Məhkəmə qərarları › İş №2(105)-515/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-515/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-515/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti-müddət keçib) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi üzrə Sumqayıt Şəhər Məhkəməsinin mülki iş üzrə 21 dekabr 2023-cü il tarixli, 2(060)-4788/2023 nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4788/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 22 noyabr 2018-ci il tarixli NK-12- 22112018/292534 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2834,29 (iki min səkkiz yüz otuz dörd manat iyirmi doqquz qəpik) manat əsas, 1140,86 (bir min yüz qırx manat səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3975,15 (üç min doqquz yüz yetmiş beş manat on beş qəpik) manat borcun və iş üzrə ödənilmiş 63,11 (altmış üç manat onbir qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

2. İddiaçı LPO İddiaçı ASC Sumqayıt şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4788/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)- 4788/2023 saylı qətnaməsindən iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.

4. Bu qərardaddan narazı qalan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, 07 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4788/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçı LPO İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Nəticədə qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Belə ki, iddiaçının apellyasiya şikayəti verməsi üçün son müddət xx.xx.2023-cü il tarixə təsadüf etmişdir. Lakin iddiaçı bu müddətə əməl etməmiş, onun qətnamədən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddəti ötürdüyünə baxmayaraq, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin şikayəti geri qaytarılmalıdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128,129, 130.1, 130.3, 360, 361, 363.1.3, 363.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4788/2023 saylı qətnaməsindən iddiaçı tərəf qismən narazıdır. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı göstərir ki, hal-hazırda İddiaçı ASC ləğv prosesində olduğu üçün ona aid bütün sənədlər Əmanətlərin Sığortalanması Fondunun nəzarətindən sonra icra olunmağa yönəldilir. Nəticə etibarilə, elektron məhkəmə portalına daxil olan bəzi sənədlərin ləğvedici tərəfindən daxili qeydiyyatı, vizası və dərkənar əməliyyatları kifayət qədər müddət almış olur ki, sözügedən məhkəmə qətnaməsini də həmin gecikmədə olan sənədlər dövriyyəsinə aid etmək olar. Yəni, şikayətin nəzərdə tutulmuş müddəti ötürməklə gec verilməsinə səbəb məhkəmə qətnaməsinin daxil olma möhürü bankın məhkəmə şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olması ilə əlaqəlidir. Buna görə də apellyasiya şikayətində də qətnamənin “e-məhkəmə” portalı üzərindən alınma tarixi xx.xx.2023-cü il tarixi kimi qeyd edilmişdir. Göstərilən hallar üzürlü hesab edilməklə apellyasiya şikayətinin geri qaytarılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4788/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edib, şikayətin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

12. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nin 16 avqust 2006-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət 4 yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur».

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4788/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarını nəzərdən keçirdikdə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4788/2023 saylı qətnaməsi xx.xx.2023cü il tarixdə iddiaçı LPO İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir.

17. İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Nəticədə qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Belə ki, iddiaçının apellyasiya şikayəti verməsi üçün son müddət xx.xx.2023-cü il tarixə təsadüf etmişdir. Lakin iddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

18. Göründüyü kimi, iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddəti ötürdüyünə baxmayaraq, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir. Belə olan halda işə baxan məhkəmənin apellyasiya şikayətinin geri qaytarılması barədə mövqeyi əsaslı və işin hallarına uyğun olmuşdur.

19. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, iddiaçı qərardaddan şikayət versə də, əslində özü şikayətdə qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsi əsasını qəbul etmiş, lakin bu halın üzürlü olmasına dair dəlillər qeyd etmişdir.

20. Bununla belə kollegiya qeyd edir ki, iddiaçı tərəfin əsas istəyi Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4788/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi olsa da, iddiaçı həm apellyasiya şikayətinin geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadından şikayət vermiş, həm də prosessual müddətin üzürlü hesab edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.

21. Halbuki, MPM-nin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).İşə baxan məhkəmə prosessual ardıcıllığa əməl etmiş, şikayətə baxmış və təmin etmədən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».

23. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4788/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə iddiaçının vəsatətinə münasibət bildirməlidir.

25. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər .

26. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4788/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar