Məhkəmə qərarları › İş №2(105)-524/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-524/2025

01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-524/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3265/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5405 manat və ödənilmiş dövlət rüsumu üçün 74 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 5.405,00 (beş min dörd yüz beş) manat məbləğində ziyanın, o cümlədən dövlət rüsumu olaraq ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İmamverdi oğlu, idarə etdiyi “Geely Tugella” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəh, Nəsimi rayonu, M.Əliyev küç. ilə S.Vurğun küçəsi istiqamətindən Bül-bül prospekti istiqamətində hərəkət edərkən avtomobil yolunun sağ hissəsində velosipedlərin hərəkəti üçün ayrılmış zolağın üzərində dayanmış, sürücüsü Cavabdeh2 olan “Saipa Saina” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında əyləşmiş sərnişin Cavabdeh1 tərəfindən avtomobilin sağ arxa qapısı qəflətən açılmış və iddiaçının avotomobilinə zərər vurmuşdur. Qeyd olunan hadisə baş verən əraziyə yol-patrul xidməti əməkdaşları yaxınlaşmış və tərəflər araşdırmanın aparılması üçün Bakı şəhər X6 İdarəsinə yaxınlaşmışlar. Araşdırma zamanı tərəflərin izahatları alınmış, “Saipa Saina” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və həmin avtomobilin arxa oturacağında əyləşən və bilavasitə qapını açan sərnişin Cavabdeh1 barəsində inzibati xəta haqqında protokollar tərtib olunmuş, yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuşdur. Bundan əlavə, məlum olmuşdur ki, Cavabdeh2 idarə etdiyi avtomobil icbari qaydada sığorta edilməmişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə 5405 (beş min dörd yüz beş) manat məbləğində ziyan dəymişdir. Belə ki, hadisə nəticəsində avtomobilin kapotu, qabaq sağ qanadı, qabaq bamperi, qabaq farası və s. zədələnmiş, həmin zədələrin aradan qaldırılması üçün avtomobilin qabaq sağ qanadı, qabaq sağ qanadın montaj kronşteyni, qabaq bamperi, qabaq bamperin sağ montaj kronşteyni, qabaq sağ farası dəyişilmiş, dəmirçi, rəngsaz, armatur və elektrik işləri aparılmışdır. Qeyd olunan təmir-bərpa işləri “X8” iddiaçının idarə etdiyi “Geely” avtomobilinin rəsmi servisi tərəfindən həyata keçirilmiş və müvafiq qüsur aktı tərtib olunmuşdur. İddiaçı İmamverdi oğlu tərəfindən onun avotomobilinə dəymiş ziyanın aradan qaldırılması cavabdehlərə təklif olunsa da, sonuncular ziyanın aradan qaldırmasından imtina etmişlər. Beləliklə,cavabdehlər tərəfindən vurulmuş ziyan iddiaçı tərəfindən öz vəsaiti və gücü hesabına aradan qaldırıldığından, hazırda vurulmuş ziyanın aradan qaldırılması üçün iddiaçının çəkdiyi xərclərin əvəzinin ödənilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qeyd edilənləri və Abşeron Rayon Məhkəməsinin 2(012)-3265/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qəti şəkildə razılaşmır. Bu hadisədə onun heç bir günahı yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3903/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verildiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3903/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarını poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə almış və qeyri-iş günləri səbəbi ilə şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlayır. Ətraflı olaraq bildirir ki, Bakı şəhər DYPİ polis kapitanı X1 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də ona 30 (otuz) manat məbləğində cərimə tətbiq edilmişdir. Onu bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarı yeni əldə etmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 16:53 radələrində M.Əliyev küçəsinə getmək üçün “Bolt” şirkətindən taksi sifariş vermişdir. Belə ki, ünvana çatdıqda taksi sürücüsü maşını düz yolun ortasında saxlayaraq, maşından düşməyini bildirdi. Münasib bir yerdə saxlamasını təklif etdi, lakin təklifinə məhəl verilmədi. Onlar 3 nəfərdən ibarət idilər. Onlar həm sol, həm sağ qapını açıb düşmək istədilər. O, sol tərəfdən qapını açan zaman digər maşın sürətlə gəlib qapıya çırpıldı və o maşına tərəf əyilmişdir. Hadisə zamanı xəsarət almamışdır. Bu zaman hər iki maşının sürücüsü onu günahkar bilərək, hadisəni onun törətdiyini dedilər. Onun halı pisləşmiş və rəfiqələrinin köməkliyi ilə evə qayıtmışlar. Orda olan zaman hadisə yerinə polis dəvət olunmamışdır. Təxminən 2 gün müddət keçdikdən sonra onun mobil nömrəsinə 30 manat məbləğində cərimə olunmağı barədə sms gəlmişdir. Daha sonra Bakı şəhər DYP-dən ona zəng olunmuş və onu inzibati binaya dəvət etdilər. O, qardaşı ilə birlikdə Bakı şəhər DYP-yə getmiş və hadisə barədə izahat yazmışdır. O, 30 manat cərimə pulunu online şəkildə ödəmişdir. xx.xx.2024-cü il tarixdə ona Abşeron Rayon Məhkəməsinin hakimi Mirnəsir Mirhəsənnlinin icraatında olan 2(012)- 3265/2024 nömrəli iş barədə məlumat gəlmişdir. O, üzrlü səbəblərdən həmin məhkəmə iclasında iştirak edə bilməmişdir. O, qəti şəkildə bu qeyd edilənlər ilə razı deyil. Həyəcanlı və stres içində olduğu üçün həmin cərimə pulunu ödəmişdir. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilərək, Cavabdeh1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3903/2024 nömrəli qərarının ləğv edilməsi, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Həmin qərarı şikayətinə əlavə edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilib-edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi və qüsur aktı ilə müəyyən edilmiş 5405 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasını əsaslı hesab etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi qətnaməni özünə aid hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İddiaçı idarə etdiyi “Geely Tugella” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev küçəsi ilə S.Vurğun küçəsi istiqamətindən Bül-bül prospekti istiqamətində hərəkət edərkən avtomobil yolunun sağ hissəsində velosipedlərin hərəkəti üçün ayrılmış zolağın üzərində dayanmış, sürücüsü Cavabdeh2 olan “Saipa Saina” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının açılması nəticəsində iddiaçının avotomobilinə zərər vurulması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi dəymiş maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096, 21-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). İşin araşdırılmış hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(006)-3903/2024 nömrəli qərarının ləğv edilməsi, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsiri müəyyən edilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında Cavabdeh1 tərəfindən İddiaçı maddi zərər vurulmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar