Məhkəmə qərarları › İş №2(105)-538/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-538/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-538/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5539/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5539/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim A.İsmayılov). Qətnamədən iddiaçı bank apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12181.08 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12181.08 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 iyun 2008-ci il tarixli, RBB1386 (i) №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (“Yelo Bank“ ASC ) illik 27 faizlə 60 ay müddətinə 24500 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən, 3 otaqlı , 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzili 2008-ci il 11 iyun tarixli, RBB1386 (i) №-li ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. “Nikoyl İKB “ ASC Cavabdeh qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli, 2 (060)- 2760 saylı qətnaməsi ilə Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc , 4412 manat faiz borcunun və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, 2 (105)-219/2010 tarixli qətnaməsi ilə tərəfin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc, 4412 manat faiz borcunun və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Hazırda 11 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli qətnaməsindən 07 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün tutulmuş ümumi borca illik 5 (beş) faizlə hesablanmış 12181.08 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12181.08 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı bank iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı banka olan borcunu tam ödəmişdir. Bununla bağlı ona borcu olmaması barədə sənəd istəsə də, bank qərəzli mövqe tutaraq verməmişdir. Lakin Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti tərəfindən ona heç bir borcunun olmaması barədə sənəd verilmişdir. Borcunu ödədiyi üçün ipotekaya qoyulmuş mənzili özünə qaytarılmışdır. Hazırda həmin mənzil arvadının adınadır. Bankın daha nə istədiyi ona məlum deyildir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarından görünür ki, Cavabdeh 11 iyun 2008-ci il tarixli, RBB1386 (i) №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (“Yelo Bank“ ASC ) illik 27 faizlə 60 ay müddətinə 24500 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən, 3 otaqlı , 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzili 2008-ci il 11 iyun tarixli, RBB1386 (i) №-li ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Yenə iş materiallarında Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli, 2 (060)-2760 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, 2 (105)-219/2010 tarixli qətnamələrindən məlum olur ki, Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 23555.51 AZN əsas borc, 4412 manat faiz borcunun və 3145.9 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən, 3 otaqlı, 65.51 kv.m ümumi sahədən, 39.6 kv.m yaşayış sahəsindən ibarət 72 nömrəli evin, 75 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Yenə də işdə olan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.06.2020-ci il tarixli qərarından məlum olur ki, tərəflər arasında ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı müxtəlif məhkəmə mübahisələri olmuşdur. O cümlədən həmin qərardan görünür ki, ipoteka predmeti olan mənzil 27.09.2017-ci il taixindən bankın mülkiyyətinə keçmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə ) yerləşən 72 nömrəli evin 75 nömrəli mənzili 10.03.2022-ci ildən X2 adına qeydiyyata alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5539/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, bank ilə borclu cavabdeh arasında kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Son nəticədə ipoteka predmeti olan mənzil Bankın mülkiyyətinə keçmişdir. Banka olan borc məbləği ödənildiyindən mənzil ilkin sahiblərinə qaytarılmışdır. İddiaçı kreditin vaxtında qaytarılmaması nəticəsində banka ziyan dəydiyini iddia edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müqaviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da, məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır (Mülki Məcəllənin 424.2-424.3-cü maddələri). Müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu, artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıyır (Mülki Məcəllənin 443.2, 449.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasma dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-nin 449-cu maddəsinin "ondan faydalanmağa görə" müddəası özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımm bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, MM-nin 449-cu maddəsinə əsasən faydalanmağa görə fazilərin tutulmasıpul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki - hüquqi məsuliyyət tədbiridir. Daha öncə qeyd olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliyin təminatı olan ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmişdir. Hazırki halda cavabdehin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində maddi xeyrin əldə edilməsi öz təsdiqini tapmamışdır. Beləliklə də, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın cavabdehin təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmır. İpoteka predmetinin ilkin satış qiymətənin məhkəmə qaydasında mübahisələndirilməsi isə özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bank apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5539/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyasiya şikayəti vermiş iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar