Məhkəmə qərarları › İş №2(105)-528/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-528/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-528/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment və alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3015/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(067)-1605/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması, 02 sentyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 sentyabr 2023-cü ildən başlayaraq Cavabdeh hər ay 150 manat məbləğdə sabit aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamə 02 sentyabr 2022-ci il təvəllüdlü X4 münasibətdə dərhal icra olunması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin 2(067)-1605/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 18 sentyabr 2017-ci təvəllüdlü Uğurun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsi, 02 sentyabr 2022-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin və uşağın 3 yaşına çatanadək hər ay 100 manat əlavə xərcin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 19 aprel 2019-cu ildən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda maddi imkanı çox aşağıdır. Cavabdeh tərəfindən ona ödənilən aliment uşaqların maddi tələbatını ödəmir. Ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin yüksək məbləğdə aliment ödməyə qadirdir. Cavabdeh hərbiçidir və yüksək qazanc əldə edir. Özü isə heç bir yerdə işləmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 150 manat aliment kəsməklə məhkəmə haqlı olmamışdır. Absurd və ədalətsiz qərar çıxarmış, ölkə prezidentinin 1 uşağın saxlanılması üçün 2023-cü il üçün 220 manat meyar müəyyən etməsinə baxmayaraq, məhkəmə bir uşaq üçün cəmi 150 manat aliment kəsmişdir. Azyaşlı uşağın 3 yaşına çatana kimi saxlanılması üçün əlavə xərci isə heç kəsməmişdir. Cavabdehin özünün və ailəsinin gilas bağları, “Qazel” və “Toyota Corolla” markalı avtomaşınları vardır. Bu yaxınlarda Sumqayıt şəhərində də ev almışlar. Qarşı tərəfin yaxşı imkanı vardır. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Bir uşaq üçün 150 manat aliment kəsəndə məhkəmə onun maddi vəziyyətini və ailə vəziyyətini, uşaqlarının maddi tələbatlarını nəzərə almamışdır. Hər uşaq üçün 220 manat aliment kəsmək əvəzinə, məhkəmə qanunu kobud surətdə pozmuş, hər uşaq üçün 150 manat aliment kəsmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirilmiş, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X2 üçün müəyyən edilən alimentin məbləği Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınaraq, alimentin məbləği 150 manata qədər artırılmış, lakin iddiaçı bu nəticədən narazı qalaraq qətnaməni mübahisələndirmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, yəni bu alimentin miqdarının tələb olunan məbləğdə artırılması üçün Cavabdeh maddi vəziyyətində dəyişiklik olmamış, yəni onun gəlirləri artmamışdır. İddiaçı Cavabdeh maddi vəziyyətindəki dəyişiklə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. Belə olan halda uşağın saxlanılması üçün müəyyən edilən yaşayış minimumu həddinin valideynlər arasında bərabər bölünməsi də ədalətli hesab edilə bilməz. Bunu nəzərə alan birinci instansiya məhkəməsi 02 sentyabr 2022-ci il təvəllüdlü X1 üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, hər iki tərəfin o cümlədən uşağın mənafeyinə uyğundur. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment uşaqların mənafeyinə uyğun olmaqla, saxlanılması üçün uşaqların marağının əhəmiyyətli dərəcədə məhdudlaşdırmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər (Ailə Məcəlləsinin 84.1., 84.2 və 84.2.2. maddələri). Qanunun mənasından da göründüyü kimi hüquqi faktlar mövcud olmalıdır ki, (ərarvadın rəsmi nikahı olması, aliment tələb edən ər-arvadın əmək qabiliyyətinin olmaması və maddi köməyə ehtiyaclarının olması, eləcə də aliment tələb olunan şəxsin buna zəruri vəsaitinin olması) ər-arvaddan bir-birinin xeyrinə məhkəmə qaydasında alimentin tutulsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri formal mülahizədən ibarət olduğu üçün təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay istər alimentin artırılması, istərsə də alimentin tutulması hissəsində 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləği istər alimentin artırılması, istərsə də ilkin alimentin tutulması hissəsində hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin bir il ərzində məcmusu isə (220-150=70 x 12 ay = 840 x 2=1680 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar