Məhkəmə qərarları › İş №2(105)-507/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-507/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-507/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(067)-1347/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(067)-1347/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 11889,34 ABŞ dolları məbləğində əsas, 7404,01 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları cərimə borcunun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 25.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11889,34 ABŞ dolları məbləğində əsas, 12026,25 ABŞ dolları faiz, 14289,21 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1293,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39498,4 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15670 ABŞ dolları kredit götürmüşdür. 22.04.2015-ci il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kreditin bitmə tarixi 25.12.2018-ci il təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26.02.2021-ci ilədək Cavabdehnun banka 25 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11889,34 ABŞ dolları əsas borc, 12026,25 ABŞ dolları faiz borcu, 14289,21 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25 dekabr 2018-ci il tarixdən, 26.02.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1293,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39498,4 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Hazırki iş üzrə məhkəmə cərimə borcunu kredit borcuna tənasübünü nəzərə almadan azaltmış və formal olaraq cərimə borcu tutmaqla qanunun həmin tələbini pozmuşdur. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Lakin ekspert öz rəyində qeyd edilənləri nəzərə almamış, cərimə borcuna aparılmış silinmələri hesablamamışdır ki, bu da əsas və faiz borcunun az hesablanmasına gətirib çıxarmışdır. Məhkəmə isə bu hala diqqət yetirməmiş və iş üzrə ekspert rəyinə əsaslanmaqla səhv nəticəyə gəlmişdir. Öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki iş üzrə məhkəmə iddianın kredit müqaviləsinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış və tələb edilən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsi ilə bağlı iddianı təmin etməmiş, öz qətnaməsində həmin hissədə iddia tələbini niyə təmin etmədiyini əsaslandırmamışdır. Məhkəmə ekspert rəyinə əsaslanaraq faiz borcunu azaltmaqla, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda borcunu tutmamaqla və tənasübsüz surətdə yüksək olduğunu qeyd edərək cərimə borcunun azaltmaqla düzgün qənaətə gəlməmişdir. Belə ki, ekspert rəy verərkən Cavabdeh 25.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən faiz borcunu 7404,01 ABŞ dolları olaraq hesablamışdır. İş üzrə təkrar ekspertiza təyin edilməli və ekspert dəbbə borcuna silinmələri də nəzərə alaraq, təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirməlidir. Həm də iddiaçı tərəfin təqdim etdiyi sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edilməklə yekun nəticəyə gəlmək mümkündür. Ekspert rəyində də illik 5 faizlə hesablanmış faiz borcu təsdiq edilmişdir. Lakin məhkəmə bu hala da öz qətnaməsində qiymət verməmiş, həmin hissədə iddianı niyə təmin etmədiyini əsaslandırmamışdır. Halbuki mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işə baxan hakim iddia tələbinə tam qiymət verməli, təmin və ya rədd etdiyi hissələri aydın şəkildə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə təyin olunmuş ekspertizanın rəyinə istinad edərək əsassız və qanunsuz qətnamə qət etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla, digər sübutlarla birlikdə qiymətləndirilməlidir, yəni ekspert rəyi sübutlardan biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin əldən çıxmış fayda və cərimə borcuna aid hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə bağlanmış 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla, 15670 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 saylı kredit müqaviləsinə 22.04.2015-ci il tarixli əlavədən görünür ki, "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 25.08.2014-cü il tarixli, 22-A- 1-0-1149-14 saylı kredit müqaviləsinə dəyişiklik edilərək müqavilənin 1.6-cı bəndində göstərilmiş 36 ay sözləri 52 ay sözləri ilə əvəz edilmiş, kreditin müddəti 52 ay hesab edilmiş, müqavilənin 1.8-ci bəndində göstərilmiş 25.08.2017-ci il sözləri 25.12.2018-ci il sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 08.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 saylı kredit müqaviləsinə görə verilmiş krediti 5 gün müddətində tam ödəmədiyi təqdirdə, məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 saylı kredit müqaviləsi üzrə 26.02.2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11889,34 ABŞ dolları məbləğində əsas, 12026,25 ABŞ dolları faiz, 14289,21 ABŞ dolları cərimə və 1293,6 ABŞ dolları faiz borcu vardır. İş üzrə keçirilmiş ekspertizanın 04 oktyabr 2021-ci il tarixli, 9/5973 nömrəli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 nömrəli avtokredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq kredit müqaviləsi dövründə illik 18%-lə, müqavilə müddətindən sonra illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh 19.04.2021-ci il tarixə banka olan əsas və faiz borcu 20675,73 ABŞ dolları, o cümlədən əsas borc üzrə 11893,99 ABŞ dolları, faiz borcu üzrə 7404,01 ABŞ dolları (illik 18%), faiz borcu üzrə 1377,72 ABŞ dolları (illik 5%) müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə bağlanmış 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla, 15670 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə 22.04.2015-ci il tarixli əlavə ilə dəyişiklik edilərək müqavilənin 1.6-cı bəndində göstərilmiş 36 ay sözləri 52 ay sözləri ilə əvəz edilmiş, kreditin müddəti 52 ay hesab edilmiş, müqavilənin 1.8-ci bəndində göstərilmiş 25.08.2017-ci il sözləri 25.12.2018-ci il sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin əldən çıxmış faydaya aid hissədə gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir. İş üzrə keçirilmiş ekspertizanın 04 oktyabr 2021-ci il tarixli, 9/5973 nömrəli rəyi ilə Cavabdeh 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətindən sonra illik 5%-lə borcu 1377,72 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə cavabdehdən illik 5 faizlə 1293,6 ABŞ dolları tələb edir. Məhkəmə kollegiyası qeyd edilən halı nəzərə alaraq hesab edir ki, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müqavilə müddətindən sonra illik 5% hesablanmaqla əldən çıxmış fayda olaraq 1293,6 ABŞ dolları tutulmalıdır. Azərbaycan Respublikası 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(067)-1347/2021 saylı qətnaməsi əldən çıxmış faydaya aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əldən çıxmış fayda olaraq 1293,6 (min iki yüz doxsan üç dollar 6 sent) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulsun. Qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar