Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-537/2023 13.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3950/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borc olaraq ona verdiyi pulun cavabdehdə qalan hissəsinin, yəni qaytarmadığı 2520 manat pul və 45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində bir neçə yanlışlıqlar vardır ki, həmin yanlışlıqların dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bunlar aşağıdakılardan ibarətdir: 1. həmin iddia ərizəsinin 1-ci səhifəsinin 1-ci abzasının 5-ci sətrində “2020-ci il” əvəzinə, texniki səhv olaraq “2022-ci il” yazılmışdır. Həmin tarix “2020- ci il” kimi başa düşülsün və qəbul edilsin,
2. həmçinin, iddia ərizəsinin 1-ci səhifəsinin 1-ci abzasının 9-cu sətrində oradakı nöqtədən sonra “Bildirdi ki, oğlunun ikinci təhsili və aldığı qızıl-zinət əşyalarının pulunu ödəmək üçün ona yenidən pul lazımdır.” cümləsi əlavə olunmalıdır. Həmin cümlə həmin abzasa əlavə edilsin. 3. həmçinin, iddia ərizəsinin 1-ci səhifəsinin 12-ci sətrində yazılmış “Lakin sonradan mənə məlum oldu ki, Təranə məndən aldığı pulla da özünə qızıl-zinət əşyaları alıb.” cümləsi yalnış olduğu üçün qəbul olunmasın.” İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 13 ildən artıqdır ki, tanıyır. X3 Respublikası ərazisində yerləşən duz dağında olarkən tanış olmuşlar. Əvvəllər münasibətləri çox yaxşı olmuş, yaxın dost kimi bir-birilərinin evinə gedib-gəlmişlər. Təxminən, 2020-ci ilin sentyabr ayında cavabdeh ona oğlunun təhsili ilə əlaqədar 1000 manat pul lazım olduğunu bildirmiş və həmin məbləğdə pulu onun üçün tapmasını xahiş etmişdir. O da ona yaxın olan bir şəxsdən 1000 manat pulu öz adına alıb cavabdehə borc kimi vermişdir. Təxminən, iki ay sonra cavabdeh onun üçün yenidən pul tapmasını xahiş etmişdir. Belə ki, sözügedən pul vəsaiti cavabdehin oğlunun ikinci təhsili üçün, eyni zamanda aldığı qızıl-zinət əşyalarının pulunu ödəmək üçün lazım idi. O, cavabdehə yenə də tanıdığı adamdan 2600 ABŞ dolları tapıb vermişdir. Sonradan, cavabdeh borclu olduğu pulun müəyyən hissəsini ayrı-ayrı vaxtlarda qaytarmış, borc verdiyi pulların onda qalan hissəsini isə bu günə kimi qaytarmamışdır. Dəfələrlə istəməyinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmış və hazırda, 2520 manat borcu vardır. Artıq cavabdehin niyyəti bəlli olduğundan, yaranmış mübahisə ilə bağlı o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3950/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh borca görə 1800 (min səkkiz yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 45 (qırx beş) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 1845 (min səkkiz yüz qırx beş) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3950/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ
Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini təmin edəkən iş materillarında olan Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə təqdim olunan xx.xx.2021-ci il tarixli izahata əsaslanmışdır. Belə bir izahat mövcud olsa da, məhkəmə bunu ətraflı və obyektiv araşdırmamışdır. Bildirir ki, o, iddiaçıdan 2000 ABŞ dolları faizə pul götürmüş və bunun əvəzində ona 6500 manat pul ödəmiş, 600 ABŞ dollarını isə qonşusu Fidan adlı şəxs alıb və həmin pulu da Fidan ona ödəmişdir. Yəni hazırkı vəziyyətdə onun iddiaçıya heç bir borcu yoxdur. Bunu təsdiq edən şahidləri var və o həmin şahidlərin məhkəmə iclasında iştiraklarını təmin edəcdir. Bundan əlavə iddiaçı qanunsuz olaraq bank kredit təşkilatının funksiyaları yerinə yetirir. Lakin məhkəmə həmin şəxsin barəsində xüsusi qərardad çıxarmamışdır. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış o, isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür.
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ
Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
ƏSASLANDİRİCİ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı və onun oğlu Elşad Aldostovun mütəmadi olaraq telefon zəngləri ilə onu təhqir etdiklərini, şəxsiyyəti alçaldan sözlərdən istifadə etdiklərini bildirərək həmin şəxslər barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, 10 il bundan əvvəl tanış olduğu İddiaçı 2019-cu ilin sentyabr ayında ehtiyac olduğu üçün ayda 250 manat faiz vermək şərtilə 2600 ABŞ dolları borc götürmüşdür. Həmin vaxtlar işlədiyi üçün faizi ödəyə bilmiş, 2021-ci ilin iyul ayı da daxil olmaqla, faiz ödəmiş, lakin sonradan işdən çıxdığından ödəyə bilməmişdir. İddiaçı və oğlu Elşad arada yubanmalar olanda yaşadığı evə gələrək onu təhqir etmiş, şəxsiyyətini alçaldan söyüşlər işlətmişlər. Onun hazırda, İddiaçı 1800 manat borcu vardır, həmin borcu da bu ilin dekabr ayından 150 manat olmaqla ödəyəcəkdir. İş materiallarında olan Abşeron rayon Polis idarəsinin xx.xx.2021-ci il tarixli 383- 245A-3221 saylı məktubundan görünür ki, Cavabdeh müraciətdə qeyd olunmuş məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc hüquq münasibətlərindən irəli gələn mübahisə yaranmış, iddiaçı cavabdehə 1000 manat və 2600 ABŞ dolları borc vermiş, cavabdeh isə həmin borc məbləğlərini tez bir zamanda qaytarmağı öhdəsinə götürsə də, iddiaçıdan alınmış borc məbləğini müəyyən edilmiş müddətdə və məbləğdə tam şəkildə iddiaçıya qaytarmadığından iddiaçı 2600 ABŞ dolları pul vəsaitindən 1000 manat çıxılmaqla qalıq 2520 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı cavabdehin Abşeron rayon Polis idarəsi Saray Polis bölməsində verdiyi xx.xx.2021-ci il tarixli izahatı əsasında, cavabdehin iddiaçıya 1800 manat borcunun olması və həmin borcun hər ay 250 manat olmaqla ödəniş edilməsi barədə etirafı öz təsdiqini tapdığından məhkəmə cavabdehdən iddiaçının xeyrinə 1800 manat borcun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə 1000 manat və 2600 ABŞ dolları borc vermiş, cavabdeh isə həmin borc məbləğlərini tez bir zamanda qaytarmağı öhdəsinə götürsə də, iddiaçıdan alınmış borc məbləğini müəyyən edilmiş müddətdə və məbləğdə tam şəkildə iddiaçıya qaytarmamış və cavabdehin Abşeron rayon Polis idarəsi Saray Polis bölməsində verdiyi xx.xx.2021-ci il tarixli izahatına əsasən iddiaçıya 1800 manat borcunun olmasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıdan 2000 ABŞ dolları faizə pul götürdüyünü və bunun əvəzində ona 6500 manat pul ödədiyini, 600 ABŞ dollarını isə qonşusu Fidan adlı şəxsin aldığını və həmin pulu da Fidanın ona ödədiyini, hazırkı vəziyyətdə onun iddiaçıya heç bir borcunun olmadığını qeyd etsə də buna dair hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə cavabdeh Arslan X2 rayon Polis İdarəsi Saray Polis Bölməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda hazırda İddiaçı 1800 manat borcunun olduğunu, həmin borcu da bu ilin dekabr ayından 150 manat olmaqla ödəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(012)-3950/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.