Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-51/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı2, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və onun tərəfindən inşa edilmiş hasarın öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)-252/2019 saylı 11 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və onun tərəfindən inşa edilmiş hasarın öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 1857 və B-1857 nömrəli bağ torpaq sahələrinə giriş-çıxışa Sumqayıt şəhəri, Corat bağları ərazisi 1858 nömrəli bağ torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılaraq, Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi qət edilmişdir Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və onun tərəfindən inşa edilmiş hasarın öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 1857 və B-1857 nömrəli bağ torpaq sahələrinə giriş-çıxışa Sumqayıt şəhəri, Corat bağları ərazisi 1858 nömrəli bağ torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar müvafiq olaraq Sumqayıt şəhəri, Corat bağları ərazisi 1857 və B-1857 nömrəli bağ torpaq sahəsinin mülkiyyətçiləridirlər. Onlar mülkiyyətlərində olan bağ sahələrinin qonşu bağ sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən onların mülkiyyətində olan bağ sahələrindən istifadə etmələrinə uzun müddətdir ki, maneələr törədir. Belə ki, qeyd edilən bağ sahələrinin arasında olan yol kimi istifadə edilən torpaq sahəsi qonşu 1858 nömrəli bağ sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə qonşu bağın sahibinə qanunsuz hərəkətlərinə son qoymasına, yoldan istifadə etmələrinə maneələrin aradan qaldırılması tələbi ilə müraciət etsələr də, bu heç bir nəticə verməmişdir. Belə ki, qonşu bağın sahibi həmin yolu bağlayaraq bağ sahələrinə girişi qeyri-mümkün etmişdir. Mülkiyyətlərində olan bağ sahəsi üç tərəfdən qonşu bağ sahələri ilə bilavasitə əhatələnmişdir və yuxarıda qeyd edilən yol bağ sahəsinə həm sənəd üzrə, həm də faktiki olaraq yeganə giriş-çıxış yoludur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni ətraflı araşdırmamış və nəticədə düzgün qiymət verməmişdir. Maddi hüquq normaları kobud surətdə pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 152.1., 157.4., Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilərək iddia tələbi təmin edilmiş, cavabdeh həmin nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bununla əlaqədar birinci instansiya məhkəməsi gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektin nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/252 saylı, 13 iyul 2020-ci il tarixli ekspert rəyi ilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 01 iyul 2020-ci il tarixli 64 saylı mütəxəssis rəyinə əsasən RX seriyalı 046282 nömrəli çıxarışla İddiaçı2 adına qeydiyyatdan keçmiş Sumqayıt şəhəri, Corat bağları ərazisi, B1857 nömrəl torpaq sahəsinin naturada koordinatlarının torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar daxilində yerləşdiyi və həmin koordinatların naturada üst-üstə düşdüyü müəyyən olunmuşdur. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 01 iyul 2020-ci il tarixli 64 saylı mütəxəssis rəyinə əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı1 Elyas qızının adına qeydiyyatdan keçmiş Sumqayıt şəhəri, Corat bağları ərazisi, 1857 nömrəl torpaq sahəsinin naturada koordinatlarının torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar daxilində yerləşdiyi və həmin koordinatların naturada üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1264 saylı, 04 may 2021-ci il tarixli ekspert rəyi ilə "xxxx" MMC-nin 03 noyabr 2020-ci il tarixli 05 № mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi 1857 və B-1857 nömrəli bağ torpaq sahələri ilə Cavabdeh bağ sahəsi arasında ərazinin bağ torpaq sahələrinin bölgü sxeminə əsasən yol nəzərdə tutulmamışdır. Mütəxəssis rəyinə əsasən mübahisələndirilən ərazi üzrə əvvəllər Cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən satılmış 333 kv.metr torpaq sahəsidir ki, sonradan həmin torpaq sahəsinin satılması barədə Sumqayıt bələdiyyəsinin qərarı aidiyyəti məhkəmə orqanı tərəfindən ləğv edilmişdir. Mübahisəli ərazidə daş hasar mövcuddur və faktiki olaraq Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü bəndləri). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edildiyi öz təsdiqini tapdığından, iddiaçılar öz mülkiyyətlərindən sərbəst şəkildə istifadə edə bilmir və bu da onların mülkiyyət hüquqlarının mədudlaşdırılmasını qaçılmaz etdiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyindən hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-51/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-51/2021
13.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver