Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-542/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(067)-3013/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5049/2016 nömrəli 10 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən 160 manat aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən iki uşağının saxlanması üçün alimentin məbləğinin artırılaraq 386 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikahları pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5049/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş, xx.xx.20107-cu il təvəllüdlü Sevincin və xx.xx.2014-cü il təvəllüdlü Cahidin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən 160 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Uşaqlar böyüdükçə onların təlabatları da artır. Hal-hazırda isə alimentin 1 uşağa görə məbləği 193 manat müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(067)-3013/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 5049/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 165 manat – cəmi 330 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Vüsalə Qasımova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının onstitusiyanın 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2, 112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz rayon məhkəməsinin 2(067)- 3013/2022 nömrəli 30 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin qismən təmin edilərək Xaçmaz rayon məhkəməsinin 2(067)- 5049/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılıaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat-cəmi 200 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İşə birinci instansiya məhkəməsində baxılarkən o, rəsmi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə boşandıqdan sonra xx.xx.2017-ci il tarixdə X2 ilə rəsmi nikah əsasında evlənmiş və bu nikahdan onların xx.xx.2021-ci il təvəllüdlü bir uşaqları vardır. O, Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən xahiş etmişdir ki, hazırda rəsmi nikahda olduğu arvadı X6 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilsin. Lakin məhkəmə vəsatətini qəbul etsə də, ona heç bir qiymət verməmiş, vəsatətinin təmin edilib-edilməməsi barədə hər hansı qərardadı elan etməmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə iddia tələbini qismən təmin edərək hər uşağa hər ay tutulmalı olan alimentin miqdarını 165 manat-cəmi 330 manat müəyyən edərkən onun hazırkı vəziyyətdə ailə şəraitini, ikinci nikahdan bir azyaşlı uşağının himayəsində olmasını nəzərə almamışdır. O, məhkəməyə həmçinin işlədiyi Dövlət Neft Şirkəti “Azəriqaz” X5 X9 İdarəsindən 01 oktyabr 2022-ci il tarixli arayışı təqdim etmişdir ki, həmin idarədə çilingər peşəsində işləməklə orta aylıq əmək haqqı 695,57 manat təşkil edir. Məhkəmə iclasında bütün yuxarıda göstərilənlərə əsaslanaraq o. iddia tələbinin qismən qəbul etdiyini və iddiaçının himayəsində olan uşaqların saxlanması üçün ona hər ay hər uşaq üçün 100 manat-cəmi 200 manat aliment ödəmək iqtidarında olduğunu bildirmişdir. Belə ki, onun orta aylıq əmək haqqısı 695,57 manat olduğu təqdirdə hər ay ondan 97,38 manat gəlir vergisi tutulur və cəmi 598,19 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ali Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən üç və daha çox uşağa görə tutulan alimentin miqdarı qazancının yarısı miqdarında olmalıdır. Belə olan halda əmək haqqının alimentə tutulmalı məbləğ 598,19:2=299 manat təşkil edir. Bu hesabla da üç uşaq üçün hər ay 300 manat tutulduqda hər uşaq üçün tutulan alimentin miqdarı 100 manat təşkil edir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanun: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 404-1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24). Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli qətnaməsinı çıxarılmasıdan 6 il keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiya, habelə cavabdehin ikinci nikahdan da azyaşlı uşağının saxlanması kimi vəzifəsinin olması nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin 386 manat olmasına baxmayaraq, iddianın qismən, aliment məbləğini hər ay hər uşaq üçün 165 manat – cəmi 330 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X10rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 165 manat –cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(067)-3013/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-542/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-542/2023
15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver