Məhkəmə qərarları › İş №2(105)-544/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-544/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-544/2023 21.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(074)-1177/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 0064072AZN02982 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,382.23 (bir min üç yüz səksən iki manat, iyirmi üç qəpik) manat əsas borc, 155.74 (bir yüz əlli beş manat, yetmiş dörd qəpik) manat faiz borcu, 2,380.55 (iki min üç yüz səksən manat, əlli beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,918.52 (üç min doqquz yüz on səkkiz manat, əlli iki qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC08769İB/2018 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmçinin tərəflər arasında ÜŞT-yə əlavə olan 0064072AZN02982 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və Borcalana xx.xx.2019-cu il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 180% olmaqla, 2,000 (iki min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 727 gün təşkil edir.Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz verilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəraradı ilə etiraz ərizəsi geri qaytarılmışdır. Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(074)-1177/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1,382.23 manat əsas borc, 155.74 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 1587,97 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284, 385.1, 442, 445.1, 445.2.1, 448, 462.1, 739.1, 739.2, 467-ci , Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(074)-1177/2022 nömrəli qətnaməsinin cərimə borcuna dair hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-08769İB/2018 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmçinin tərəflər arasında ÜŞT-yə əlavə olan 0064072AZN02982 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və Borcalana xx.xx.2019-cu il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 180% olmaqla, 2,000 (iki min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1267 gün təşkil etmişdir. Nəticədə Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Qətnamə cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apelyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. X3 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, xx.xx.2022-ci il tarixə cavabdeh tərəfindən 0064072AZN02982 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1267 gün olduğundan cərimə məbləğinin 50 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iclasın iştirakları olmadan keçirilməsini, qətnamənin cərimə borcuna dair hissədə ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cərimə borcuna dair hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavbabdehdən tutulan cərimə borcunun məbləği hissəsində müzakirə edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(074)-1177/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-cu il tarixli fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2019 cu il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 180% olmaqla, 2,000 (iki min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən 1,382.23 (bir min üç yüz səksən iki manat, iyirmi üç qəpik) manat əsas borc, 155.74 (bir yüz əlli beş manat, yetmiş dörd qəpik) manat faiz borcu, 2,380.55 (iki min üç yüz səksən manat, əlli beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,918.52 (üç min doqquz yüz on səkkiz manat, əlli iki qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankı cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə 2380,55 manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 50 manat məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə əsas borca görə cərimə borcunun tutulması hissəsində də gəldiyi nəticədə əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(074)-1177/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(074)-1177/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar