Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-51/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh3 hüquqi varisi Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 02.12.2017-ci il tarixli, M-2591 №-li mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 41000 manat pulun alınaraq Cavabdeh3 verilməsi, iddia tələbinin İddiaçı mübahisə predmeti olan evə mülkiyyət hüququnun tanınması hissəsində rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ilə "xxxx" MMC-nin arasında bağlanmış M-2591 nömrəli, 02.12.2017-ci il tarixli mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun həmin mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir . APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 hüquqi varisi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd olunan tələb mövcud reallığı özündə əks etdirməyərək və qanunvericiliklə təmin norması olmayan tələbdir. Lakin buna baxmayaraq hakim işə iddiaçı tərəfin mənafeyinə uyğun şəkildə baxaraq, işdə iştirak edən digər cavabdehlərin də hüquqi savadının olmamasından istifadə edərək Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan, maddi və prosessual normaların tələblərinin kobud pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev, prospekti, "xxxx" MMC yaşayış massivinin 1 saylı küçəsində yerləşən, 2 saylı, 4 mərtəbəli yaşayış binasında 13 saylı mənzil üçün X11 41.000 manat pul ödəmiş, işin halları ilə bu bir daha sübut olunur və 02.12.2017-ci il tarixdən anası və bacısı X7 ilə birlikdə həmin mənzildə yaşayırlar. Cavabdeh2 satmazdan əvvəl mənzil kirayə verildiyindən və kirayəçi isə mənzili pis vəziyyətə saldığından, təmir işləri üçün 2700 manat xərc çəkmişlər. Bundan əlavə Cavabdeh3 qeyd olan mənzili aldığı vaxt ilə hazırki dövdə real bazar qiymətləri də eyni deyildir, təxminən mənzilin ümumi dəyəri nəzərə alınarsa 10000 manatlıq fərq vardır və məhkəmə iddiaçının mənafeyinə uyğun qətnamə qəbul edərək bu hallara qiymət verməmişdir. Bundan əlavə iş üzrə iddiaçı vermiş olduğu iddia ərizəsində və izahatında gömtərmişdir ki, öz ailəsi ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən özbaşına tikilidə kirayədə yaşamışlar, nikah dövründə, 21 iyun 2012-ci il tarixdə əri X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev, prospekti, AAAF-İnşaat MMC yaşayış massivinin 1 saylı küçəsində yerləşən, 2 saylı, 4 mərtəbəli yaşayış binasında 13 saylı mənzili kredit şərtləri ilə almış, 30.12.2014-cü il tarixdə tam olaraq məbləği ödəmişlər və həmin mənzili kirayə verərək əldə etdikləri puldan Binə qəsəbəsində kirayədə yaşadıqları mənzilin kirayə pulunu ödəmişlər. Göründüyü kimi İddiaçı qeyd olunan mənzilin 02.12.2017-ci il tarixdə Cavabdeh3 satılmasından 05 may 2019-cu il tarixdə məlumatının olması məntiqi cəhətdən düzgün deyildir. Belə ki, 02.12.2017-ci il tarixdə qeyd olunan mənzilin Cavabdeh3 satılmasından, məhz əri X16 ilə ailə münasibətlərinin kəskinləşməsi və X9 onunla birgə yaşadığı mənzildən çıxıb getməsi, yəni 05 may 2019-cu il tarixində baş verməsi işin mübahisə olunan tərəfidir və bilərəkdən iddia müddətinin bərpası məqsədilə deyilən bir tarixdir. İddiaçı əri X16 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, "xxxx" MMC yaşayış massivinin 1 saylı küçəsində yerləşən, 2 saylı, 4 mərtəbəli yaşayış binasında 13 saylı mənzilin 02.12.2017-ci il tarixdə Cavabdeh3 satılmasından, əri X16 ilə birgə yaşadıqları və qeyd olunan mənzildən aldıqları kirayə pulu ilə yaşadıqları mənzilin kirayə haqqını vermələri (ən azından kirayə pulu artıq alınmadığı və yaşadıqları mənzilin kirayə pulunun verilməsi zəruri olduğundan) baxımından məlumatı olmalı idi və bu səbəbdəndə iddia müddətinin axımı 02.12.2017-ci il tarixdən hesablanmalıdır. Mülki Qanunvericiliyin tələblərinə görə əqdin etibarsızlığı ilə bağlı iddia müddəti bir il olduğunundan iddia müddəti hazırki iş üzrə iddia müddəti keçmişdir və məhkəmə cavabdehin hüquqi savadsızlığından istifadə etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmənin əsaslandığı norma notariat qaydasında təsdiq edilən və qeydiyata alman əqdin bağlanmasını nəzərdə tutduğu halda "xxxx" MMC ilə Cavabdeh3 arasında mübahisə edilən mənzilə dair notarial qaydada müqavilə imzalanmamış bu səbəbdən Sumqayıt şəhər 4 saylı notariat konturunun sorğuya cavab məktubunu, yəni 01.02.2017-ci il tarixdə vətəndaş İddiaçı notariat hərəkətlərinin aparılmaması əsasi ilə müqavilənin etibarsiz hesab edilməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. X9 mübahisə edilən mənzildə pay hüququ, sahiblik və istifadə hüququ olmuşdur ki, bunun da özgəninkiləşdirilməsi üçün arvadın mütləq razılığının alınması ilə bağlı norma yoxdur. Həmçinin bu hal müqavilənin mübahisələndirliməsi üçün əsas ola bilər, müqavilənin etibarsız hesab edilməsi üçün deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 öldüyündən onun oğlu Nümayəndə1 hüquqi varisi kimi tanınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 hüquqi varisi Nümayəndə1 izahatında göstərdi ki, mübahisəli evi 5 il əvvəl alıblar, həmin vaxt evin qiyməti 41000 manat olub, hazırda isə 55000 manatdır. İddiaçı tərəf həmin evə uyğun bir ev alıb verərsə həmin evin iddiaçıya qaytara bilər. Evin onlara satılmasında onun günahı yoxdur, həmin evin başqa şəxsə satılmasını da müəyyən edə bilməzdi. Pulunu verib mənzili alıb. Burda vicdanlı alıcıdır. Mənzilə görə 41000 manatı Cavabdeh2 veriblər. Özü ezamiyyətdə olduğu üçün sənədləşmə anası Cavabdeh3 adına olub. Bundan başqa bildirdi ki, iddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsi artıq mövcud deyildir. Belə ki, mərhum anasının adına olan müqavilə ləğv edilərək, artıq onunla yeni müqavilə bağlanmışdır. Odur ki, qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmi edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, tərəflər arasında aparılmış əməliyyatlar təşkilat tərəfindən rəsmiləşdirilmişdir. Cavabdeh2 təqdim etdiyi İddiaçı tərəfindən notarial qaydada verilmiş ərizəni əsaslı hesab edərək müqaviləni rəsmiləşdirmişlər. Bu məsələdə təmsil etdiyi təşkilatın zərrə qədər də olsa marağı olmamışdır. Təşkilat tərəflər arasındakı razılaşmanın sənədləşmə işlərini aparmışdır. Tərəflərin birinin digərindən aldığı puldan təşkilatın kassasına pul daxil olmamışdır. Müqavilə rəsmiləşdirilərkən müqavilədə mənzilin dəyərinin 26862 manat göstərilməsi onunla əlaqədardır ki, alıcının adı dəyişilərkən ilkin müqavilə bağlanarkən olan dəyər göstərilmişdir. Çünki həmin məbləğin vergisini artıq dövlətə ödəmişlər. Yeni məbləğ daxil ola bilməzdi. Daha sonra qeyd etdi ki, iddiaçının mübahisələndirdiyi müqavilə artıq möcud deyildir. Həmin mənzilə dair cavabdehin oğlu Nümayəndə1 adına alğı-satqı müqaviləsi bağlanmşdır. Ona görə də mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Cavabdeh2 ilə 24 avqust 2004-cü il tarixdə nikah münasibətlərinə daxil olmuş, birgə nikahlarından 02.04.2007-ci il təvəllüdlü Mirbağır və 22.01.2010-cu il təvəllüdlü Ramal doğulmuşdur. Hazırda öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən özbaşına tikilidə kirayə yaşayır, nikah dövründə yaşayış sahəsinin yaxşılaşdırılması məqsədi ilə əri Cavabdeh2 21 iyun 2012-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, "xxxx" MMC yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş, 2 saylı, 4 mərtəbəli yaşayış binasında 13 saylı mənzili kredit şərtləri ilə almış, sonradan mənzilin ödənişlərini nəğd şəkildə həyata keçirmiş və 30.12.2014-cü il tarixdə mənzilin pay dəyərini tam ödəmişlər. Bundan sonra həyat yoldaşının hərbi xidməti dövrü başa çatdıqdan sonra Mərdəkan qəsəbəsində hərbi liseydə işə daxil olmuş, bununla əlaqədar olaraq fərdi yaşayış evində kirayədə qalmağa məcbur olmuşlar. Eyni zamanda Xırdalanda olan evi kirayəyə vermişlər ki, yaşadıqları evin aylıq kirayə haqqını ödəyə bilsinlər. 05 may 2019-cu il tarixdə təkidlə tələb etmişdir ki, gedib bir yerdə Xırdalanda olan evə baş çəksinlər. Həyat yoldaşı məcburiyyət qarşısında qalıb evi satdığını etiraf etmişdir. Razılığı olmadan ərinin evi satması, onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmə məcburiyyətində qoymuşdur. Bununla əlaqədar olaraq Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində, "xxxx" MMC-nin yaşayış massivində 1 saylı küçəsində inşa edilmiş, 2 saylı, 4 mərtəbəli yaşayış binasında 13 saylı mənzilin satılması ilə əlaqədar aidiyyəti sənədlərin surətləri (alğı-satqı müqaviləsi, razılıq ərizəsi, maliyyə arayışı) tələb olunmuş, həmin sənədlər təqdim olunmuş və həmin sənədlərlə tanış olduğu zaman birgə nikah dövründə əldə edilmiş həmin əmlak "xxxx" MMC-nin M-2591 nömrəli, 02.12.2017-ci il tarixli mənzilin alğı-satqı müqaviləsi ilə fiziki şəxs Cavabdeh3 1 kv. metri 555 manat məbləğində olmaqla ümumilikdə 26862 manat dəyərində satılması və həmin mənzilin satılması üçün Sumqayıt səhəri, 6 saylı notariat kontoru tərəfindən tərtib edilmiş, 7E-4617 nömrə ilə qeydə alınmış, 01.12.2017-ci il tarixli ərizədə «imza qrafasında» olan imzanın ona məxsus olmadığı, onun adından və imzanın saxtalasdırılaraq icra olunması aşkar olunmuşdur. Hesab edir ki, imzanın saxtalaşdırılması ilə tərtib edilmiş razılıq ərizəsi əsasında fiziki şəxs Cavabdeh3 ilə "xxxx" MMC-nin arasında M-2591 nömrəli, 02.12.2017-ci il tarixli mənzilin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu fakt araşdırılaraq cinayət hüququ çərçivəsində hüquqi qiymət verilməsi məqsədi ilə aidiyyəti prokurora xəbər verilməlidir. Hətta evin satılmasına dair notarial razılıq ərizəsində əlaqə nömrəsi olaraq göstərilən nömrə də ona məxsus deyildir. Həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə kirayədə qalırdı. Kirayənin pulunu isə hazırda mübahisə predmeti olan evdən aldıqları kirayə pulu ilə ödəyirdi. Rahim kirayədən aldığı pulu evə gətirməyəndə evə nə olduğunu israrla soruşmağa başlamış, Rahim isə evi Cavabdeh3 adlı şəxsə 41000 manata satdığını demişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh3 mənzili neçəyə aldığını soruşanda da Dursun ona mənzili 41000 manata aldığını bildirmişdir. Evin satılmasına görə aralarında narazılıq yaranmış və 2019-cu ilin may ayında Rahim evi tərk etmişdir. Həmin vaxtdan bəri Rahim ilə heç bir əlaqəsi yoxdur və Rahimin harada olduğunu bilmir. Cavabdeh2 harada olması ilə bağlı Rahimin valideyinlərinə müraciət etdikdə Rahimin harada olduğunu bilmədiklərini bildirmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının növbəti iclaslaında isə iddiaçı əri Cavabdeh2 08.05.2022ci il tarixdə öldüyünü bildirdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, hər iki məhkəmə tərəfindən işin bütün halları araşdırılmış, mübahisələndirilən ərizə üzrə ekspertiza təyin edilmiş, ekspert rəyində həmin ərizənin İddiaçı tərəfindən icra olunmaması, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Bu da cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsızlığına dəlalət edir. Apellyasiya şikayətində göstərilənlər işin hallarına uyğun gəlmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 01.12.2017-ci il tarixində Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiqlənərək reyestrdə 7E-4617 № ilə qeyd edilmiş, İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh2 adına olan "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş, 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən 13 №-li mənzilin istənilən şəxsə satılmasına və istənilən şəxsin adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 02.12.2017-ci il tarixli, M-2591 №-li mənzilin alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında alğı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən 13 №-li mənzili 26862 manat qiymətinə alıcı Cavabdeh3 satmışdır. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontorunun 7E jurnalında 01.12.2017-ci il tarixdə vətəndaş İddiaçı ilə bağlı notariat hərəkəti aparılmamış, 7E-4617 №-li, 01.12.2017-ci il tarixli notariat hərəkəti vətəndaş X6 tərəfindən aparılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 mülki qanunvericilikdə nəzərdə tuutlmuş qaydada pay haqqı ödəyərək "xxxx" MMC üzvü olmuş və müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş, 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən 13 №-li mənzili əldə etmiş, mübahisəli mənzilin pay haqqı İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə tam ödənilmiş, Cavabdeh2 həyat yoldaşı İddiaçı xəbəri olmadan pay hüququndan imtina edərək mübahisəli mənzili İddiaçı adından saxta razılıq ərizəsi əsasında Cavabdeh3 41000 manata satılmasına nail olmuş, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin sorğuya cavab məktubuna əsasən Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontorunun 7E jurnalında 01.12.2017-ci il tarixdə vətəndaş İddiaçı ilə bağlı notariat hərəkəti aparılmamış, 7E-4617 №-li, 01.12.2017-ci il tarixli notariat hərəkəti vətəndaş X6 tərəfindən aparılmış, sözügedən mənzil Cavabdeh3 satılan zaman mənzil üçün Cavabdeh3 tərəfindən 41000 manat pulun Cavabdeh2 ödənilməsi işdə iştirak edən şəxslərin izahat və ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilən hallara istinad edərək hesab etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 02.12.2017-ci il tarixli, M-2591 №-li mənzilin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və tərəflər ilkin vəziyyətə qaytarılmalı, Cavabdeh3 alınmış pul məbləği sonuncunun özünə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə cavabdehə münasibətdə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Hüseynoa Günay 24 avqust 2004-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş birgə nikahdan iki uşaqları doğulmuşdur. İş materiallarında olan 21 iyun 2012-ci il tarixli, A(b)/085 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 saylı ünvanda özünə məxsus yaşayış massivindəki 1 saylı küçəsində inşa edilən 2 saylı, 3 mərtəbəli yaşayış binasında ümumi sahəsi 48,4 kv.m olan 1 otaqdan ibarət 13 saylı mənzili 26.862 manata alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, onun mənzilə dair borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 02.12.2007-ci il tarixli ərizəsindən görünür ki, onunla "xxxx" MMC arasında bağlanmış 21.06.1012-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 saylı ünvanda özünə məxsus yaşayış massivindəki 1 saylı küçəsində inşa edilən 2 saylı, 3 mərtəbəli yaşayış binasında ümumi sahəsi 48,4 kv.m olan 1 otaqdan ibarət 13 saylı mənzili qarşılıqlı razılaşma əsasında Cavabdeh3 adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Bundan başqa iş materiallarnda İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, mənzilin başqa şəxsə satılmasına və adına rəsmiləşdirilməsinə etiraz etmir. İş materiallarında olan 02 dekabr 2017-ci il tarixli, M-2591 saylı "xxxx" MMC ilə Cavabdeh3 arasında alğı-satqı bağlanmış müqaviləsindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən 13 №-li mənzili 26862 manat qiymətinə alıcı Cavabdeh3 satmışdır. Məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə təyin edilmiş 11 mart 2021-ci il tarixli, 4/151 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından mənzilin satılmasına və istənilən şəxsin adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə 01 dekabr 2017-ci il tarixli ərizədə «İddiaçı» yazılarının qarşısındakı imza və «Əliyeva G» soyadı və həmin qrafadan aşağıda «Ərizənin sözləri mənə izah olundu.» yazıları X18 tərəfəindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, 02 dekabr 2017-ci il tarixdə mübahisəli mənzilin Cavabdeh3 satılmasına dair müqavilə bağlanmışdır. İddiaçı isə hazırkı iddia ilə 01.10.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2. bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarından isə görünür ki, iddiaçı isə müqaviləni bir il on aydan sonra mübahisələndirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı mübahisəli mənzilin Cavabdeh3 satılmasına dair müqavilənin mövcudluğundan yalnız 2019-cu ildə məlumatı olduğunu bildirsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından, eləcə də iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onunla cavabdeh X13 arasında bağlanmış nikah pozulmamışdı və onlar bir ailədə yaşamışlar. Ona görə də məhkəmə kollegiyası onun mənzilin satılmasından xəbərdar olmamasına dair dəlilini inandırıcı saymır. Bundan başqa işə apellyasiya qaydasında baxılarkən iddiaçı əri, yəni hazırkı iş üzrə cavabdeh X8 öldüyünü gizlətmiş, yalnız cavabdehin ölməsi barədə məlumat məhkəməyə daxil olduqdan sonra onun öldüyünü bildirmişdir. İş materiallarında olan Lerik rayon dövlət notariat ofisindən daxil olmuş məktublardan görünür ki, Cavabdeh2 08.05.2020-ci il tarixdə vəfat etmişdir, ona dair vərəsəlik işi ilə bağlı müraciət olmamışdır, vərəsəlik işi açılmamışdır. Vərəsə dairəsi müəyyən edilməmişdir və heç bir vərəsəlik şəhadətnamə verilməmişdir. Bundan başqa iş materiallarında olan AZ-İİ ******* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 27.07.20021-ci il tarixdə ölmüşdür. Bundan başqa məhkəmə kollegiyasına təqdim olunmuş olan 19 aprel 2021-ci il tarixli, M-8409 saylı "xxxx" MMC ilə Nümayəndə1 arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 2 saylı binanın 3-cü mərtəbəsində yerləşən 13 №-li mənzili alıcı X1. Yəni iş materiallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsi artıq mövcud deyildir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, Cavabdeh3 mübahisəli mənzilin dəyərini ödəyərək əldə etmişdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 vicdanlı əldə edən olduğundan alğı-satqı müqaviləsi həm də bu əsasla etibarsız hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, prosessual hüquq normalarına əməl etməyərək etibarnamənin etibarsız hesab edilməsini qətnamədə əsaslandırmamış, əqdin etibarsızlığı üçün hazırki iş üzrə heç bir əsas olmadan Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3-cü maddələrini tətbiq etməklə maddi hüquq normalarını pozmuşdur. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin hazırki iş üzrə tətbiq edilməli olmayan 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3-cü maddələrini tətbiq etməklə maddi və prosessual hüquq normalarını pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 3851.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd ekdilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apeldlyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 125 (yüzs iyirmi beş) manat məbləğində pul İddiaçı alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-51/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-51/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver