Məhkəmə qərarları › İş №2(105)-522/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-522/2022

17.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-522/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Nofel oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsindən Cavabdeh Nofel oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı Cavabdeh Nofel oğluna qarşı evdən istifadə hüququnun verilməsi və həmin evə köçürülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və iddiaçının həmin evə köçürülməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.05.2021-ci il tarixli, 2(105)-1536/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı İbrət qızının Cavabdeh Nofel oğluna qarşı mərhum Qaçabəyov Nofəl Abusalat oğlunun adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və həmin evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2021-ci il tarixli, 2(102)-5434/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)- 1536/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh Nofel oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək mərhum X3 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh Nofel oğlu ilə evlənmiş və Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X4 məxsus evə gəlin köçmüşdür. Cavabdehlə aralarındakı nikahı 26 avqust 2004-cü il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından 01 noyabr 2002-ci il təvəllüdlü Naira və 01 oktyabr 2004-cü il təvəllüdlü Rəvan adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və hər iki uşağı Cavabdeh Nofel oğlunun himayəsində saxlanılmışdır. Cavabdeh Nofel oğlu ilə ayrıldıqdan sonra o, barışmaqları üçün gözləsə də, cavabdehlə barışmamışlar. Hazırda onun yaşamağa heç bir yeri yoxdur, valideynləri öz evlərində onun yaşamağına etiraz edirlər. O, Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X4 məxsus evə gəlin köçərkən həmin ev daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmamışdır. Həmin evdə hazırda Cavabdeh Nofel oğlu ailəsi və anası ilə birlikdə yaşayır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, İddiaçı İbrət qızı ilə evləndikdən sonra iddiaçının dediyi kimi, onun atasına məxsus Qusar rayonunun Bədişqala kəndində yerləşən fərdi yaşayış evinə köçməmişdir. Evləndikdən sonra onlar ünvan 1 ünvanında yaşamışlar və uşaqları da həmin evdə anadan olmuşlar. O, 2007-ci ildə Rusiya Federasiyasına gedəndə iddiaçı və uşaqları atası X4 məxsus Qusar rayonunun Bədişqala kəndində yerləşən evə getmişdilər. Lakin o, Rusiya Federasiyasında olduğu vaxt iddiaçı 2-3 gün həmin evdə yaşadıqdan sonra onun valideynləri və bacıları ilə yola getməmiş, uşaqlarla birlikdə öz valideynlərinin evinə qayıtmışdır. X20 2011-ci ildə vəfat etmişdir. O, Rusiya Federasiyasından qayıtdıqdan sonra iddiaçı və uşaqları ilə birlikdə ayrılana kimi qardaşına məxsus evdə yaşamışlar. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı mübahisələndirdiyi evə gəlin köçməmiş, uşaqlar həmin evdə anadan olmamış və iddiaçı həmin evdə yaşamamışdır. Daha sonra İddiaçı İbrət qızı ilə ailə münasibətləri pozulduğu üçün ayrılmış və Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. İddiaçının həmin evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi üçün heç bir əsas yoxdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Nofel oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının istifadə hüququnun tanınması və köçürülməsini tələb etdiyi ev 1990-cı ildən atası X3 mülkiyyətində olmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti başçısının Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli, 911 nömrəli arayışdan görünür ki, İddiaçı İbrət qızı 2001-ci ildə Bədişqala kənd sakini Cavabdeh Nofel oğlu ilə ailə həyatı quraraq Bədişqala kəndində yerləşən X5 məxsus evə gəlin köçmüşdür. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(029)-755/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Nofel oğlunun cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların himayədə saxlanılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçı Cavabdeh Nofel oğlu ilə cavabdeh İddiaçı İbrət qızı arasında 26 avqust 2004-cü il tarixdə Qusar rayonu Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 23 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqlar-01 noyabr 2002-ci il təvəllüdlü X11 və 01 oktyabr 2004-cü il təvəllüdlü X8 iddiaçı Cavabdeh Nofel oğlunun himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 avqust 2020-ci il tarixli, **********91 saylı məktubundan görünür ki, X3 və Cavabdeh Nofel oğlunun adına Qusar rayonu, Bədişqala kəndində ümumi birgə 0.8149 hektar (**********49) və 4.241 hektar (**********8) kənd təsərrüfatı təyinatlı torpaq sahələri, həmin kənddə ümumi birgə 0.09 hektar torpaq sahəsinə verilmiş JN-045A KOD 30107028 nömrəli və 0.25 hektar torpaq sahəsinə verilmiş JN-045F KOD 30107028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, X3 adına Qusar rayonunun Bədişqala kəndində fərdi yaşayış evi (qeydiyyat vəsiqəsi yoxdur) aşkar edilmişdir. Qusar rayonunun Bədişqala kəndində ümumi birgə 4.241 hektar (**********48) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X4 məxsus olan hissəsi Qusar rayon notariat kontorunun 20 noyabr 2019-cu il tarixli, 2V-856 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Qusar rayonunun Gündüzqala bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli, 48 saylı məktubundan görünür ki, Cavabdeh Nofel oğlu həyat yoldaşı İddiaçı İbrət qızı ilə birgə Bədişqala kəndində qardaşı X7 adına olan həyətyanı torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikərək uzun müddət həmin evdə yaşamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məlumatı əsas tutaraq Cavabdeh Nofel oğlunun mərhum atası ilə birgə Bədişqala kəndində yerləşən JN-045F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.25 hektar həyətyanı torpaq sahəsində mövcud olan yaşayış evində anası və kiçik qardaşı ailəsi ilə yaşayır, JN-045A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.09 hektar həyətyanı torpaq sahəsində isə qardaşı X12 yaşayış evi tikərək ailəsi ilə birgə yaşayırlar. İş materiallarında olan Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli arayışdan görünür ki, X9 22 iyul 2011-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş kodu 30107028 olan, JN-045F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli, 7/3 saylı qərarı ilə X3 və ailə üzvlərinin mülkiyyətinə Qusar rayonu, Bədişqala kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar rayonu, Bədişqala kəndinə yerləşən 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 63,0 kv.m, yardımçı sahəsi 31,3 kv.m olan fərdi yaşayış evi X3 adına şəxsi mülkiyyət hüququ əsasında reyestr kitabında 459 nömrə ilə 18.05.1990-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Qusar rayon İcra Hakimiyyəti başçısının Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli, 06 nömrəli arayışdan görünür ki, 2006-2019-cu illərdə İddiaçı İbrət qızı həyat yoldaşı Cavabdeh Nofel oğlu ilə birlikdə yaşadığı dövrdə Cavabdeh Nofel oğlunun qardaşı X7 adına olan həyətyanı torpaq sahəsində bir mərtəbəli yaşayış ev inşa edərək 2006-cı ildən 2019-cu ilə kimi həmin evdə yaşamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi mübahisəli evin hüquqi rejimini müəyyən etmədən hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və Azərbaycan Respublikası MM-nin 228.5-ci maddələrini tətbiq edərək iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi 18.05.1990-cı il tarixdən X9 olmuş, X9 22 iyul 2011-ci il tarixdə ölmüşdür. İddia ərizəsindən görünür ki, İddiaçı İbrət qızının iddia tələbi mərhum X3 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədədir və iddia tələbini 2001-ci ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh Nofel oğlu ilə evlənməsi, Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X4 məxsus evə gəlin köçməsi, cavabdehlə aralarındakı nikahı 26 avqust 2004-cü il tarixdə rəsmi qeyd etdirməsi və həmin evdə yaşaması ilə əsaslandırmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci madəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. İş materiallarından, iddia ərizəsindən, tərəflərin izahatlarından görünür ki, iddiaçı ilə Qusar rayonunun Bədişqala kəndində yerləşən evin mülkiyyətçisi olmuş X9 arasında iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, iddiaçının evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Nofel oğlunun apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnaməsi qəbul edilsin. İddiaçı Cavabdeh Nofel oğluna qarşı evdən istifadə hüququnun verilməsi və evə köçürülməyə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar