Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-514/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)-4349/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)-4349/2021 saylı qətnaməsi ilə (hakim M.A.Abbasova) İddiaçı Cavabdeh 35000 manat ödənilməmiş borc, 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 35341 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)-4349/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat ödənilməmiş və həmin borcun tələb edilməsi üçün çəkdiyi xərcin, yəni 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 35341 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X3, X7, X6 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər X5 və X2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46,0 kv.m sahəsi olan mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar Cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aparılmış kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz (etibarsız) hesab edilməsi, mənzilin sökülməsi ilə əlaqədar onlara mənzilin hər kv.m üçün 1500 manatdan başlayaraq cəmi 70000 manat kompensasiya, bundan başqa əlavə olaraq 500 manat məbləğində narahatlıq üçün kompensasiya və ödəniləcək kompensasiyanın 10 faiz miqdarında 7000 manat çətinliklərə görə kompensasiya, ümumilikdə 77500 manat məbləğində kompensasiya ödənilməsi və ya onların 46,0 kv.metrdən az olmayaraq yaşayış üçün zəruri meyar həddində müvafiq təmirli yaşayış sahəsi ilə təmin edilmələri və həmin yaşayış sahəsi ilə təmin edilənədək (müvafiq yaşayış sahəsinə köçürülənədək) hər ay üçün 400 manat məbləğində aylıq mənzil kirayə haqqı ilə təmin edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(81)-1949/2019 saylı qərarı ilə iddia qismən təmin edilmişdir. Cavabdeh hazırda İddiaçı payına düşən 35000 manat pul vəsaitini ona ödəməkdən yayınır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 05 noyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13,129-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin və prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(81)-1949/2019 saylı qərarı ilə müəyyən olur ki, İddiaçı, X3, X7, X4 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər X5 və X2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46,0 kv.m sahəsi olan mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar Cavabdeh Yasamal rayon İcra Hakimiyyəti tərəfindən aparılmış kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzilin sökülməsi ilə əlaqədar onlara mənzilin hər kv.m üçün 1500 manatdan başlayaraq cəmi 70000 manat kompensasiya, bundan başqa əlavə olaraq 500 manat məbləğində narahatlıq üçün kompensasiya və ödəniləcək kompensasiyanın 10 faiz miqdarında 7000 manat çətinliklərə görə kompensasiya, ümumilikdə 77500 manat məbləğində kompensasiya ödənilməsi və ya onların 46,0 kv.metrdən az olmayaraq yaşayış üçün zəruri meyar həddində müvafiq təmirli yaşayış sahəsi ilə təmin edilmələri və həmin yaşayış sahəsi ilə təmin edilənədək hər ay üçün 400 manat məbləğində aylıq mənzil kirayə haqqı ilə təmin edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 05 noyabr 2021-ci il tarixli, 3227/d saylı məktubundan görünür ki, Yasamal rayonu, 12-ci Nərimanov döngəsi, dalan 1, ev 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında alğı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Lakin həmin ünvana dair İddiaçı Eldar oğlunun hüquq müəyyənedici sənədləri olmadığından, eyni zamanda qeyd olunan ünvan sökülən zaman orada yaşamadığından, ona kompensasiya ödənilməsi mümkün deyildir. Qeyd olunan ünvana görə ödəniləcək əlavə maddi yardımla bağlı Cavabdeh ilə qardaşı İddiaçı arasında mübahisə olduğundan qarşılıqlı razılıqları əsasında Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan əlavə maddi yardım ödəniləcəkdir. .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». İşin araşdırılan halları ilə müəyyən olur ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2- 1(81)-1949/2019 saylı qərarı ilə iddiaçılar İddiaçı, X3, X7, X6 cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər X5 və X2 qarşı “kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, kompensasiya ödənilməsi və ya yaşayış sahəsi ilə təmin edilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, iddia ərizəsində qeyd edilən tələblər üzrə məsələlərə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında alğı-satqı müqaviləsi bağlanmış və ona müvafiq kompensasiya ödənilmişdir. İddiaçı 10 ildən çox müddətə orada yaşamadığını bildirib, hazırda qardaşı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək 35000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaçının 15 ildən artıq müddətə orada yaşamadığını və formal olaraq həmin ünvanda qeydiyyatda qalmasını bildirərək iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, mübahisəli ev sökülərkən İddiaçı orada yaşamaması işin mübahisəsiz halı olduğundan onun Cavabdeh 35000 manat ödənilməmiş borc, 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 35341 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(012)-4349/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-514/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-514/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver