Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-509/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb olunmaqla) beh əsasında alınmış pulun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: beh, pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2750/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı, Cavabdeh, X3 və Əziz Əzizovun iştirakları ilə sadə yazılı qaydada tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, İsrafilov X1 girəcəyində oğlu Nizami İsrafilovun adına olan 0.21 ha həyətyanı torpaq sahəsi üçün beh olaraq İddiaçı 5000 ABŞ dolları almışdır. Pulun qalan hissəsi 51500 manat isə aprel ayının 5-nə kimi ödəniləcəkdir. Bundan sonra həmin 0.21 ha həyətyanı torpaq sahəsi İddiaçı adına keçiriləcəkdir.
2. İddiaçı tərəfindən Cavabdeh və X5 ünvanlanmış 21 iyun 2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh Bayram oğluna tələbin könüllü icra edilməsi təklif olunmuş, əks halda qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
3. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Xaçmaz rayon X10 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 02 avqust 2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Xaçmaz RPŞ-yə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödədiyi behin iki misli olan 10000 ABŞ dolları ekvivalentində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 xx.xx.2021-ci il tarixdə oğlu Nizami İsrafilovun adına olmaqla öz istifadəsində olan 21 sot həyətyanı torpaq sahəsini ona satmaq adı ilə ondan 5000 (beş min) ABŞ dolları beh almışdır. Həmin pulun cavabdeh tərəfindən alınması zamanı onun, Cavabdeh, İddiaçı, Nizami İsrafilovun və Əziz Əzizovun iştirakları ilə akt tərtib edərək imzalanmışdır. Cavabdeh ona bildirmişdir ki, mövcud vəziyyətdə 21 sot həyətyanı torpaq sahəsinin bütövlükdə mülkiyyət sənədi yoxdur. O, bir ay müddətinə 21 sot həyətyanı torpaq sahəsinin mülkiyyət sənədini tam hazırlamağı və notarial qaydada alqı-satqı həyata keçirməyi öhdəsinə götürmüşdür. Torpağın alqısatqısına dair qalıq 51500 (əlli bir min beş yüz) manat pulu isə 2022-ci ilin aprel ayının 5nə kimi ödəyəcəyini ona bildirmişdir. Cavabdeh ona torpağın sənədləri hazır olana qədər həmin torpaqda bünövrə ataraq tikintiyə başlaya biləcəyini demişdir. O, ərazidə müvafiq tikinti işlərinin görülməsi üçün təmizlik işləri ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixindən bu günə qədər dəfələrlə cavabdehdən torpağa dair mülkiyyət sənədlərini tələb etsə də, cavabdeh hər zaman onu müəyyən bəhanələrlə süründürür. O, artıq onun sırf dələduz olmasını hiss etmişdir. Verdiyi 5000 ABŞ dolları məbləğində pulunu cavabdehdən tələb etsə də, ondan pulu ala bilmir. Cavabdeh ona bildirmişdir ki, ya onun pulunu qaytarmalıdır, ya da torpağı notarial qaydada ona satmalıdır. Belə olan şəraitdə cavabdeh əksinə olaraq ondan bu ildə 2 dəfə Xaçmaz Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Şikayətinin motivi ondan ibarət olmuşdur ki, beh əsasında verdiyi pulu qaytarmasın. xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərək aralarında olan mübahisənin məhkəməyədək həll olunması üçün təklif versə də cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Cavabdehin məsuliyyətsiz davranışından məlum olur ki, bundan sonra torpağın alqı-satqısını həyata keçirmək mümkün olmayacaqdır. Odur ki, ödədiyi behin iki mislinin ona qaytarılması bu mübahisənin yeganə həlli yoludur.
6. Cavabdeh tərəfindən 24 sentyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuş iddia tələbinə etiraz ərizəsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ona qarşı verdiyi iddia ərizəsi ilə tanış olmuşdur, ona görə də hesab edir ki, iddia ərizəsi rədd edilməli, iddiaçı isə bilə-bilə yalan və əsassız verdiyi iddia ərizəsinə görə Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən cərimə olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində guya ki, beh verdiyi 5.000 (beş min) ABŞ dolları məbləğində pulun qalan hissəsi olan 51.500 (əlli bir min beş yüz) manat məbləğində pulu iki ay ərzində ödəməyi öhdəsinə götürməyinə baxmayaraq, cavabdeh ona torpağı satmamış və sənədləri adına rəsmiləşdirməməsi səbəbindən bir neçə dəfə cavabdehə behin qaytarılmasını xahiş etsə də, o, behi qaytarmamışdır. Lakin etiraza əlavə etdiyi Xaçmaz rayon Polis Şöbəsinin 02 avqust 2023- cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında İddiaçı verdiyi izahatından isə görünür ki, o, 60.000 (altmış min) manata razılaşmış, məbləğin 5000 (beş min) ABŞ dollarının, yəni 8500 (səkkiz min beş yüz) manat ekvivalentində pulu verdikdən sonra qalan 51500 (əlli bir min beş yüz) manat məbləğində pulu maddi çətinliyi olduğuna görə verə bilməmişdir. Belə olan halda, iddiaçının hüquq mühafizə orqanlarında izahatındakı etirafı ilə hazırkı iddia ərizəsində göstərdiyi hallar ziddiyyət təşkil etdiyindən, onun iddiası və iddiada göstərdiyi xüsusatlar əsassız və yalandır. Bu səbəbdən də iddiaçının iddia ərizəsi əsassız olduğundan onun rədd edilməsi və iddiaçının cərimə olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İddiaçı tərəfindən 21 oktyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuş iddia tələbinə dəqiqləşdirmə ərizəsinin məzmunundan müəyyən olunur ki, məhkəmə iclasında cavabdeh iddiaya etiraz təqdim etmişdir. Həmin etirazda ona qarşı bildirmişdir ki, guya yalan və əsassız iddia verdiyinə görə cərimə olunmalıdır. Halbuki Mülki-Prosessual Məcəllənin istinad olunan maddəsi kiminsə cərimələnməsini nəzərdə tutmur. Bundan başqa, inkar edilməyən həqiqət budur ki, tərəflər arasında hüquqi mübahisə mövcuddur. Bu mübahisənin məhkəmədənkənar həlli üçün iddia tərəfi olaraq öz səylərini göstərsə də qarşı tərəfin qərəzli münasibəti problemin həllinə mane olmuşdur. Odur ki, başqa çıxış yolu olmadığından məhkəməyə müraciət etmişdir. Beləliklə, hər hansı vicdansızcasına əsassız iddiadan söhbət gedə bilməz. Cavabdeh Xaçmaz Rayon Polis Şöbəsinin müvafiq qərarına istinad edərək onun ziddiyyətli fikirlər bildirdiyini qeyd etmişdir. Ona qarşı əsassız iddia qaldırmaqda onu günahlandırsa da, əslində özü hüquq-mühafizə orqanına əsassız şikayət vermişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da bunu təsdiq edir. Polisdə verdiyi izahata gəldikdə isə cavabdeh tərəf faktları manipulyasiya edərək izahatında qeyd etdiyi torpaq sahəsinin sənədinin olmaması faktını gizlətmişdir. Sahibkar kimi fəaliyyət göstərdiyindən tələb olunan maddi vəsaiti toplamaq onun üçün çətin deyildir. Yəni torpaq sahəsinin zəruri sənədləri olsaydı, onun lazım olan pulu toplamağı problem olmazdı. Odur ki, aralarında alqı-satqı prosedurunun başa çatmamasının əsas səbəbi məhz cavabdeh tərəfin öhdəliklərini yerinə yetirməməsidir. Cavabdehin həqiqi faktları “Məlikməmməd nağılı" adlandırması və məhkəmədən onun cərimə olunmağımı istəməsi aralarındakı mübahisəni həll etmək əvəzinə onu daha da böyütməyə yönələn hərəkətləri olmaqla qərəzli münasibətin göstəricisidir. Cavabdehə sual olunmalıdır ki, məgər torpaq sahəsinə dair bütün sənədləri hazır edib təqdim etmişdir ki, o, da öz öhdəliyini yerinə yetirərək qabaqcadan razılaşdırılmış məbləği ona ödəməmişdir? Cavabdeh torpaq sahəsini yüksək qiymətə satmaq üçün özünə başqa müştərilər axtarır. O, onun kimi başqa şəxsləri də aldadaraq onların pulunu mənimsəməyə çalışmışdır. Belə ki, cavabdeh Palçıq-oba bələdiyyəsinin sədri Musayib Aslanova da torpaq sahəsini satacağını vəd edərək ondan xeyli miqdarda pul almış, lakin sonradan fikrini dəyişərək sonuncudan vəd edilmiş satış qiymətindən daha yüksək məbləğ tələb etmişdir. Musayib Aslanov çətinliklə də olsa beh qismində ödədiyi pulu geri almışdır.
8. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə cavabdeh oğlu Nizami İsrafilovun adına olmaqla öz istifadəsində olan 21 sot həyətyanı torpaq sahəsini ona satmaq adı ilə ondan 5000 ABŞ dolları beh almışdır. Behi cavabdehin öz evində verib razılıq əldə etmişlər. Həmin pulu cavabdehin alması barədə onun özünün, cavabdehin, Nizami İsrafilovun və Əziz Əzizovun iştirakı ilə akt tərtib edilmişdir. Cavabdeh ona bildirmişdir ki, 21 sot torpaq sahəsinin mülkiyyət sənədi yoxdur və bir ay müddətinə mülkiyyət sənədini hazırlamağı və notarial qaydada alqı-satqı həyata keçirməyi öhdəsinə götürmüş, o, da qalan 51500 manat pulu 2022-ci ilin aprel ayının 5-nə kimi ödəyəcəyini bildirmişdir. Torpaq sahəsinin sənədlərinin hazırlanması cavabdeh tərəfindən həll olunmalı idi. Cavabdeh ona torpaq sənədləri hazır olana qədər tikintiyə başlaya biləcəyini demişdir. O, tikinti işlərinin görülməsi üçün təmizlik işləri ilə məşğul olmuşdur. Tikintiyə başlamaq istəyəndə məlum olmuşdur ki, torpaq sahəsinin sənədləri hazırlanmır. Sənədsiz tikintiyə başlamaq istəmədiyinə görə, cavabdehə beh kimi verdiyi 5000 ABŞ dollar puldan 3000 manatını geri almış, həmin pulun üzərinə 1400 manat da əlavə pul qoyaraq, cəmi 4400 manat pulu torpaq sahəsinə sənəd almaq üçün bələdiyyə sədri işləyən Museyibə vermişdir. Beləliklə, 8500 manat puldan 3000 manatını geri almışdır. İtirdiyi məbləğ 9900 manat olmuşdur. Bu günə qədər cavabdehdən mülkiyyət sənədlərini tələb etsə də, cavabdeh onu bəhanələrlə süründürür. Hazırda torpaq sahəsinin sənədi vardır və həmin sənədlər cavabdehdədir. Verdiyi 5000 ABŞ dolları pulu cavabdehdən ala bilmir. Şərtin pozulması torpağın sənədi hazırlanmadığına görə olmuşdur. O, torpaq sahəsini zavod tikmək üçün almaq istəmiş və həmin ərazidəki ağacları çıxarmışdır. 10 sot torpaq sahəsi cavabdehin olsa da, qalan torpaq sahəsinin sənədi olmadığına görə, o, sənədi olan 10 sot torpağı da almamışdır. Cavabdeh beh olaraq verdiyi pulu ona qaytarmamaq üçün barəsində bu il 2 dəfə Xaçmaz rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Xaçmaz rayon Polis Şöbəsində verdiyi izahatında hazırda pul verə bilmədiyini bildirsə də, bu onun pulu olmaması anlamına gəlmir. O, izahatında torpaq sahəsini almaq üçün həmin vaxt pulu olmadığı üçün 5000 ABŞ dolları məbləğində beh verdiyini bildirmişdir. Cavabdeh torpaq sahəsini ona 60000 manata satmağa razılaşsa da, başqa bir şəxsə həmin torpaq sahəsini 65000 manata təklif etmişdir. Hazırda cavabdehə ödədiyi behin 2 misli olan 10000 ABŞ dolları pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, sənəd olmadığı halda beh müqaviləsi bağlanıla bilməzdi. Torpaq sahəsinin sənədini cavabdeh hazırlamalı idi. 2022-ci ilin aprel ayında tərəflər arasında beh müqaviləsi bağlanılıb. 2022-ci ilin avqust ayına qədər sənədləri hazırlamayıblar. Aprel ayında iddiaçı cavabdehə müraciət etmiş, həmin vaxt sənəd hazır olmadığına görə cavabdehdən 3500 manat pulu geri götürmüşdür ki, torpağın sənədlərini özü hazırlasın. Torpaq sahəsinin sənədi 2023-cü ilin fevral ayında hazır olmuşdur. Sənəd hazırlanandan sonra cavabdeh həmin torpaq sahəsini 2024-cü ildə başqa şəxsə satmışdır. O, notariat idarəsinə sorğu vermiş və məlum olmuşdur ki, həmin torpaq sahəsinin başqa şəxsə satılması barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də beh müqaviləsi razılaşması cavabdeh tərəfindən pozulmuş, cavabdeh özü üzərinə düşən öhdəlikdən yayınmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, əməliyyat olunmalı olduğuna görə torpaq sahəsini satmaq niyyətində olmuşdur və iddiaçı ilə öz arasında razılaşaraq ondan 5000 dollar beh almış, səhəri gün iddiaçı onun bağındakı ağacları çıxardaraq yeri şumlamışdır. Lakin sonradan iddiaçı torpaq sahəsinin sənədlərini hazırlamaq üçün ondan 3000 manat pulu geri almış və demişdir ki, bələdiyyə tanışı olduğu üçün sənədləri onlar hazırlayacaqlar. İddiaçı torpaq sahəsinin pulunu verməmək üçün bələdiyyənin əli ilə torpağı qardaşının adına keçirmək istəmiş, saxta sənədlə DƏDRX-nə müraciət etmişdir, bu barədə imtina məktubu da vardır, həmin məktubu məhkəməyə təqdim etmişdir. 2023-cü ilin fevral ayında 10 sot torpaq sahəsi üçün sənəd almışdır və sənədlərin hazır olduğunu iddiaçıya bildirmişdir. İddiaçı başqa yerdən torpaq sahəsi almışdır. O, hazırda torpaq sahəsini heç kimə satmamışdır. Torpaq sahəsini satmaq istəyir, amma iddiaçıya satmaq istəmir.
11. Məhkəmə iclasında iş üzrə Cavabdeh vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, tərəflər arasında bağlanmış beh müqaviləsində iddiaçı aprel ayında pul verəcəyini bildirmişdir. Bunu verə bilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Aprel ayında iddiaçının pulu olmamışdır. Ona görə də torpaq sahəsini o, ala bilməmişdir Cavabdehin sənədləşdirməni aparmaq barədə üzərinə öhdəlik götürməsini iddiaçı sübut etməlidir. Cavabdeh sənədləri düzəltmək öhdəliyini öz üzərinə götürməmişdir. İddiaçı etiraf edir ki, 10 sot torpaq sahəsinin sənədinin hazır olmasını bilir, məlumatı var. 21 sot torpaq sahəsindən 10 sot torpaq sahəsinin çıxarışı olmuşdur. Tərəflər arasında bağlanan müqavilə beh müqaviləsi deyil, avans almaqdır. Həmin müqaviləni beh müqaviləsi hesab etmək olmaz. İddiaçı izahatında da bildirmişdir ki, 51000 manat pulun hamısını ödəyə bilmir. İddiaçı 5000 dollar cavabdehə vermiş, 3500 manat pulu sənəd düzəltmək üçün geri götürmüşdür. İddiaçının polis Şöbəsində verdiyi izahatından da görünür ki, o, torpaq sahəsini almamasını maddi vəziyyəti ilə əlaqələndirmişdir. Cavabdeh öz mülkiyyətində olmayan sənəd üçün beh ala bilməzdi. Qeyd olunanlar nəzərə alınaraq, həmçinin iddia müddəti tətbiq olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2750/2024 nömrəli qətnaməsi ilə Cavabdeh 5000 (beş min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Nərmin Abiyeva).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 427, 425.1, 439.4, 442, 445.2, 445.3, 448.1, 491.1, 491.2, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 119.4, 217.2 və 217.4-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-ci il tarixli, 2(067)-2750/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini barədə xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-ci il tarixli, 2(067)-2750/2024 nömrəli qətnaməsinə əsasən iddiaçının iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, aparılmış geniş məhkəmə prosesi zamanı iddiaçının iddiasının əsassız olması tam sübuta yetirilmişdir. Belə ki, tərəflər arasında bağlanmış yazılı müqaviləyə nəzər yetirilsə həmin müqavilədə cavabdeh oğluna məxsus torpaq sahəsini aprel ayında 51500 manat veriləcəyi halda iddiaçının adına keçirəcəyi öhdəliyini götürmüş, iddiaçı isə aprel ayında 51500 manatı cavabdehə verəcəyi öhdəliyini götürmüşdür. Lakin iddiaçı aprel ayında öhdəlik götürdüyü 51500 manatı cavabdehə vermədiyi üçün cavabdehdə torpaq sahəsinin ona satmamışdır. Həmçinin həmin torpaq sahəsində meyvə ağaclarını məhv edən iddiaçı barəsində cavabdeh Xaçmaz rayon polis şöbəsinə müraciət etmiş, həmin müraciət araşdırılan zaman iddiaçı üzü izahat verərək bildirmişdir ki, imkanı olmadığı üçün öhdəliyini yerinə yetirə bilməmişdir. Göründüyü kimi hazırki iş üzrə iddiaçı götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün tərəflər arasında olan münasibətlər müsbət nəticələnməmişdir. Xaçmaz rayon məhkəməsinin gəldiyi qənaətə əsasən tərəflər arasındakı münasibətlərin əsassız varlanma ilə bağlı olduğu göstərilmişdir. Hansı ki, əsassız varlanmada iddia müddəti mülki məcəllənin tələblərinə əsasən iki il müəyyən edilmişdir. Yəni göründüyü kimi iddiaçı iddia vermə müddətini də ötürmüşdür. İddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müraciət ünvanlansa da məhkəmə müddətlə bağlı ərizəyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Bundan başqa, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyayaqarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. İşin aşağıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, Xaçmaz rayon Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia ərizəsinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
16. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
17. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutları düzgün araşdırmamışdır
18. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin iddianın tam araşdırılması üçün sübutlar düzgün tədqiq edilməmişdir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
19. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
20. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə təqdim edilmiş sübutları düzgün tədqiq etməmiş, formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının Xaçmaz rayon polis şöbəsində verdiyi izahat nəzərə alınmamış, hansı ki, həmin izahatda iddiaçı müqavilə öhdəliyini maddi imkanı olmadığı üçün özü pozduğunu etiraf etmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsində sübutlara düzgün qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
23. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
26. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
27. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
30. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
31. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (xx.xx.2022-i il tarixədək olan redaksiya)
32. Maddə 492. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
38. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Apellyasiya şikayətindən görünür ki Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2750/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
43. Bu səbəbdən kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
45. Kollegiya əvvəla qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri və mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir.
46. Baxılan işin hallarına görə İddiaçı ilə Cavabdeh, üçüncü şəxs X3 və Əziz Əzizovun iştirakları ilə sadə yazılı qaydada tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, İsrafilov X1 girəcəyində oğlu Nizami İsrafilovun adına olan 0.21 ha həyətyanı torpaq sahəsi üçün beh olaraq İddiaçı 5000 ABŞ dolları almışdır. Pulun qalan hissəsi 51500 manat isə aprel ayının 5-nə kimi ödəniləcəkdir. Bundan sonra həmin 0.21 ha həyətyanı torpaq sahəsi İddiaçı adına keçiriləcəkdir. Beh kimi verilən pulu geri qaytarılmayan iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
47. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni əsassız varlanmadan və beh müqaviləsindən irəli gələn mübahisə kimi qiymətləndirmiş, əsassız varlanma və beh müqaviləsinə dair Mülki Məcəllənin müvafiq normalarına istinad edərək iddianı qismən təmin etmişdir.
48. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, tərəflər arasında bağlanmış yazılı müqaviləyə nəzər yetirilsə həmin müqavilədə cavabdeh oğluna məxsus torpaq sahəsini aprel ayında 51500 manat veriləcəyi halda iddiaçının adına keçirəcəyi öhdəliyini götürmüş, iddiaçı isə aprel ayında 51500 manatı cavabdehə verəcəyi öhdəliyini götürmüşdür. Lakin iddiaçı aprel ayında öhdəlik götürdüyü 51500 manatı cavabdehə vermədiyi üçün cavabdehdə torpaq sahəsinin ona satmamışdır. Həmçinin həmin torpaq sahəsində meyvə ağaclarını məhv edən iddiaçı barəsində cavabdeh Xaçmaz rayon polis şöbəsinə müraciət etmiş, həmin müraciət araşdırılan zaman iddiaçı özü izahat verərək bildirmişdir ki, imkanı olmadığı üçün öhdəliyini yerinə yetirə bilməmişdir. Göründüyü kimi hazırki iş üzrə iddiaçı götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün tərəflər arasında olan münasibətlər müsbət nəticələnməmişdir. Xaçmaz rayon məhkəməsinin gəldiyi qənaətə əsasən tərəflər arasındakı münasibətlərin əsassız varlanma ilə bağlı olduğu göstərilmişdir. Hansı ki, əsassız varlanmada iddia müddəti mülki məcəllənin tələblərinə əsasən iki il müəyyən edilmişdir. Yəni göründüyü kimi iddiaçı iddia vermə müddətini də ötürmüşdür.
49. Məhkəmə kollegiyası əvvəla tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verməyi zəruri hesab edir. Belə ki, 29 oktyabr 2021-ci il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh oğlu Nizami İsrafilova adına olan 0.21 ha torpaq sahəsi üçün beh olaraq İddiaçı 5000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində cəlb olunmuş Nizami İsrafilov atası tərəfindən beh kimi götürülmüş pul vəsaitinin gələcəkdə ona məxsus torpaq sahəsinin satılması üçün alınmasını, atası tərəfindən edilən hərəkətlərini bəyəndiyini, etirazının olmamasını bildirmişdir. Kollegiya vurğulayır ki, 29 oktyabr 2021-ci il tarixli akt (beh müqaviləsi) həmçinin Nizami İsrafilov tərəfindən də imzalanmışdır. Digər tərəfdən, tərəflərin verdiyi izahatlarından müəyyən olunur ki, beh müqaviləsi bağlanan zaman 0,1 ha torpaq sahəsi dövlət qeydiyyatından keçsə də, digər 0,1 ha torpaq sahəsi dövlət qeydiyyatından keçməmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayonu, Nərəcan kəndində 0,1 ha torpaq sahəsi yalnız xx.xx.2023-cü il tarixində Nizami İsrafilovun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehə həmin torpağı qeydiyyatdan keçirilməsi üçün 2022-ci ilin aprelin 5-nə qədər vaxt verilmiş, sonradan göstərilən tarixədək cavabdeh torpağı qeydiyyatdan keçirə bilmədiyindən, o, 5000 ABŞ dollarından (8500 manatdan) 3500 manatı iddiaçıya qaytarmışdır. Məhz bu səbəbdən, pulun qalan hissəsi 51500 manat isə aprel ayının 5-nə kimi ödənilməmişdir. Çünki, ümumiyyətlə razılaşdırılmış torpağın bir hissəsi dövlət qeydiyyatından keçmədiyindən, alğı-satqı müqaviləsinin bağlanmasından söhbət gedə bilməzdi.
50. Digər tərəfdən, iş materiallarından (iş vər.104) görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Hamlet Həsənovdan 70000 manat məbləğındə pul vəsaiti müqabilində alğı-satqı yolu ilə daşınmaz əmlak əldə etmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyatorun həmin dövrdə İddiaçı maddi imkanının olmaması və məhz bu səbəbdən alğı-satqı müqaviləsinin bağlanmasının baş tutmaması barədə dəlillərini əsassız hesab edir.
51. Kollegiya həmçinin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlər beh müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirildiyindən, əsassız varlanmaya dair idddia müddəti həmin mübahisənin həllində tədbiq oluna bilməz.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
53. Həmin Məcəllənin 491.2-ci maddəsinin xx.xx.2022-i il tarixədək olan redaksiyasına uyğun olaraq, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
54. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
55. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisənin əsassız varlanmadan irəli gəlməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış olmuşdur.
57. Hazırki iş üzrə isə 29 oktyabr 2021-ci il tarixli akt beh müqaviləsi kimi qiymətləndirildiyindən kolllegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilən hal isə qətnamənin ləğvi üçün əsasdır.
58. Beləliklə, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyyən edilərək iddia həll edilməlidir.
59. Belə olan halda tərəflər arasındakı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin beh müqaviləsinə dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.
60. Mülki Məcəllənin 492-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
61. Kollegiya hesab edir ki, iddiaçı apellyasiya şikayəti vermədiyindən, hazırki iş üzrə yalnız cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən, işə apellyasiya baxışının hədlərində baxılmalıdır.
62. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2750/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2750/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.