Məhkəmə qərarları › İş №2(105)-522/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-522/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-522/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 656 (altı yüz əlli altı) ABŞ dolları 29 (iyirmi doqquz) sent əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 581 (beş yüz səksən bir) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 96 (doxsan altı) ABŞ dolları 21 (iyirmi bir) sent borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 98 (doxsan səkkiz) ABŞ dolları 02 (iki) sent cərimə borcunun, cəmi isə 1432 (bir min dörd yüz otuz iki) ABŞ dolları 30 (otuz) sent məbləğində borcun ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun hesablanmaqla və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 656 (altı yüz əlli altı) ABŞ dolları 29 (iyirmi doqquz) sent əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 581 (beş yüz səksən bir) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 96 (doxsan altı) ABŞ dolları 21 (iyirmi bir) sent borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 980 (doqquz yüz səksən) ABŞ dolları 24 (iyirmi dörd) sent cərimə borcunun, cəmi isə 2314 (iki min üç yüz on dörd) ABŞ dolları 52 (əlli iki) sent borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 36 (otuz altı)% faiz ödəmək şərti ilə 1387 (bir min üç yüz səksən yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 656 (altı yüz əlli altı) ABŞ dolları 29 (iyirmi doqquz) sent əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017ci il tarixinə 581 (beş yüz səksən bir) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 96 (doxsan altı) ABŞ dolları 21 (iyirmi bir) sent borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 980 (doqquz yüz səksən) ABŞ dolları 24 (iyirmi dörd) sent cərimə borcunun, cəmi isə 2314 (iki min üç yüz on dörd) ABŞ dolları 52 (əlli iki) sent təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Onunla iddiaçı arasında xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 24 ay müddətinə, illik 36% dərəcəsi ilə 1387 (bir min üç yüz səksən yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun yaranmasına ölkədə baş verən devalvasiya olmuşdur. Hazırda onun maddi durumu çox aşağıdır. Bundan əlavə, iddia tələbini cərimə və faiz borcu istisna olmaqla qəbul edir. Zamin kimi qətnamədə adı qeyd olunan Cavabdeh2 tanımır və onunla heç bir tanışlığı yoxdur. O, tək anadır, xəstədir, maddi imkanı yoxdur artıq ödəmiş olduğu pulu bir daha ödəsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(060)-3976/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış İKM 01 saylı istehlak kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə illik 36% olmaqla 1387 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcverən 833 ABŞ dolları məbləğində pulu 24 ay müddətinə illik 36 % ödəmək şərti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. İşdə olan xx xxxx 2015-ci il tarixdə bağlanmış 01 saylı Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən xx xxxx 2015-ci il 01 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İşə əlavə olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək faiz ödənişi cəmi 578,55 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 1387 ABŞ dolları, cəmi 1965,55 ABŞ dolları təşkil edir. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 2-1- **********2000T00163 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 656 (altı yüz əlli altı) ABŞ dolları 29 (iyirmi doqquz) sent əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 581 (beş yüz səksən bir) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 96 (doxsan altı) ABŞ dolları 21 (iyirmi bir) sent borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 980 (doqquz yüz səksən) ABŞ dolları 24 (iyirmi dörd) sent cərimə borcunun, cəmi isə 2314 (iki min üç yüz on dörd) ABŞ dolları 52 (əlli iki) sent məbləğində borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 656,29 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz üzrə 581,78 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 96,21 ABŞ dolları icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası Cavabdeh1 hazırda xəstə, tək ana və maddi imkanının olmaması və bununla əlaqədar olaraq borcun ödəyə bilməməsi barədə gətirdiyi dəlillər, onu borcun ödənilməsindən azad etmir. Bundan əlavə olaraq məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə ABŞ dolları ilə bağlanmış, lakin cavabdeh ödənişləri manatla edəmiş, dolların ödəniş vaxtı məzənnəsini nəzərə almamışdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)- 3976/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar