Məhkəmə qərarları › İş №2(105)-527/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-527/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-527/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-565/2017 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim İ.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 1.709 manat məbləğində pul vəsaitinin alınıb X4 verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inflyasiya dərəcəsi nəzərə alınmaqla 1709 (min yeddi yüz doqquz) manat məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, 16cı mikrorayon ərazisində yerləşən “Yazı Düzü” ticarət obyektində fiziki şəxs kimi kombi cihazlarının və digər müxtəlif növ istilik sistemlərinin satışı ilə məşğuldur. xx.xx.2014-cü ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh işlədiyi ticarət obyektinə gələrək yaşadığı mənzilə istilik sistemləri və ləvazimatları almaq istədiyini, lakin nəğd pulu olmadığı üçün həmin malları müqavilə ilə almaq istədiyini bildirmişdir. Onlar razılığa gəldikdən sonra, aralarında bağlanmış 415 saylı daxili müqaviləyə əsasən ona hər ay ödəniş etmək şərti ilə 2009 (iki min doqquz) manat dəyərində istilik sistemləri və ləvazimatları avadanlığı satılmışdır. Cavabdeh ümumilikdə 1809 (bir min səkkiz yüz doqquz) manat ödənilməsi haqqında və borcun vaxtında ödənilməyəcəyi təqdirdə satıcının gələcəkdə çəkəcəyi xərcləri və uğradığı zərəri əvəzləşdirmək məqsədi ilə alıcının satıcıya 1000 (bir min) manat əlavə vəsaitin ödənilməsi şərti daxilində müqavilə imzalanmışdır. 15669 saylı, xx.xx.2014-cü il tarixli qaimələrə əsasən, Cavabdeh “Yazı Düzü” ticarət obyektindən istilik sistemləri və santexnika ləvazimatlarını almış və bu günə kimi müxətlif vaxtlarda cəmi 1100 (bir yüz) manatdan başqa heç bir ödəniş etməmişdir. 1 ədədinin qiyməti 9 (doqquz) manat dəyərində olan 62 (altmış iki) ədəd Radiator 500 Pasotti Joker, 1 ədədinin qiyməti 120 (yüz iyirmi) manat dəyərində olan 1 (bir) ədəd Sushilka 50/100, 1 ədədin qiyməti 850 (səkkiz yüz əlli) manat dəyərində olan 1 (bir) ədəd Kombi 32 kv İmmergas Alpha, 1 ədədinin qiyməti 22 (iyirmi iki) manat dəyərində olan 1 (bir) ədəd Komplekt kombi set, 1 ədədinin qiyməti 25 (iyirmi beş) manat dəyərində olan 1 (bir) ədəd Requlyator A qaz Mondial gnali 16-60 İ mbar, 1 ədədinin qiyməti 60 (altmış) manat dəyərində olan 1 (bir) ədəd Stablizator enerjy 500 kv, 1 ədədinin İ qiyməti 6 (altı) manat dəyərində olan 1 (bir) ədəd Shlang qaz ½ sm Ayvaz, 1 ədədinin qiyməti 6 (altı) manat dəyərində olan 1 (bir) ədəd Ventil ½ TDS qaz sarı, 1 ədədinin qiyməti 11 (on bir) manat dəyərində olan 1 (bir) ədəd İp tangit 160 m. 1 ədədinin qiyməti 1,10 (bir manat, on qəpik) dəyərində olan 1 (bir) ədəd Perexod 20-15 İD kombialtı. 1 ədədinin, qiyməti 0,50 (əlli) qəpik dəyərində olan 5 (beş) ədəd Baçonka A, 1 ədədinin qiyməti 5 (beş) manat dəyərində olan 6 (altı) ədəd Asılqan, 1 ədədinin qiyməti 8 (səkkiz) manat dəyərində olan 2 (iki) ədəci PPR-kjuraşel vana 25, 1 ədədinin qiyməti 5 (beş) manat dəyərində olan 12 (on iki) ədəd Ventil rad Günay balalca, 1 ədədinin qiyməti 8 (səkkiz) manat dəyərində olan 2 (iki) ədəd Ventil sushilka, 1 ədədinin qiyməti 1,90 manat dəyərində olan 16 (on altı) ədəd PPDA 25x1/2, 1 ədədinin qiyməti 1,90 manat dəyərində olan 4 (dörd) ədəd PPDD 25x1/2, 1 metrin qiyməti 0,75 (yetmiş beş) qəpik dəyərində olan 60 (altmış) metr İzolyasiya boru 20 lent, 1 metrin qiyməti 1,30 manat dəyərində olan 80m ALPP3 fiber pk-n 1 ədədinin qiyməti 0,18 (on səkkiz) qəpik dəyərində olan 10 (on) ədəd Klips, 1 ədədinin qiyməti 0,40 qəpik dəyərində olan 60 (altmış) ədəd PPYD, 1 ədədinin qiyməti 0,30 qəpik dəyərində olan 10 (on) ədəd PPYM 25, lədədinin qiyməti 0,45 (qırx beş) qəpik dəyərində olan 14 (on dörd) ədəd PPYT 25, 1 ədədinin qiyməti 0,40 (qırx qəpik) dəyərində olan 10 (on) ədəd PPYD 25, 1 ədədinin qiyməti 1 manat dəyərində olan 3 (üç) ədəd Korpu 25. Hazırda Cavabdeh ödənilməmiş 1709 (bir min yeddi yüz doqquz) manat məbləğində öhdəliyi icra etmədiyi üçün borcludur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı Nicat Mahrealıyev qarşısında məsuliyyət daşıması əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı daxili müqavilə əsasında xx xxxxxx 2014-cü il tarixdə hər ay ödəniş etmək şərti ilə 2009 (iki min doqquz) manat dəyərində olan istilik sistemləri və ləvazimatlarını ümumilikdə 1809 (min səkkiz yüz doqquz) manat borcun və borcun vaxtında ödənilməyəcəyi təqdirdə satıcının gələcəkdə çəkəcəyi xərcləri əvəzləşdirmək məqsədi ilə alıcının satıcıya 1000 (bir min) manat əlavə vəsaitin ödənilməsi şərti ilə cavabdehə satdığını, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 1709 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan, yuxarıda qeyd olunan maddənin tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar