Məhkəmə qərarları › İş №2(105)-529/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-529/2023

16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-529/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xudiyeva (Novruzlu) Fərəh Pənah qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması və xəstəlik xərclərinə cəlb olunma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhiyyədin qızı və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı Xudiyeva (Novruzlu) Fərəh Pənah qızı, Cavabdeh nümayəndəsi X9, nümayəndəsi və və vəkili Vəkil iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(034)-513/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları Müəyyən etdi İşin halları

1. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh və Novruzlu (Xudiyeva) Fərəh Pənah qızının birgə nikahından xx.xx.2018-ci il tarixdə X11 və xx.xx.2020-ci il tarixdə X12 doğumuşlar.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2394/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və Novruzlu (Xudiyeva) Fərəh Pənah qızı arasında xx.xx.2017-ci ii tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2546 nömrəli nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X12 ananın - İddiaçı yanında qalması, tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Nevroloji xəstəxanası X3 üzrə həkim tərəfindən verilmiş arayışdan görünür ki, X2 sahədə genişlənmə aşkar edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi» Publik Şəxs tərəfindən verilmiş 2109 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 yüngül koqnittiv pozuntu F06.7 diaqnozu qoyulmuşdur.

5. Liman Klinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X7 OU-G.S.D nəzərə çarpan durğunluğu, daxili müştərək strabizim diaqnozu qoyulmuşdur.

6. "xxxx" MMC və İddiaçı arasında hüquqi xidmətlərin göstərilməsi haqqnında xx.xx.3022-ci il tarixli, 62/22 nömrəli müqavilə bağlanmış və X13 tərəfindən xidmət haqqı olaraq 150 manat pul ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və xəstəlik xərclərinə cəlb olunması tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edib, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üzrə 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində alimentin, X5 xəstəlik xərcinin qarşılanması üçün hər ay 300 manat məbləğində xəstəlik xərci, X6 3 yaşınadək əlavə 100 manat məbləğində alimentin, məhkəməyə müraciət üçün çəkdiyi 250 manat məbləğində xərcin, 50 manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-2394/2021 nömrəli qətnaməsi ilə cavabdeh Togrul Novruzludan xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hesablanaraq ona ödənilən aliment məbləği ölkə üzrə 1 uşağın saxlanılması üçün tələb olunan aliment məbləğindən qat-qat aşağıdır. Həmçinin qızı Məryəmin sağlamlığında yaranan problemlə bağlı əlavə xəstəlik xərclərin ödənilməsinə zərurət yaranmışdır. Uşaqların saxlanılması üçün lazım olan xərclər əvvəlki kimi geyim, yemək və s. bu kimi xərclər deyildir. Onun təhsil alması ilə bağlı əlavə zəruri xərcləri yaranmışdır. Cavabdehin isə müntəzəm aylıq gəliri vardır, maddi durumu yaxşıdır. Uşaqlardan biri 2 yaş 8 aylıq, digəri isə 4 yaşındadır. 309 manat aliment alır. Qızının gözlərində çəplik olduğu üçün əməliyyat etdirmişdir. Atası əməliyyata heç bir köməklik etməmiş, xəstəxanaya belə gəlməmişdir.

9. Qızında əqli gerilik də var. Kurslara getməlidir ki, gəlib öz yaşıdlarına çatsın. 4 yaşı var, amma elə bil 3 yaşında uşaqdır. 3 yaşında uşaq necə qavrayıb dərk edirsə bu da onu götürür. Loqoped və psixoloq yanına getməlidir. Aldığı dərmanlar çox bahadır.

10. Zəngilan Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(034)-513/2022 nömrəli qətnaməsi ilə (hakim G.İmanova) iddia qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-2394/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş aliment məbləği dəyişdirilməmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün uşaq tam sağalanadək hər ay 150 manat məbləğində əlavə xərcin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbində 50 manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı hesab etmişdir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Eyni zamanda iddiaçının cavabdehlə birgə nikahlarından olan X6 3 yaşınadək saxlanması üçün 100 manat məbləğində alimentin ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı özünün işləməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddiaçının bu tələbi təmin edilməməlidir. Bununla yanaşı, iddiaçının ona göstərilən hüquqi xidmətlərə görə müqavilə azadlığı prinsipi əsasında ödədiyi istənilən məbləğdə xidmət haqqı, cavabdeh tərəfindən məhkəmə xərcləri kimi ödənilməli olmadığından iddiaçının məhkəməyə müraciət üçün çəkdiyi 250 manat məbləğində xərcin də cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı iddia tələbləri təmin edilməməlidir. Həmçinin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-2394/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş aliment məbləği dəyişdirilməməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərclərin ödənilməsinə cəlb olunmalı və Cavabdeh uşaq tam sağalanadək uşaqın müalicə xərclərinin ödənilməsi üçün hər ay 150 manat məbləğində əlavə xərc tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 76.1, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 112.1-ci maddələri və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(034)-513/2022 nömrəli qətnaməsinin qismən – xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün uşaq tam sağalanadək hər ay 150 manat məbləğində əlavə xərcin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özü hərbiçidir və təyin olunmuş alimenti vaxtlı-vaxtında ödəyir. Onun əlavə gəliri yoxdur. Hərbiçi maaşından əlavə 80 manat veteranlığa görə pensiya alır. Maaşı artmamışdır, özü də yaşayıb ailə qurmaq istəyir. Onun ailəsini iddiaçının atası və anası dağıtmışdır. Onlar uşaqdan soyuq silah kimi istifadə edirlər, uşaqları ona göstərmirlər. Məhkəmə qətnaməsindən sonra uşaqları saatla görür. İddiaçı özü xadimə işləyir, 300 manat maaş alır. İddiaçı məhkəmədə ifadəsində qeyd etmişdir ki, guya o, qumar oynayır. Bu tamamilə ağ yalandır. Onun qumarla işi olmaz, buna heç vaxtı da yoxdur. Onun evi yoxdur, anası ilə yaşayır. Uşağın müalicəsinə gəldikdə isə iddiaçının özü ilə birlikdə uşağı həkimə aparmağa və xərci nədirsə çəkməyə razıdır. Odur ki, onun anasının özünün də əziyyət çəkib işləməsini, övladlarına baxmasını və iddiaçının iddia tələbinin təmin olunmamasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, oğlu hərbçidir, aldığı əmək haqqı 620 manat təşkil edir. Məhkəmənin qətnaməsinə əsasən aylıq qazancının 1/3 hissəsində aliment ödəyir. hazırda iddiaçı tələbində göstərir ki, uşaq xəstədir, əməliyyata ehtiyacı var. O, uşağın gözündə anadangəlmə qüsur var. O, özü iddiaçının iştirakı ilə uşağı ən yaxşı həkimlərə göstərmiş və ona bildirmişlər ki, uşağın göz əməliyyatı yalnız 5-15 yaş arasında ola bilər. Lakin iddiaçı onlara xəbər etmədən 2 yaşlı uşağı özbaşına əməliyyat etdirmişdir. Hazırda iddiaçının əlavə xərc ödəməyə imkanı yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı iddia edir ki, cavabdeh uşağı ilə maraqlanmır. Halbuki həmin uşaq cavabdeh tərəfin iştirakı ilə müxtəlif xəstəxanalara aparılmış, oradan bildirmişlər ki, uşaq hələ rəngi seçə bilmir, ona görə də əməliyyat hələ tezdir. Lakin iddiaçı sonradan uşağın atasına məlumat vermədən uşağı əməliyyat etdirmişdir. Bununla belə cavabdeh hərbçidir və hamı bilir ki, hərbçi və onların ailə üzvələrinin müalicəsi üçün hərbi hospitalda ödənişsiz çox yaxşı şərait var. Bundan əlavə uşaqların xərcləri atası tərəfindən tam qarşılanır. Bu gün də ata olan cavabdeh uşağın müalicə və müayinə xərclərini ödəməyə hazırdır. Hətta cavabdehə nümunəvi xidəmtinə görə 13-14-cü maaş da verilir ki, həmin əlavələr də tutulmalar aparılır. Lakin iddiaçı əsassız yerə əlavə xərc tələb edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Xudiyeva (Novruzlu) Fərəh Pənah qızı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o bütün dəlillərini məhkəməyə təqdim etmişdir. Uşaq doğulandan müalicələrdədir. Bütün reseptləri və müayinə sənədlərini məhkəməyə təqdim etmişdir. Cəmi 309 manat aliment alır. Uşaqda əqli gerilik olmasa da, inkişafdan geri qalır. Qızı talassemiya daşıyıcısıdır və mütəmadi müalicəyə ehtiyacı var. Apellyasiya şikayətini qəbul etmir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

20. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(034)-513/2022 nömrəli qətnaməsinin qismən – xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün uşaq tam sağalanadək hər ay 150 manat məbləğində əlavə xərcin İddiaçı xeyrinə tutulması hissəsini mübahisələndirmişdir.

23. Ona görə də kollegiya həmin qətnaməni mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə əlavə xərcin məbləğinə münasibətdə dəyişdirilməlidir.

25. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və əlavə xərcin məbləğinə münasibətdə dəyişdirilməsi üçün əsaslıdır.

26. Belə ki, hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb bir neçə hissədən ibarət olmaqla, o cümlədən “uşağın xəstəlik xərcinin qarşılanması” barədədir.

27. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, birgə nikahlarından anadan olmuş Məryəm Novruzlu xəstədir, qızında əqli gerilik və yaşıdlarına münasibətdə inkişafdan geri qalma müşahidə olunur. Müvafiq kurslara getməlidir ki, gəlib öz yaşıdlarına çatsın. 4 yaşı var, amma elə bil 3 yaşında uşaqdır. 3 yaşında uşaq necə qavrayıb dərk edirsə bu da onu götürür. Loqoped və psixoloq yanına getməlidir. Əlavə olaraq gözündə qüsur var, həm də talassemiya daşıyıcısıdır. Aldığı dərmanlar çox bahalıdır.

28. Cavabdeh tərəf isə iddianı bu hissədə qəbul etmir və etirazını onunla əsaslandırır ki, hər ay qazancının 1/3 hissəsi məblğində aliment ödəyir və uşağın əlavə xərclərinin qarşılanmasında iştirak edir. Lakin əlavə olaraq hər ay 150 manat ödəməyə maddi imkanı yoxdur.

29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək, o cümlədən əlavə xərcləri qarşılamaq vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment və əlavə xərc ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi anasının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

30. Lakin yuxarıda qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır.

31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

32. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

33. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

34. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

35. Kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir

36. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

38. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün müəyyən edilmiş əlavə xərcin məbləği dəyişdirilərək, hər ay 100 (bir yüz) mаnаt məbləğində müəyyən edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(034)-513/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün alınmalı (tutulmalı) olan əlavə xərcin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin əlavə xərcin məbləği hər ay 100 (bir yüz) manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar