Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-538/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC "xxxx"ın Cavabdeh qarşı qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(012)-4724/2018 saylı qətnaməsindən iddiaçı ASC "xxxx" tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddiaçı ASC "xxxx"ın Cavabdeh qarşı qalıq borc məbləğinin borc alandan tutulmasına dair iddianın cavabdeh X1 28.11.2016-cı il tarixinədək illik 18 faiz dərəcəsi ilə hesablanmış 1802,68 ABŞ dolları məbləğində isə adi faizlər üzrə borc məbləğinin, 03.09.2015-ci il tarixədək əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11,57 ABŞ dolları məbləğində penyanın, 28.11.2016-cı il tarixdən 08.08.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 21% dərəcəsi ilə hesablanmış 1763,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 7741,98 ABŞ dolları vəsaitinin, 08.08.2018ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edildiyi tarixədək əsas borc məbləğinə 21% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsi əsassız hesab edilməklə təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı ASC "xxxx" qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC “Xalq” Bank Cavabdeh qarşı qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bank ilə Cavabdeh arasında bağlanmış 28.11.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə **-DL-*** dövlət qeydiyyat nişanlı XETÇBEK tipli, ağ rəngli “SEAT İBİZA ST” markalı minik avtomobilin alınması məqsədi ilə 48 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə, 14 815 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi avtomobili 28.11.2012-ci il tarixli ipoteka müqaviləsi üzrə banka ipotekaya qoymuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi avtomobili 28.11.2012-ci il tarixli ipoteka müqaviləsi üzrə banka ipotekaya qoymuşdur. Abşeron rayon məhkəməsinin 22 iyun 2016cı il tarixli qətnaməsindən görünür ki, ipoteka predmeti üzrə avtomobilə tutma yönəldilməsi və Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 7 264,89 ABŞ dolları əsas borcun, 1073,99 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, cəmi 8 338,88 ABŞ dolları pul vəsaitinin və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğdə cəkilmiş xərclərin, habelə 30 manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı əsasında satılmış və 04.05.2017-ci il tarixində əmlakin satışından əldə edilən 3 101 ABŞ dolları məbləğində vəsait kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas borcunun bir hissəsinin qaytarılmasına yönəldilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın dəyərinin banka ödənilməsinə baxmayaraq cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında 4 163,89 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 28.11.2016-cı il tarixinədək illik 18 faiz dərəcəsi ilə hesablanmış 1802, 68 ABŞ dolları məbləğində isə adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün illik 15 faiz dərəcəsi ilə peniya da ödəməli idi. X7 Kredit Komitəsinin 03.09.2015-ci il tarixli 66 saylı Protokluna əsasən Borc alanın xeyrinə olaraq cərimə faizlərinin hesablanması dayandırılmışdır. 08.08.2018-ci il tarixinə cavabdehin cərimə faizlərinin hesablanmasının dayandırılmasınadək hesablanmış penya borcu cəmi 11,57 ABŞ dolları təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” AR-nın 15 aprel 2005-ci il tarixli Qanununun 47.5 maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də onun tərəfindən borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müəyyən edilmiş hesab etdiyi iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir və nəticədə mülki qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən edilməli, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni iddiaçı tərəfindən sübutlar təqdim edilməməsi ilə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyini qeyd etsə də, qətnaməyə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi bütünlüklə rədd edilmişdir. İşdən görünür ki, iddia tələbi pul vəsaitinin tutulması barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd etmək lazımdır ki, mövcud məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarın 5, 6.2, 6.8. bəndlərinin tələbləri pozulması ilə qəbul edilmişdir. Bu halda məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında 28 noyabr 2012-ci il tarixdə **-DL-*** dövlət qeydiyyat nişanlı XETÇBEK tipli, ağ rəngli “SEAT İBİZA ST” markalı minik avtomobilin alınması məqsədi ilə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik 18 faizlə 48 ay müddətinə 14815 ABŞ dolları məbləğində cavabdehə kredit verilmiş, həmin kreditin təminatı olaraq 28.11.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İşin digər halı isə ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə 8.338,88 ABŞ dolları borcun tutularaq kreditin təminatı olaraq avtomobilə yönəldilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3144 № 02 iyun 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 28.11.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 7258,60 ABŞ dolları, faiz borcu üzrə 1718,80 ABŞ dolları, 08.08.2018-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik 5% lə hesablanmaqla) əsas borc üzrə 4157,60 ABŞ dolları, faiz borcu üzrə 2544,07 ABŞ dolları təşkil edir. İşdən görünür ki, Abşeron rayon məhkəməsinin 22 iyun 2016-cı il tarixli qətnaməsi ilə ipoteka predmeti üzrə avtomobilə tutma yönəldilməsi və Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 7264,89 ABŞ dolları əsas borcun, 1073,99 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, cəmi 8 338,88 ABŞ dolları pul vəsaitinin və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğdə cəkilmiş xərclərin, habelə 30 manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı əsasında satılmış və 04.05.2017-ci il tarixində əmlakin satışından əldə edilən 3101 ABŞ dolları məbləğində vəsait kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas borcunun bir hissəsinin qaytarılmasına yönəldilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın dəyərinin banka ödənilməsinə baxmayaraq cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında 4163,89 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 28.11.2016-cı il tarixinədək illik 18 faiz dərəcəsi ilə hesablanmış 1 802, 68 ABŞ dolları məbləğində isə adi faizlər üzrə borcu qalmışdır. Məhkəmə kollegiyası iddia tələbinin 4163,89 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun, 28.11.2016-cı il tarixinədək illik 18 faiz dərəcəsi ilə hesablanmış 1802, 68 ABŞ dolları məbləğində isə adi faizlər üzrə borc məbləğinin, 03.09.2015-ci il tarixədək əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11,57 ABŞ dolları məbləğində penyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının bu tələbi təmin edilmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi). Göründüyü kimi iddiaçının mübahisələndirdiyi borc məbləği birinci instansiya məhkəməsinin qüvvədə olan qətnaməsi əsasında cavabdehdən tutulması təmin edildiyindən, təkrar olaraq həmin borcun cavabdehdən tələb edilməsi iddiası əsassızdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 4 163,89 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun, 28.11.2016-cı il tarixinədək illik 18 faiz dərəcəsi ilə hesablanmış 1 802, 68 ABŞ dolları məbləğində isə adi faizlər üzrə borc məbləğinin, 03.09.2015-ci il tarixədək əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11,57 ABŞ dolları məbləğində penyanın tutulması hissəsində əsassız olduğundan, təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, iddiaçı bank həmin məbləğləri əvvəlki məhkəmə aktı üzrə qərarın icrası qaydasında tələb etməsini istisna etmir. Məhkəmə kollegiyası iddia tələbinin 28.11.2016-cı il tarixdən 08.08.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 21% dərəcəsi ilə hesablanmış 1763,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 439.3. maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Mülki Məcəllənin 445.7. maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 3 iyun 2013cü il tarixli qərarında göstərmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Həmçinin həmin qərarda göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı ASC "xxxx"dan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 28.11.2016-cı il tarixdən 08.08.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 21% dərəcəsi ilə hesablanmış 1763,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi (dolların manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. iddiaçı ASC "xxxx"dan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-538/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-538/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver