Məhkəmə qərarları › İş №2(105)-539/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-539/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-539/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat tutulan alimentin artırılaraq, hər ay 193 manat alimentin, xx.xx.2019-cu il təvəllüdlü X3 müalicəsi məqsədilə hər ay 500 manat məbləğində əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2478/2022 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia qismən təmin edilmişdir.

3. İddiaçı həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş və buraxılmış prossesual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya şikayətinin qəbul olunaraq işin məhkəmə baxışına təyin olunmasını xahiş etdi.

5. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyini əsas gətirərək qeyri-mümkün hesab edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3 prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.1 apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir.

8. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, verilmiş vəsatətə münasibət bildirmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

10. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

11. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldi:

Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(067)-2478/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülkikollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar