Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-540/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X10, Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(060)-6411/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(060)-6411/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməmiş və ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə aid edilməsi qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(060)-6411/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 2.157 (iki min bir yüz əlli yeddi) ABŞ dolları məbləğində borcun Cavabdeh1 "Yelo Bank” ASC-nin xeyrinə tutulması, 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək cavabdehlərin ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşadıqları üçün 14.700 (on dörd min yeddi yüz) manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti və Şirinov bamran Xalid oğlu arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 25.500 ABŞ dolları məbləğində illik 27 faiz olmaqla, 36 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 15 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilmiş, Cavabdeh1 ümumilikdə cəmi 26.624 ABŞ dolları məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə yönəldilmiş, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 və qeyrilərinin istifadə hüquqları itirilmiş, onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, Bankın iddia tələbi qismən təmin edilərək Cavabdeh1 ümumilikdə 21.540 ABŞ dolları məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 13cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kreditin gecikməyə düşdüyü 15 iyun 2015-ci il tarixdən ipoteka predmeti olmuş əmlakın Bankın balansına götürülməsi hesabına borcun silinməsi tarixi olan 04 aprel 2017-ci il tarixinədək 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Banka gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 2.157 (iki min bir yüz əlli yeddi) ABŞ dolları borc vardır. Məhkəmə qətnaməsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə tutma yönəldilmiş və cavabdehlərin həmin mənzilə olan istifadə hüquqları itirilməklə mənzilin boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2017-ci ilin mart ayından 2021 -ci ilin mart ayınadək cavabdehlər ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşamaqda davam etmişdir. Həmin dövr üçün bir aylıq kirayə haqqı 300 (üç yüz) manat olmasını nəzərə alaraq Banka 14.700 (on dörd min yeddi yüz) manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 004- 18/06- İN/21 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinin 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək orta aylıq kirayə haqqı 300 (üç yüz) manat təşkil edir. Seriya RX № ******* saylı 02 mart 2017-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzil "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (hazırki adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) mülkiyyətində olmuşdur. 30 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzil Bank (mülkiyyətçi) tərəfindən X1. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tələb olunan borc məbləğini ödəməkdən boyun qaçırırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 20 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MM-nin 445.7, 449.1-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi R.N.Abdullayev apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin 24.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 25.500 ABŞ dolları məbləğində illik 27 faiz olmaqla, 36 ay müddətinə kredit verilmişdir. 24 iyun 2021-ci il tarixinə Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumi borcu (əldən çıxmış fayda olaraq hesablanmış 5 %) 2.157 (iki min yüz əlli yeddi) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rx seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, mənzil 23 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" İKB ASC-nin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 02.03.2017-ci il tarixində qeydiyyata alınmışdır. 30.03.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Yelo Bank ASC mülkiyyətində olan ünvan 1ünvanda yerləşən yaşayış sahəsi 54500 (əlli dörd min beş yüz) manata X2. Azərbaycan Respublikası "xxxx" MMC-nin “Qiymətləndirmə Hesabatı”ndan görünür ki, İddiaçı ASC-yə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, mənzil 23 ünvanında 81.5 kv.m ümumi, 53.13 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilin icarə dəyəri mart 2017ci il tarixdən 2021-ci il iyun ayınadək 15600 (on beş min altı yüz) manat həcmində hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(060)-659/2016 saylı qətnaməsi ilə "xxxx" X6 və Cavabdeh1 arasında 15 yanvar 2015-ci il tarixli, 4-G-1-0-42-15 saylı kredit müqaviləsinə əsasən 17 fevral 2016-cı il tarixinədək hesablanmış 21.505 (iyirmi bir min beş yüz beş) ABŞ dolları əsas borc, 2.188 (iki min yüz səksən səkkiz) ABŞ dolları faiz borcu, gecikdirməyə görə 2.931 (iki min doqquz yüz otuz bir) ABŞ dolları dəbbə pulu, cəmi 26.624 (iyirmi altı min altı yüz iyirmi dörd) ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 "xxxx" X3 xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzilə yönəldilməsi, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzilin ilkin satış qiyməti 68.000 (altmış səkkiz min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X7 və X8 istifadə hüquqları itirilmiş hesab olunması, onların həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması, satışdan əldə olunan pul vəsaitinin Cavabdeh1 "xxxx" İKB-nə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, evin satışından artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11.07.2017-ci il tarixli, 2(102)-5116/17 saylı qərarı ilə müyyən olur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-271/2017 nömrəli iş üzrə 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)659/2016 saylı, 26 fevral 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilərək "xxxx" X6 ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, 4-G-1-0-42-15 saylı kredit müqaviləsinə əsasən 17 fevral 2016-cı ıl tarixinədək hesablanmış 21505 (iyirmi bir min beş yüz beş) ABŞ dolları əsas borc, 151 (yüz əlli bir) ABŞ dolları 41 (qırx bir) sent faiz, gecikdirməyə görə 20 (iyirmi) ABŞ dolları dəbbə pulu, cəmi 21540 iyirmi bir min beş yüz qırx) ABŞ dolları 41 (qırx bir) sent ödəniləcək günə manat ilə məzənnəs: hesablanmaqla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 "xxxx" X3 xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53,4 otaqlı ümumi sahəsi 81,5 kv.m olan 23 saylı mənzilə yönəldiməsi, həmin mənzilin ilkin satış qiymətinin 68000 (altmış səkkiz min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, mənzilin satışından əldə edilən vəsait hesabına 21505 (iyirmi bir min beş yüz beş) ABŞ dolları əsas borc məbləğinin, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla müəyyən edilməsi və həmin pul vəsaitinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi və ya ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitinin iddiaçı "xxxx" X3 tələblərini ödəməyə kifayət etməzsə, borcun çatışmayan məbləğinin Cavabdeh1 tutularaq "xxxx" X4 ödənilməsi, iddia ərizəsinin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81,5 kv metr olan 23 saylı mənzilin açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81,5 kv metr olan 23 saylı mənzildə, qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X11 və X9 istifadə hüquqlarının itirilmiş hesab olunması, onların həmin mənzildən çıxarılması və həmin mənzil boşaldılması hissəsində iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-271/2017 nömrəli iş üzrə 28 fevral 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni yeni qətnamə qəbul edilmiş, Bankın iddia tələbi qismən təmin edilərək Cavabdeh1 ümumilikdə cəmi 21.540 ABŞ dolları məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçının nümayəndəsi iddia ərizəsində xahiş etdiyi tələb üzrə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və iddiasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739cu maddə). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür (maddə 442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1). Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur (maddə 445.3). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (maddə 449.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarı kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası münasibətlərinə dair Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə edilmiş hüquqi mövqelərdən də göründüyü kimi kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. İddia ərizəcindən görünür ki, bank kreditin gecikməyə düşdüyü 15 iyun 2015-ci il tarixdən ipoteka predmeti olmuş əmlakın bankın balansına götürülməsi hesabına borcun silinməsi tarixi olan 04 aprel 2017-ci il tarixidək 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 faiz) 2,157 ABŞ dolları borcun tutulmasını tələb etmişdir. Halbuki "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 25.500 ABŞ dolları məbləğində illik 27 faiz olmaqla, 36 ay müddətinə kredit verilmişdir. Müqavilədən də göründüyü kimi sonuncu ödəniş müddəti 15 yanvar 2018-ci il tarix müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə kredit müqavləsinin qüvvədə olduğu müddət üçün kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yoxdur və onun yalnız həmin tələblə müraciət etmək hüququ kredit müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün nəzərdə tutulur. Bundan əlavə iddiaçı bank 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək cavabdehlərin ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşadıqları üçün 14.700 (on dörd min yeddi yüz) manat məbləğində dəymiş ziyanın tələb etsə də, iddiaçı bankın qətnamənin qanuni qüvvəsini aldığı tarixdən etibarən icra mərhələsində cavabdehlər və onların ailə üzvlərinin qanunsuz olaraq bankın mülkiyyətində olan mənzildə yaşamaqla icra hərəkətlərinə mane olmaları və mənzili banka təhvil verməmələri barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, dəfələrlə təklif edilməsinə baxmayaraq həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(060)-6411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-540/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-540/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver