Məhkəmə qərarları › İş №2(105)-529/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-529/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-529/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(059)-524/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(059)-524/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(059)-524/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan pul almamış, müqavilə başqa bir əqdi pərdələmək üçün aralarında olan şərikli balıq alveri ilə bağlı yaranmış borca görə bağlanmışdır. Belə ki, 2018-ciildə balıq alveri ilə məşğul olarkən iddiaçı ilə tanış olmuş, ondan bir neçə dəfə balıq məhsulları almış, ziyana getdiyi üçün iddiaçıya borcu yaranmışdır. Həmin borcla bağlı 2019-cu ldə razılaşma olmuşdur ki, həmin borcun qaytarılması ilə bağlı aralarında kredit müqaviləsi bağlanmış. İddiaçı həmin borcu öz istədiyi qaydada hesablayaraq 45000 manat ziyana düşdüyünü bildirmiş, bu müqaviləni bağlamışdır. Göründüyü kimi bu əqd başqa əqdi pərdələmək üçün bağlanmış əqddir. Bu da etibarsız əqd hesab edilir. Bu əqdən sonra iddiaçıya ödənişlər etmiş, həmin əqd üzrə 30000 manat borcu qalmışdır. İddiaçı bunu etiraf etməmiş, pulu qaytarmağı ilə bağlı ondan qəbz almadığından istifadə edərək ondan müqavilədə göstərilən pulu tam tələb edir. Bununla bağlı məhkəmə iclasına şahidləri dəvət etmiş, lakin məhkəmə şahidlərin dindirilməsinə ehtiyac olmadığını bildirmişdir. Odur ki, Siyəzən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(059)-524/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, tərəflər arasında müqavilə qanunauyğun formada bağlanıb, iddia tələbi əsaslıdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(059)-524/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən tərəflər arasında kredit müqaviləsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materillarına əlavə olunmuş Abşeron rayonu 2 saylı notariat ofisində 19 fevral 2019-cu il tarixdə, reyestrdə 3M-337 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 19 avqust 2019-cu il tarixədək qaytarmaq şərti ilə 45000 manat məbləğində borc pul vermiş, həmçinin bu müqavilə üzrə notarius tərəfindən icra qeydi aparılmamışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl, Cavabdeh pretenziya qaydasında müraciət etməmiş və bu məsələnin məhkəmədən kənar həll edilməsini cavabdehə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 259.0 və 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan apellyasiya şikayəti qismən təmin edilməlidir. Eyni zamanda ərizəçiyə izah olunur ki, qərardadda müəyyən edilmiş qaydalara riayət etdikdən sonra bu məsələ ilə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir, hazırkı qərardad yenidən ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(059)-524/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar