Məhkəmə qərarları › İş №2(105)-514/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-514/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-514/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndələri K.X8, X9 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X4 və X5 qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(012)-20/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cavabdeh1) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, X10 və X6 qarşı Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməmiş 30468,42 manat əsas borc, 18027,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13 yanvar 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7165,62 manat borc olmaqla cəmi 55661,25 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 kv.metr ümumi, 78.7 kv.metr əsas, 53.89 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, X10 və X3 həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2, X10 və X3 həmin mənzillərdən çıxarılması, həmin mənzillərin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə iddia tələbinin rədd edilməsi, "xxxx" MMC tərəfindən keçirilən ekspertizaya görə 400 manat xidmət haqqı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-nin bank hesabına VÖEN **********, H/h AZ95BBTB********************, bank rekvizitləri: “BTB” -SC-nin “Promo” filialı, M/h AZ13NABZ********************, kod 501554, SWİFT: 53TBAZ22, VÖEN ********** köçürülməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 26.11.2019-cu il tarixli, 12106 №-li və 05.06.2020-ci il tarixli, 4952 №-li mühasibatlıq ekspertizalarına görə 350 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı- X2, kod- 210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə təminatlı kredit müqaviləsi üzrə 30468,42 manat əsas, 2471,30 manat faiz, 21027,45 manat dəbbə pulu olmaqla cəmi 53967,17 manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 ümumi, 78.7 kv.m yaşayış sahəsindən ibarət olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti (likvid) müəyyənləşdirilməsi, mənzilin açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 ümumi, 78.7 kv.m yaşayış sahəsindən ibarət olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi satıldıqda Cavabdeh1, Cavabdeh2, X10, X11 və onunla birlikdə yaşayan digər ailə üzvləri, həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra mənzilə qeydiyyata düşən şəxslər 1 ay ərzində evləri tərk etmədikdələri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər qismində Cavabdeh2, X10 və X7 göstərmiş və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun xeyrinə ödənilməmiş 30468,42 manat əsas borc, 18027,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13 yanvar 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7165,62 manat borc olmaqla cəmi 55661,25 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 kv.metr ümumi, 78.7 kv.metr əsas, 53.89 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, X10 və X3 həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2, X10 və X3 həmin mənzillərdən çıxarılması, həmin mənzillərin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09.02.2011-ci il tarixdə 12 ay müddətinə, illik 20 faizlə 100000 manat məbləğində FP/Q- 014-011 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında bağlanmış 10 iyul 2013-cü il tarixli razılaşma ilə 09.02.2011-ci il tarixli, FP/Q-014-011 saylı təminatlı kredit müqaviləsinin 5.3 və 5.4-cü bəndlərinə dəyişiklik edilmiş və həmin kredit vəsaitindən istifadə müddəti daha 24 ay olmaqla- 29 aprel 2015- ci il tarixədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli, 2(012)-344/2017 saylı qərardadı ilə mülki iş üzrə icraat vəfat etmiş Cavabdeh1 hüquqi varisi müəyyən edilənə kimi dayandırılmışdır. Məhkəmənin 17.04.2018-ci il tarixli, 2(012)-344/2017 saylı qərardadı ilə 17.04.2018-ci il tarixdə Cavabdeh2 nümayəndəsi X12 ərizə ilə müraciət edərək nikahın bağlanması haqqında şəhadətnamənin surətini əlavə edərək, Cavabdeh1 hüquqi varisinin arvadı Cavabdeh2 olduğunu nəzərə alınmasını və iş üzrə icraatın təzələnməsini xahiş etdiyindən mülki iş üzrə icraat təzələnmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2019-cu il tarixli 12106 saylı rəyinə əsasən 09 fevral 2011-ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi üzrə cavabdeh (borclu) Cavabdeh1 İddiaçı ASC-yə 29.04.2015-ci il və 22.09.2016-cı il tarixinədək əsas kredit borcu üzrə 0,00 manat, faiz borcu üzrə isə 0,00 manat məbləğində borcu olması müəyyən edilmişdir. Halbuki, həmin ekspertiza mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymət cavabdehin banka hal-hazırda olan borcu barəsində reallığı əks etdirmir və düzgün hesablanmamışdır. Ekspert rəyində tərtib olunmuş cədvəldə cavabdehin ümumilikdə banka 208211,23 manat ödəniş etməsi qeyd olunur. Lakin mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan hesabdan çıxarışa və maliyyə arayışına nəzər salınsa görünər ki, kredit müqaviləsi üzrə ümumi ödəniş ekspertizanın qeyd etdiyindən fərqli olaraq 138212,60 manat təşkil etmişdir. Həmçinin ekspertiza rəyində qeyd edilmişdir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən 11.07.2013-cü il tarixində 70000 manat məbləğində pul vəsaiti (kredit deyil) verilmiş və həmin məbləğ üzrə ümilikdə 61981,41 manat məbləğində ödəniş olmuşdur. 11.07.2013-cü il tarixində cavabdehə əlavə pul verilməmişdir, sadəcə olaraq razılaşmaya əsasən kredit müddəti uzadılmışdır. Belə ki, hesabdan çıxarışda borclu tərəfindən ödənilən məbləğlərin təyinatı “kredit ödənilir”, “ipoteka ödənilir”, və “mədaxil” formasında öz əksini tapmışdır. Lakin 70000 manat məbləğindəki vəsait haqqında heç bir təyinat yoxdur. Sözügedən məbləğ kredit müqaviləsi üzrə cavabdehin banka ödəməli olduğu pul məbləğinin qalığıdır. Eyni zamanda ekspert rəyində tərtib olunan cədvəldə cavabdehin 11.07.2013-cü il tarixində banka 70038,59 manat məbləğində artıq ödənişi qeyd olunmuşdur. Halbuki bank tərəfindən məhkəməyə təqdim olunan hesabdan çıxarış (müqavilə üzrə bütün ödənişlər nəzərə alınmaqla) və maliyyə arayışında həmin ödəniş real olmadığından göstərilməmişdir. 11.07.2013-cü il tarixində mülki iş üzrə cavabdehlə bank arasında 09.02.2011-ci il tarixli, FP/Q-014-011 saylı təminatlı kredit müqaviləsinin 5.3 və 5.4-cü bəndlərinə dəyişiklik edilmiş və həmin kredit vəsaitindən istifadə müddəti daha 24 ay olmaqla - 29 aprel 2015-ci il tarixinədək uzadılmışdır. Bank tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa nəzər salınsa görünər ki, 11.07.2013-cü il tarixində göstərilən məbləğ cavabdehin banka ödədiyi məbləğ deyil, borclunun kredit müqaviləsini uzadarkən qalıq borcudur. Bundan əlavə ekspert rəyində göstərilən tarixlər üzrə “əlavə ödəniş” olduğu təqdirdə həmin ödənişlər üzrə sənəd məhkəməyə təqdim olunmalı və ya ekspert tərəfindən əsasladırılmalıdır. Eyni zamanda, ekspert rəyində göstərildiyi tarixdə, yəni 11.07.2013-cü il tarixdə 70038,59 manat vəsait ödəniş kimi qəbul olunsa belə, bir halda ki göstərilən məbləğ kredit ödənişi deyil, bundan sonra cavabdeh tərəfindən 11.07.2013- 15.02.2016 dövr ərzində ümumi 61981,41 manat ödəniş olunmuşdur. Başqa sözlə 70,038.59 manat ödəniş olunub borc 0 olubsa bundan sonra borclu niyə əlavə 61981,41 manat ödəniş etsin ki. Bu da ona dəlalət edir ki, bank öz mövqeyində haqlıdır və ekspert rəyi absurddur. Bu səbəbdən iş yenidən ekspertizaya göndərilməlidir. Əgər həqiqətən 70000 manat ödəniş edilibsə bununla bağlı cavabdeh qəbz gətirsin. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə hüquq normalarının kobud şəkildə pozulması nəticəsində qəbul edilmişdir. Qeyri-obyektiv, əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi K.X14 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasına dəvət edilərək dindirilən ekspert X1 izahatında göstərdi ki, təyin edilmiş məhkəmə qərardadına əsasən öz rəyini vermiş və həmin rəyin üzərində dayanaraq müdafiə edir. Belə ki, rəyin təsviri hissəsində məhkəmə tərəfindən qoyulan bütün suallara onun tərəfindən ekspert kimi ətraflı şəkildə açıqlama verilmişdir. O, həmçinin göstərmişdir ki, bank tərəfindən hesabdan çıxarış təqdim edilmiş və həmin çıxarışda olan məlumatlara əsasən 11.07.2013-cü il tarixdə 70038,59 manat məbləğində pul vəsaiti ödəniş olunmuşdur. Həmin çıxarış əsasında hesablamalar aparılmışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.11.2019-cu il tarixli, 12106 №-li və 05.06.2020-ci il tarixli, 4952 №-li ekspert rəylərinə əsasən Cavabdeh1 29.04.2015-ci il və 13.01.2020-ci il tarixədək banka olan borcu tam ödənildiyi və borc qalığı müəyyən edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticəni iddiaçı apellyasiya qaydasında mübahisələndirərək, apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 77.1., 78.1., 80., 81., 88-ci maddələri). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyun 2021-ci il tarixli 9/3139 № ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 09 fevral 2011 -ci il tarixli FP/Q-014- 011 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11.07.2013-cü il tarixə (birinci sualda soruşulan tarixə) olan ümumi borcu 49.622,35 manat məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi 09.02.2012-ci il tarixdən sualda soruşulan 11.07.2013-cü il tarixədək olan dövrdə əsas borca hesablanan faiz dərəcəsi illik 5 % ilə hesablanmaqla) 11.07.2013-cü il tarixə olan əsas borc üzrə - 49622,35 manat, faiz borcu üzrə - 0,00 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 09 fevral 2011-ci il tarixli FP/Q-014- 011 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə 11.07.2013-cü il tarixli razılaşmanın qeyd olunan şərtlərini nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq Cavabdeh1 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15.02.2016-ci il tarixə (ikinci sualda soruşulan tarixə) heç bir borcunun olmadığı, əlavə olaraq 3.530,20 manat məbləğində artıq ödəniş etdiyi (razılaşmanın müddətinin bitdiyi 29.04.2015-ci il tarixdən sonuncu ödənişin aparıldığı 15.02.2016-cı il tarixədək olan dövrdə əsas borca hesablanan faiz dərəcəsi illik 5 % ilə hesablanmaqla) əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə - 0,00 manat, artıq ödəniş - 3530,20 manat müəyyən edilir. Göründüyü kimi iddiaçı cavabdehlə bağladığı kredit müqaviləsinə əsasən cavabdehə kredit vəsaiti verdiyini, cavabdehin bank qarşısında öhdəlik götürdüyünü, həmin öhdəliyi icra etmədiyini əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin qeyd etdiyi xüsusatları təsdiq edən halları sübut edə bilməmişdir, əksinə ekspertiza rəyi ilə cavabdehlərin banka borcu olmadığını, artıq ödəniş etdikləri müəyyən edilmişdir. Bu səbəbdən sübutetmə yükü daşıyan iddiaçı istinad etdiyi halları sübut edə bilmədiyindən, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar