Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-526/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7405,12 manat əsas, 1352,84 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 8777,96 manat borcun tutulması, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, satışdan əldə edimiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi qət edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 2(105)-434/2021 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsi ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin likvid dəyərinin 45000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 2(105)-434/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2021-ci il tarixli, 2(102)-6787/2021 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 434/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat müəyyən olunması” hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 02.09.2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə) olmaqla, cəmi 10102,71 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.m yaşayış, 55,5 kv.m köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyət tərəfindən Cavabdeh2 02.09.2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsinə əsasən illik 20 faizlə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 03.07.2013-cü il tarixli, 108.CL.030713.00001/a saylı ipoteka müqaviləsinə 02.09.2014-cü il tarixli 1 saylı əlavəyə əsasən Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində mülkiyyətində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.m. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Cavabdeh3 ilə 108.CL.020914.00001/c saylı, 02.09.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilmədiyindən, 01 avqust 2019-cu il tarixə banka 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə), cəmi 10102,71 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyana bildiriş göndərilmiş, bildiriş reyestr orqanında qeydə alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində ev boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsində mübahisələndirir. Belə ki, 8777,96 manat borca görə evin hərracdan satılması ədalətli və qanuni deyildir. Həmin borcu 1 il ərzində ödəmək mümkündür. Ev hərraca çıxarıldıqdan və satıldıqdan sonra onlar evdən könüllü olaraq çıxmadıqları halda, onlara qarşı evin boşaldılması tələbi qoyula bilər. Əslində ev 6 otaqdan ibarətdir, əlavə olaraq həyətdə iki mərtəbəli bir tikili vardı, həmin tikilinin birinci mərtəbəsində iki qaraj, ikinci mərtəbəsində iki böyük otaq, hamam və ayaqyolu yerləşir, evin azı 110000 manat qiyməti vardır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, satışdan əldə edimiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissərində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2021-ci il tarixli, 2(102)-6787/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 2(105)- 434/2021 saylı qətnaməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissəsində ləğv edildiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 30000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 108.CL.020914.00001/c saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin Cavabdeh3 bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 03 iyul 2013-cü il tarixli, 108.CL.030713.00001/a saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 03 iyul 2013-cü il tarixli, 108.LN.2106.030713.00001 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 108.CL.030713.00001/a saylı ipoteka müqaviləsinə əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 50000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, M.Əliyev küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.5 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət olan 1A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 20.06.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilməsi 04.09.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 19/3358 saylı bildirişin surətindən görünür ki, ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi barədə ipoteka qoyan Cavabdeh1 xəbərdar edilmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi barədə bildiriş 21.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan 01.08.2019-cu il tarixli, 05/213 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 01.08.2019-cu il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 7405,12 manat əsas, 1352,84 manat faiz və 1344,75 manat cərimə olmaqla, cəmi 10102,71 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 03.06.2020-ci il tarixli,17 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 50000 manat təşkil edir. İş materiallarında olan “B + Ş audit konsaltinq” MMC-nin 11.04.2021-ci il tarixli, M 12/21 saylı qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin likvid dəyəri 44000-45000 manat təşkil edir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edərkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 16.03.2021-ci il tarixdə ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. 11.04.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyən olunmuşdur ki, ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin likvid dəyəri 45000 manatdır. İşdən görünür ki, ipoteka predmetinin dəyəri birinci instansiyası məhkəməsi tərəfindən 50000 manat məbləğində müəyyən olunmuş, həmin məbləği iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh2 apellyasiya şikayətində əslində evin 6 otaqdan ibarət olduğunu, əlavə olaraq həyətdə iki mərtəbəli bir tikilinin olduğunu, həmin tikilinin birinci mərtəbəsində iki qarajın, ikinci mərtəbəsində iki böyük otağın, hamam və ayaqyolunun olduğunu, evin azı 110000 manat qiyməti olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evi 1 mərtəbə, 2 otaq, 47.5 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ipoteka ilə yüklü edilmişdir. Tərəflər ipoteka müqaviləsində ipoteka predmetini 50000 manat qiymətləndirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-526/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-526/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver