Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-511/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(067)-912/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2008-ci il təvəllüdlü X2 və 28 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin həcminin artırılaraq, hər ay, hər uşaq üçün 246 manat məbləğində olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(067)-912/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək, ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı qanunsuz və əsassızdır, məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-3-cü bəndini düzgün təfsir etməmiş, qərardad ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilərək, ərizəyə mahiyyəti üzrə baxılmalıdır. Şikayətdə Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının müvafiq bəndlərinə istinad edilməklə göstərilir ki, hazırkı iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanmamışdır. Bir sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşımır. İddia ərizəsi ailənin maddi vəziyyətində dəyişikliyin olmasına əsaslanmışdır. Yəni, uşaqların yaş həddi qalxıb, onlar orta məktəbdə təhsil alırlar. Uşaqların hazırki yaş həddində onların dərs ləvazimatlarını, geyimlərini, qidalarını və artmış hazırki bazar qiymətlərini nəzərə almaqla məsrəfləri yetərincə artmışdır. Həmin hallar nəzərə alınmaqla ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(067)- 912/2025 nömrəli qərardadı ləğv edilməli və mülki iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “ Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlanan 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 12 aprel 2008-ci il təvəllüdlü X2 və 28 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, qətnamə qüvvəyə mindiyi vaxtdan cavabdeh birgə nikahdan doğulmuş uşaqların əlavə xərclərində heç vaxt iştirak etməmişdir. Uşaqlar orta məktəbdə təhsil alırlar. Uşaqların hazırki yaş həddində dərs ləvazimatlarını, geyimlərini, qidalarını və artmış hazırki bazar qiymətlərini nəzərə almaqla məsrəfləri yetərincə artmışdır. Həmin hallar nəzərə alınmaqla ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti vaxtında tam ödəmir. 2025-ci il dövründə bazar qiymətlərinin yüksək dərəcədə artımı baş verib. Bu isə uşaqların maddi vəziyyətinin mühüm dərəcədə ağırlaşmasına səbəb olub. Qiymət artımları hazırkı zamanda cavabdehin ödədiyi 320 manat məbləğində alimentin məbləğini bir neçə dəfə aşır. İddiaçı ərizəsində ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşağa hər ay 246 manata çatdırılmalıdır. İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edən birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində digər hallarla yanaşı “ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı”nı da nəzərə almaqla alimentin miqdarının artırılması barədə tələbinin mahiyyətinin indeksasiya xarakteri daşıması barədə qənaətə gəlməkdə haqlı olmamışdır. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən yuxarıda istinad edilən Ailə Məcəlləsinin 112.1-ci maddəsi “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik” olmasını alimentin müəyyən olunmuş miqdarının da dəyişməsi (artırılması və ya azaldılması) üçün əsas kimi müəyyən etmişdir ki, iddiaçı da iddia ərizəsinin məzmununda məhz uşaqların böyüməsi, məktəbli olması, bazar qiymətlərinin artması, habelə cavabdehin əlavə gəlirlərinin olması kimi hallara istinad etməklə alimentin artırılmasına dair tələb irəli sürmüşdür. Belə olan halda kollegiya bu nəticəyə gəlir ki, iddiaçının hazırkı tələbi məhkəmənin də istinad etdiyi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 1.2.1-ci bəndi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-3-cü yarımbəndin tələbləri baxımından iddianın mahiyyətinin indeksasiya xarakteri daşıması nəticəsinə gəlməyə əsas vermir. Həmin bəndin tələblərindən də göründüyü kimi, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Hazırkı halda da iddiaçı məhz Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna istinad etməklə mahiyyətcə alimentin miqdarının dəyişdirilməsi (artırılması) barədə müstəqil iddia qaldırmışdır və iddia tələbi nəinki yalnız, ümumiyyətlə minimum əmək haqqı məbləğinin artımına əsaslanmamışdır. Bundan əlavə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, yalnız minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumun) artması əsası ilə verilmiş iddia ərizələrinə mahiyyəti üzrə baxılaraq müvafiq qərarların qəbul edilməsini istisna etmir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(067)-912/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-511/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-511/2025
11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver