********2046 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə illik 26.00% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində borc pul verilmiş, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək müəyyən edilmiş məbləği cavabdehə versə də müqavilə şərtləri borcalan tərəfindən lazımı qaydada icra edilməmiş və nəticədə borcalanın banka əsas məbləğ üzrə 5191 manat, faiz üzrə 1137.12 manat borcu yaranmışdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır.

19. Müqavilənin şərtinə görə illik 26 faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.

20. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda kreditor dəbbə pulu tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1% -i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Göründüyü kimi cərimənin tətbiq edilməsi bağlanmış müqavilə ilə müəyyənləşdirmiş və tələb olunan cərimə məbləği əsassızlığı ilə bağlı hər hansı bir dəlil irəli sürülməmişdir. Həmçinin, müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 432.28 manat cərimə məbləği tələb edlməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək olan cərimə məbləğini ağılabatan həddə azaldaraq 150 manat müəyyən etmişdir.

21. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan ödəniş cədvəlinə əsasən tələb edilən 5191 manat əsas borc məbləği 2023-cü ilin dekabr ayınadək olan əsas borc məbləği olmuşdur ki, cavabdeh tərəfindən həmin tarixdən sonra kredit müqaviləsi üzrə hər hansı bir ödəniş aparılmamış, iddiaçı da həmin tarixdən sonra məhkəməyə müraciət etdiyi vaxtadək, həmçinin müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq faiz məbləğlərini hesablayaraq cavabdehdən tələb etmişdir ki, bununla da iddiaçının hesablanmış faiz məbləğinin düzgün olmaması ilə bağlı dəlili əsssız olmuşdur.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1361/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1361/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar