Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-538/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cəlb olunmaqla) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 4438/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili ünvanında yerləşən 41 saylı ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat, **********43-05101-093001 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus əmlaka vurulmuş 30000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi ümumi sahəsi 75,0 kv.m olan bir mərtəbəli fərdi yaşayiş evindən, həmin evin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçı tikilidən və digər təyinatlı tikililərdən ibarətdir. Fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən ona məxsus 4.2 m x 12 m ölçüdə yardımçı tikili 24 dekabr 2023-cü il tarixdə saat-12 radələrində "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülərək məhv edilmişdir. O, əməkdaşların qanunsuz hərəkətlərinin qarşısını almağa çalişsa da orada olan Yasamal rayon Polis İdarəsinin əməkdaşları onu oradan uzaqlaşdıraraq, tikilinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülməsinə şərait yaratmışlar. "xxxx" ASC-nin əməkdaşlarından ona məxsus həmin yardımçı tikilini hansı əsasla sökmələrini soruşsa da, heç bir əsas göstərmədilər və rəsmi sənəd təqdim etməkdən imtina etmişlər. "xxxx" ASC qeyd edilən hüquqa zidd fəaliyyəti nətəcəsində ona məxsus əmlaka 30000 manat məbləğində zərər vurmuşdur. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi və digər cinayətlərin əlamətləri var. O, "xxxx" ASC-nin əməkdaşları ilə görüşüb əmlakına vurulmuş maddi ziyanı tələb edərkən, ASC-nin rəhbər şəxsi kimi özünü təqdim edən İbrahim adlı şəxs ona demişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məxsus əmlaka vurulmuş maddi ziyan ASC tərəfindən tam olaraq ödəniləcəkdir, heç bir yerə şikayət etməyin. O da sözlərə inanaraq bu barədə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməmişdir. Sonradan maddi ziyanın ödənişinin kecikdirilməsini görüb hər dəfə "xxxx" ASC-nin əməkdaşları, o cümlədən İbrahim müəllimlə görüşüb vurulmuş maddi ziyanı tələb edərkən, İbrahim müəllim onlara vaxt verilməsini, vurulmuş maddi ziyanı tam olaraq ödəyəcəklərini bildirmişdir. Lakin artıq hazırda ona məlum olmuşdur ki, "xxxx" ASC onun əmlakına vurduqları maddi ziyanı qəsdən ödəmir. Ona görə də bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. "xxxx" ASC tərəfindən ona məxsus Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçı tikilinin qəsdən sökülərək məhv edilməsini təsdiq edən şahidlər, fofoşəkillər və videogörüntü vardır. Onun tərəfindən yardımçı tikili tikilərkən müafiq icra hakimiyyətinə məlumat verilməyib və həmin tikilinin layihəsi olmayıb. Evin yerləşdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi onun mülkiyyətində deyildir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ərizəsində qeyd edilən sahənin "xxxx" ASC tərəfindən sökülməsini bildirmiş və bununla da sübutetmə vəzifəsi onun üzərinə düşmüşdür. Lakin iddiaçı ərizəsində göstərilənləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçı tikili "xxxx" ASC tərəfindən sökülməmişdir. Fotoşəkildə və video görüntüdə "xxxx" ASC-nin əməkdaşları deyildir, orada MİS-in işçiləri və polislər görsənir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4438/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirə bilməmiş, dəymiş zərərin 30000 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillər və videoçəkilişdə olan şəxlərin "xxxx" ASC-nin əməkdaşları olduğunu göstərsə də, digər tərəf bunları inkar etmiş və bununla da həmin şəxslərin həqiqətən də ASC-nin işçiləri olması öz təsdiqini tapmamışdır.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.1, 48.1, 75.1, 75.2, 75.3, 75.3.1, 75.3.2, 75.3.3, 75.4, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsi 2(012)-4438/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qətnamə qəbul edərkən işə obyektiv, hərtərəfli və tam baxmadan, onun iddia tələbinin əsası kimi istinad etdiyim halı sübuta yetirə bilmədiyini, məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillər və videoçəkilişdə olan şəxlərin "xxxx" ASC-nin əməkdaşları olduğunu göstərsə də, digər tərəfin bunları inkar etməsi və bununla da həmin şəxslərin həqiqətən də ASC-nin işçiləri olması öz təsdiqini tapmaması sözlərindən ibarət fikirlərə əsaslanaraq iddia tələbini rədd etmişdir. Halbuki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçıq tikilinin sökülərək məhv edilməsi işdə olan fotoşəkillər, video görüntü və hadisənin şahidi olmuş şəxlər tərəfindən tərtib edilmiş aktla tam təsdiq olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
10. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
15. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...)
16. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
18. Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin mübahisəsiz hallarına görə iddiaçının özünə məxsus olduğunu qeyd etdiyi yardımçı tikili sökülmüşdür. Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili ünvanında yerləşən 75,13 kv.m olan 41 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydə alınsa da, həmin evin və mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət və ya istifadə hüququ dövlət reyestrində qeydə alınmamışdır. O cümlədən, həmin evə dair xx.xx.2018-ci il tarixdə tərtib olunmuş texniki pasportda mübahisəli tikili yardımçı və ya digər tikili kimi ümumiyyətlə əks olunmamışdır.
28. İşin mübahisəsiz halları ilə həmçinin müəyyən olunmuşdur ki, iddiaçının evinin və sökülmüş mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsində hazırda cavabdeh tərəfindən hərhansı söküntü və tikinti işləri aparılmır.
29. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektlərinin sökülməsi adlanan 95-ci maddəsində isə tikintisi başa çatmamış tikinti obyektinin sökülməli olduğu hallar, o cümlədən tikintiyə dövlət nəzarətinin həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etməli olduğu hallar öz əksini tapmışdır.
31. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən və video görüntüdən mübahisələndirilən tikilinin sökülməsi müəyyən olunsa da, söküntünün məhz cavabdeh tərəfindən aparılması həmin sübutlarla təsdiq olunmur.
32. Digər tərəfdən, məhkəmə iclasında iddiaçı söküntü işi həyata keçirilən zaman Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının orada olduğunu, həmin əməkdaşların cavabdeh şirkətin istəyi ilə söküntünü icra etdiyini bildirsə də, bu halı təsdiq edən sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.
33. Məhkəmə iclasında verdiyi izahatda cavabdehin nümayəndəsi tikilinin onlar tərəfindən sökülmədiyini bildirərək göstərmişdir ki, iddiaçıya məxsus evin sahəsi əslində 73 kv.m-dir, digər tikililər ilə birlikdə ümumi sahə 105 kv.m təşkil edir. İddiaçıya məxsus evin sahəsinin 105 kv.m olması ərazi üzrə mənzil istismar səhəsinin və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin işçilərinin iştirakı ilə müəyyən olunmuşdur. Müvafiq akt tərtib olunandan sonra iddiaçı tərəf həmin həyətdə yardımçı tikilini tikmişdir. Tikilinin yerləşdiyi ərazi üzrə mənzil istismar səhəsinin və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin işçiləri tikinti işlərini dayandırmaları ilə bağlı iddiaçıya xəbərdarlıq etmişlər, lakin iddiaçı tikinti işini dayandırmamışdır. İddiaçı daha çox məbləğdə kompensasiya ala bilməsi üçün həmin tikilini tikmişdir. İddiaçının atası ilə telefonla danışmış və o, özü onlara məxsus evin sahəsi ilə bağlı aktı təqdim etmişdir və həmin aktda evin sahəsi 105 kv.m kimi qeyd olunmuşdur. İddiaçının atası ilə danışan zaman ona bildirmişdir ki, həmin 105 kv.m sahəyə əsasən onlara kompensasiya veriləcəkdir. Qarşı tərəf əlavə kompensasiya almaq istəyir və bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
34. Kollegiya qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
35. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Beləliklə cavabdeh tərəfindən iddiaçının əmlakına ziyan vurulması halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4438/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.