Məhkəmə qərarları › İş №2(105)-519/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-519/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-519/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, ekspert rəyi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-6110/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 23,50 %-lə 4000 manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3511,6 manat əsas, 551,79 manat faiz, 97,83 manat cərimə olmaqla, cəmi 4161,22 manat borcu vardır.

3. Azərbaycan Redpublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2371 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 3498.98 manat, faiz borcu üzrə 334.56 manat müəyyən edilmişdir.

4. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 3511,6 manat əsas, 551,79 manat faiz, 97,83 manat cərimə olmaqla, cəmi 4161,22 manat borcun və 62,11 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədləri üçün 36 ay müddətinə illik 23,50 % ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3511,6 manat əsas, 551,79 manat faiz, 97,83 manat cərimə olmaqla, cəmi 4161,22 manat borcu yaranmışdır.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-6110/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3511,6 manat əsas, 551,79 manat faiz, 1,61 manat cərimə borcu olmaqla, cəmi 4065 manat pulun və ödənilmiş 62,11 manat dövlət rüsumunun əvəzinin "xxxx" KB ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 448.1, 449.4, 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 284-5.1, 284-5.2, 284-5.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(012)-6110/2024 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə təyin edilmiş komission məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq, iddianın qismən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC-dən kredit götürmüş olsa da, həmin kredit üzrə kifayət qədər ödənişlər etmişdir. Lakin Bank tərəfindən əsas borcun və faiz borcunun məbləği şişirdilmiş və məhkəmə bunu araşdırmaq üçün heç bir ekspertiza təyin etməmişdir. Halbuki bu, işin obyektiv araşdırılması üçün labüd olmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Belə ki, həmin iddia ərizəsi üzrə məhkəmə bildirişi ona təqdim edildikdən dərhal sonra o etiraz ərizəsi ilə məhkəməyə müraciət etsə də, ərizəsi nəzərə alınmamış, iş iddia icraatına keçirilmədən və onun iştirakı təmin olunmadan qətnamə qəbul edilmişdir. Sözügedən etiraz ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim edərək, bu barədə möhürlə təqdim edilmiş “qəbul etdim” vurulmuşdur. Həmin etiraz ərizəsini də apellyasiya şikayətinə əlavə edir. Hazırkı məsələ mübahisəli olmasına baxmayaraq, hakim iddiaçının ərizəsinə əsasən sadələşmiş icraat qaydasına baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi onun hüquqlarına zidd olaraq çıxarılmışdır. Hesab edir ki, hazırki iddiaya sadələşdirilmiş icraat qaydasında kiçik iddia kimi deyil, iddia icraatı qaydasında baxılmalı idi. Belə ki, məhkəmə borcun yaranmasının, həmçinin cavabdeh tərəfindən borcun qaytarılmasını mübahisələndirə bilməsi və tərəflər arasında mübahisənin mövcudluğunun istisna olmadığını nəzərə almalı idi. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddianın aid olduğu 8678nkXRDb/23 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları xx.xx.2022-ci il tarixli 02/22 UB №li müqaviləyə xx.xx.2025-ci il tarixli, 34 saylı Əlavə əsasında "xxxx" KB ASC-dən "xxxx" ASC-yə (o zaman "xxxx" MMC) (VÖEN **********) keçmişdir. Həmin tarixdən də bu borc üzrə ödənişlər "xxxx" ASC-yə yönəldilir. Bu səbəbdən də icraatınızda olan mülki işdə "xxxx" ASC-ni prosesdə iştiraka cəlb edilməsinə zərurət vardır.

14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

24. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

27. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

28. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

29. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-6110/2024 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə təyin edilmiş ekspertizanın rəyinə uyğun olaraq, iddianın qismən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

38. İşin ətraflı araşdırması üçün kollegiya məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, əldə edilmiş ekspert rəyinə əsasən, Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə (bildirişin göndərilmə tarixinə) əsas borcu 3498.98 manat, faiz borcu üzrə 334.56 manat məbləğində müəyyən edilmişdir.

39. Belə olan halda, əsas və faiz borcunun məbləği ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə tutulmalı olan borcun məbləği yuxarıda qeyd olunan ekspert rəyi əsas götürülməklə əsas borc üzrə 3498.98 manat, faiz borcu üzrə 334.56 manat məbləğində müəyyən edilməlidir.

40. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

41. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

42. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-6110/2024 nömrəli qətnaməsi “3511,6 manat əsas, 551,79 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilsin və əsas borcun məbləği 3498.98 (üç min dörd yüz doxsan səkkiz manat, doxsan səkkiz qəpik) manat, faiz borcunun məbləği 334.56 (üç yüz otuz dörd manat əlli altı qəpik) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar