Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-515/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3195/2021 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3195/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.(hakim M.Abbasova) Qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İB ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 432.20 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 462.20 manat pulun məcburi qaydada tutularaq «Azəriqaz» İstehsalat Birliyinin Azərbaycan X2 şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azəriqaz» İB 30.04.2020-ci il tarixli, 141775 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edib. Həmin ünvana «Azəriqaz» İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00308 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 40011661 nömrəli qaz sayğacı quraşdırılmışdır. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. «Azəriqaz» İB-nin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı aktlar tərtibedilmişdir. Həmin aktlara əsasən cavabdeh sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya ümumilikdə 432 manat ziyan vurmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 432.20 manat təşkil edir. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları və təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Cavabdehin ünvanına baxış keçirilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma halı müəyyən edilmişdir. Bu müdaxilə nəticəsində iddiaçı olaraq onlara maddi ziyan vurulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edirlər. Apelyasiya baxışı zamanı iş üzrə Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçı nə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə göndərilmiş bildiriş, iştirakı olmadan işə baxılmışdır. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarından məlum olur ki, «Azəriqaz» İstehsalat Birliyi ilə Cavabdeh arasında təbii qazdan istifadəyə dair 30.04.2020-ci il tarixli, 141775 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmış və həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri, qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri müəyyən edilmişdir. Müqaviləyə görə ünvana sayğac 30.04.2020-ci ildə quraşdırlımışdır. Yenə iş materiallarında olan «Azəriqaz» İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2020-ci il tarixli, 028563 saylı aktdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində (abonent kodu: **********00308) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. Yenə də iş materiallarında olan 31.05.2020-ci il tarixli nömrəsiz aktdan görünür ki, Cavabdeh məxsus evdə qazdan sayğacdan kənar istifadə faktı müəyyən edilmiş və həmin xətt qaynaq vasitəsilə kəsilmişdir. İşə əlavə edilmiş abonent saldosuna görə Cavabdeh sentyabr 2020-ci il tarixinə qaz sərfiyyatına görə borcu 432 manat təşkil edir. Həmin saldoya görə qaz sayğacı həmin ünvana 08.05.2020-ci ildə quraşdırılmışdır. Yenə işə əlavə edilmiş Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 23.08.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 34-də qeydiyyatda olan Cavabdeh məxsus Yeni yaşayış massivində olan yarım tikilidə yaşayış yoxdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3195/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh barəsində Birliyin işçiləri tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2020-ci ildə akt tərtib edilmiş, ondan bir gün əvvəl, yəni 30.05.2020-ci il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir(?). Aktda istehlakçının imzası yoxdur, daha doğrusu “imtina etdi” yazılıb. İstehlakçıya 432,10 manat borc hesablanmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə görə isə qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Yenə həmin Qaydaların 6.7-ci bəndinin tələblərinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdehlə qazı alqı-satqısına dair müqavilə bağlanması, onun saldoya əsasən ödəniş etməsinin müəyyən edilməməsi hazırki formada iddianın təmin edilməsinə əsas vermir. İş materiallarına əlavə edilmiş akt cavabdehin iştirakı olmadan tərtib edilmiş, akt tərtib edənlər cavabdehin guya aktı imzalamaqdan “imtina” etməsini yazmaqla işlərini bitmiş hesab etmiş, bununla da yuxarıda istinad olunan Qaydaların tələblərini pozmuşlar. Daha öncə qeyd edildiyi kimi Qaydalara əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən görünür ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən cavabdeh istehlakçı barədə qazdan qanunsuz istifadə barədə akt tərtib edilmiş, lakin aktda onun imzası yoxdur. İş materiallarının 14-cü səhifəsində olan aktdan məlum olur ki, qanunsuz xətt qazpaylayıcı şəbəkədən qaynaq vasitəsilə ayrılmışdır. Lakin anoloji işlər üzrə, xüsusi olaraq Abşeron rayonu Hökməli qəsəbəsi üzrə indiyədək keçirilmiş ekspertiza nəticəsində kənar qoşulma, o cümlədən qanunsuz qoşulmanı və onun ləğvini təsdiq edəcək qaynaq izləri aşkar edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş sübutların özü də ziddiyətlidir. Məsələn, müqavilədə qaz sayğacının 30.04.2020-ci ildə, saldoda isə 08.05.2020-ci ildə quraşdırıldığı yazılmışdır. Eləcə də, qanunsuz qoşulma faktı müəyyən edilərək akt 31.05.2020-ci ildə tərtib edildiyi halda, vurulmuş ziyanın bərpası barədə tələbnamə bir gün əvvəl verilmişdir. Hökməli qəsəbəsi kifayət qədər böyük bir yaşayış məntəqəsi olmasına baxmayaraq nə müqavilədə, nə də aktlarda dəqiq ünvan yazılmamışdır. Ən başlıcası isə yerli icra hakimiyyəti orqanı sayğacdan qanunsuz istifadə barədə akt tərtib edilmiş ünvanın yarımçıq tikili olduğu və orada yaşayış olmadığını bildirir. Nəhayət, sənədələr əsasən cavabdehə məxsus olduğu deyilən ünvana sayğacın 30.04.2020, yaxud 08.05.2020-ci ildə quraşdırıldığını qəbul etsək may ayı ərzində 432 manatlıq qaz sərfiyyatı ağlabatan görünmür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası sübut edilmədiyindən rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-3195/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-515/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-515/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver