Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-544/2022 18.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair Şabran Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, e-2(031)-808/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, e-2(031)-808/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir (hakim İsgəndərov Çingiz). İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilərək Şabran Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, e-2(031)-808/2021 saylı qətnaməsinin ləğv olunmasını, cavabdehdən müqavilə üzrə 546.45 manat qalıq borcu və 64.92 manat cərimə borcu olmaqla, cəmi 611.37 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC birinci instansiya məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq borcludan müqavilə üzrə 546.45 manat qalıq borcu və 64.92 manat cərimə borcu olmaqla, cəmi 611.37 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə borclu arasında balanmış 18.06.2020-ci il tarixli ŞHRK03621 saylı alqı-satqı müqaviləsinə əsasən, borcluya 576.45 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş «ödəniş qrafiki»nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Buna görə iddiaçı borcludan müqavilə üzrə 546.45 manat qalıq borcu və 64.92 manat cərimə borcu olmaqla, cəmi 611.37 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında bir ədəd “Samsung” markalı A31, 64 GB yaddaş ölçülü telefon satılmışdır. Telefon bir müddət istifadə olunduqdan sonra cavabdeh izahatında bildirir ki, telefonu bir həftə sonra yaranan nasazlıqlarla bağlı geri qaytarmışdır. Halbuki iyul ayının 10-da mağazaya yaxınlaşmış və telefonun enerji yığmadığını bildirmişdir. Samsung serviz plazaya yaranmış problemin aradan qaldırılması üçün telefon göndərilmiş və mütəxəssislər tərəfindən telefona baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, həmin qüsurlar istehsalçı qüsuru deyildir. Samasung servis plazanın İddiaçı MMC-yə heç bir tabeçilik münasibətləri yoxdur və müstəqil bir hüquqi şəxsdir. Aydın olur ki, mobil telefonda yaranan problemlər istehsalçı qüsuru deyil, istehlakçı tərəfindən yaradılmışdır. Apellyasiya şikayətində Şabran Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, e-2(031)-808/2021 saylı qətnaməsinin ləğv edilməsi, cavabdehdən müqavilə üzrə 546.45 manat qalıq borcu və 64.92 manat cərimə borcu olmaqla, cəmi 611.37 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat vermiş və Şabran Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, e-2(031)-808/2021 saylı qətnaməsinin ləğv olunmaqla, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş 18.06.2020-ci il tarixli ŞHRK03621 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 576.45 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin Şabran filialından 18.06.2021ci il tarixdə aldığı telefon aparatını 2 həftə keçməmiş aldığı mağazaya geri qaytarmış, həmin vaxtdan da telefon onda olmamışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə 02.09.2021-ci il tarixində müraciət etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırki iddia ilə məhkəməyə cavabdehin telefonu mağazaya qaytardıqdan 1 il 2 ay keçdikdən sonra müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən isə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən müqavilədən imtina olunaraq alınmuş telefon geri qaytarılmış və onun tərəfindən telefon qaytarılıqdan sonra müqavilədə nəzərdə tutulan borcun hissə-hissə ödənilməsindən imtina edilmiş, iddiaçı isə telefonun geri qaytarılması ilə bağlı müqavilənin ləğvilə razılaşaraq 1 il 2 ay ərzində cavabdehə qarşı hər hansı iddia ilə məhkəməyə müraciət etməmiş, cavebdehin özünə qarşı həmin müddət ərzində hər hansı yazılı etiraz etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, e-2(031)-808/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-544/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-544/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver