Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-543/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4634/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 bankın bolkart layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 300 manat manat məbləğində bərpaolunan kredit xətti açmışdır.
2. xx.xx.2013-cü il tarixli balansdankənar məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd kart X5 təhvil verilmişdir.
3. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X4 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********64- 05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanınnda yerləşən ümumi sahəsi 85,6 kv.m olan 6 saylı mənzildən ibarətdir.
4. İddiaçı ASC tərəfindən tərtib edilmiş 13 may 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə 300 manat əsas, 639,70 manat faiz və 38,93 manat məbləğində cərimə borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqaviləyə əsasən 300 manat əsas, 639,70 manat faiz və 38,93 manat cərimə, cəmi 978,63 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqavilələrə əsasən bank tərəfindən ona ümumilikdə 300 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X4 banka ümumi olaraq 978,63 manat borcu vardır. X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh X4 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X5 verilmiş **********64- 05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.6 kv/m olan 16 saylı mənzildən ibarətdir.
7. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X6 ilə İddiaçı ASC arasında xx.xx.2013-cü il tarixdə BAL0560111/12 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank mərhum həyat yoldaşına ümumilikdə 300 manat məbləğində kredit vermişdir. Həyat yoldaşı X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun qanuni vərəsəsidir. Mərhum həyat yoldaşından qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə ona - həyat yoldaşına verilmiş **********64-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev-38A ünvanında yerləşən, ümumi sahəsi 85,6 kv/m olan 16 saylı mənzildən ibarətdir ki, həmin mənzil hazırda onun adınadır və o, bu mənzildə yaşayır. xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqavilə mərhum həyat yoldaşı X6 ilə İddiaçı ASC arasında bağlanmış və həmin müqavilədən onun xəbəri olmamışdır. Əgər mərhum həyat yoldaşı X4 ərizəçi İddiaçı ASCyə borcu var idisə, nəyə görə bu vaxta qədər susmuş və mərhumun sağlığında ona qarşı belə bir iddia tələbi irəli sürməmişlər? Müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmış, X6 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Yəni borc məbləği bu müddət ərzində ödənilməmişdirsə, nəyə görə X3 borcun ödənilməsi tələb olunmurdu? Nəyə görə 12 ildən sonra bu borcun ödənilməsi ondan - 70 yaşlı xəstə qadından tələb olunur? Hazırda, o, təqaüddədir və səhhətində xeyli problem var. Aldığı aylıq təqaüd onun bir aylıq dolanışığına kifayət etmir.
8. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı verilmiş iddia tələbi üzrə müddətin tətbiq edilməsi əsası ilə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.2014-cü il tarixində vəfat etmiş və o zaman o, həyat yoldaşının kredit götürməsindən məlumatı olmamışdır. 2014-cü ildən 2024-cü ilə kimi bank tərəfindən ona bu barədə məlumat verilməmişdir. Hazırda hesab edir ki, iddiaçının ondan vərəsəlik qaydası ilə kredit borcunun ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh müddətin təqdim olunması ilə bağlı məhkəməyə təqdim olunmuş ərizəsində göstərilən halların nəzərə alınmamasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ilə xx.xx.2013-cü il tarixində bağlanmış müqaviləyə görə borcluya 300 manat məbləğində kredit verilmişdir və hazırda mərhumun banka 300 manat əsas, 639,70 manat faiz və 38,93 manat cərimə olmaqla, ümumilikdə 978,63 manat borcu vardır. Borclu xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Cavabdeh vərəsəsi olduğu şəxsin borcu olması ilə bağlı xəbərdar olmuş və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmişdir. xx.xx.2015-ci il tarixli şəhadətnamədən görünür ki, iş üzrə Cavabdeh mərhumun vərəsəsidir. Göründüyü kimi, qanunvericiliyə əsasən vərəsəliyin açılması barədə məlumatın əldə olunması bankın borcu deyildir. Lakin xx.xx.2015-ci ildə qanun üzrə vərəsəliyin açılması ilə bağlı banka rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumat alınması barədə isə xx.xx.2023-cü il tarixində notariusa sorğu göndərmiş və vərəsəliyin açılmasından xx.xx.2023-cü il tarixində notariusun cavabı ilə məlumatlı olmuşlar. Cavabdeh borcu ödəməkdən imtina etdiyi üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət olunmuşdur. Notariusun xx.xx.2023-cü il tarixli cavabı ilə yeni hüquq münasibəti yaranmış, yəni vərəsəyə qarşı iddia hüquqları yaranmış və iddia müddətinin axımının xx.xx.2023-cü il tarixindən başlanılması nəzərə alınaraq iddia müddəti buraxılmamışdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4634/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə mərhum X6 arasında 12 fevral 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 31 yanvar 2016-cı il tarixədək müəyyən edilmişdir. X2 16 yanvar 2014-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi olan Cavabdeh 08 sentyabr 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçı isə məhkəməyə 24 iyun 2024cü il tarixdə müraciət etmişdir. İddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi üçün notariusa 23 noyabr 2023-cü il tarixdə sorğu göndərməsi və bununla bağlı məlumatı 30 noyabr 2023-cü il tarixində əldə etməsi iddia müddətinin keçməməsi barədə nəticəyə gəlmək üçün əsas deyildir. Başqa sözə desək iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2015-ci il tarixində verilməsinə baxmayaraq onu gec əldə etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olmamışdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 739, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın acılması barədə miras qovanın kreditorlarına, məlumat verməvə borcludurlar. X4 qanun üzrə 1-ci dərəcəli vərəsəsi Cavabdeh onun İddiaçı ASCyə kredit borcu olması barədə məlumatlı olmuşdur. Təşkilatı hüquqi formasından asılı olmayaraq heç bir hüquqi şəxs fiziki şəxsin fərdi məlumatlarını onun razılığı olmadan əldə edə bilməz. X4 ölüm haqqında şəhadətnaməsi məhz onun vərəsəsi tərəfindən təqdim olunmuşdur (bank həmin sənədi başqa cür əldə edə bilməzdi). Həmçinin, xx.xx.2015-ci ildə vərəsəlik işinin açılması və miras əmlakın Cavabdeh verilməsinə dair Banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumatdan isə xx.xx.2023-cü il tarixində məlumatlı olmuşdur. Belə ki, bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumat alınması barədə isə xx.xx.2023-cü il tarixində notariusa sorğu göndərmiş və vərəsəliyin açılmasından xx.xx.2023-cü il tarixində notariusun cavabı ilə məlumatlı olmuşdur. Cavabdeh borcu ödəməkdən imtina etdiyi üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət olunmuşdur. Notariusun xx.xx.2023-cü il tarixli cavabı ilə yeni hüquq münasibəti yaranmış, yəni vərəsəyə qarşı iddia hüququ yaranmış və iddia müddətinin axımının xx.xx.2023-cü il tarixindən başlanılması nəzərə alınaraq, iddia müddəti buraxılmamışdır. Sumqayıt Şəhər Məhkəməsi isə vərəsəlik barədə məlumatı əldə etmək öhdəliyini əfsuslar olsun ki, onun üzərinə qoyaraq iddia tələbinə qərəzli mövqe bildirmişdir. Halbuki, mülki normadan da görmək olur ki, bu öhdəlik bankın deyil, mirası qəbul edən şəxsin öhdəliyidir. Hazırki qətnamə üzrə yaranan mülki mübahisədə vərəsə miras aktivini qəbul edir, lakin miras passivini qəbul etməkdən imtina edir. Halbuki, Mülki Məcəllədə miras əmlakına ümumi anlayış verilərək bildirilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh mirasın passivini qəbul etməməsi, həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4634/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi, nəticə etibarı ilə mirasın qəbulu zamanı vərəsənin əsassız varlanmasına qanunsuz şərait yaratmış olacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (...)
20. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
21. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
22. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
23. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
24. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi bağlanmış və İddiaçı ASC tərəfindən X5 bankın bolkart layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 300 manat manat məbləğində bərpaolunan kredit xətti açmışdır. İddiaçı ASC ilə mərhum X6 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir.
35. X2 xx.xx.2014-cü ildə vəfat etmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə X4 qanun üzrə vərəsəsi təyin edilmiş və o, X5 verilmiş **********64-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanınnda yerləşən ümumi sahəsi 85,6 kv.m olan 6 saylı mənzildən ibarət miras əmlakdan tam hissədə pay almışdır.
36. Kredit müqaviləsi üzrə borc ödənilməmiş və İddiaçı ASC xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit borcunun Cavabdeh tutulmasını xahiş etmiş, Cavabdeh isə iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
37. İddia müddətinin tətbiqi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.
38. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
39. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
41. Həmin Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
43. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
44. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.
45. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi üçün notariusa 23 noyabr 2023-cü il tarixdə sorğu göndərməsi və bununla bağlı məlumatı 30 noyabr 2023-cü il tarixində əldə etməsi iddia müddətinin keçməməsi barədə nəticəyə gəlmək üçün əsas deyildir.
46. Bundan başqa, Mülki Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
47. Lakin hazırkı mübahisə üzrə cavabdeh borc barədə məlumatı olmadığını bildirmi, bunun əksini isə iddiaçı tərəf sübuta yetirə bilməmişdir.
48. Beləliklə, iddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya iddia müddətinin ötürülməməsinə səbəb olan sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməsi əsaslı olmuşdur.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
50. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4634/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.