Məhkəmə qərarları › İş №2(105)-545/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-545/2024

22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-545/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(067)-2822/2023 nömrəli qətnaməsindən iddiaçı Əlifxanova (Fərzəliyeva) Humay Füzuli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Əlifxanov (Əlifxanlı) Amin Pərviz oğlunun, xx.xx.2015-ci il təvəllüdlü Əlifxanova (Əlifxanlı) Məryəm Pərviz qızının və xx.xx.2020-ci il təvəllüdlü Əlifxanova (Əlifxanlı) Zöhrə Pərviz qızının saxlanması üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2831/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunan üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 345 (üç yüz qırx beş) manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğinin Cavabdeh - tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 2831/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 19.09..2022-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 115 manat olmaqla cəmi 345 manat məbləğində aliment pulu və bir uşaq uçün əlavə olaraq 3 yaşına çatana kimi saxlanılması üçün 40 manat məbləğində pulu cavabdehdən alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladlarının 10, 8, 3 yaşı var. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2831/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədə qeyd olunmuş 345 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Məlumat üçün bildirir ki, övladının 3 yaşı tamam olduğu üçün 40 manat tutulmur. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Onu da qeyd edir ki, cavabdeh uşaqla ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir, onun uşaqları tək saxlamağı çətin olur. Böyüdükcə uşaqlarda ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində iddiaçı izahatında göstərmişdir ki, rəsmi nikahdan 3 uşağı var. Hər uşağa 115 manat aliment ödəyir. Heç bu məbləği də tam ödəmir. Hər uşaqdan 220 manat olmaqla, ümumilikdə 660 manat aliment tələb edir. O, analıq vəzifəsini yerinə yetirir. Lakin cavabdeh yerinə yetirmir. Cavabdeh ayda 40-50 manat olmaqla aliment ödəyir. O, özü işləmir. Azyaşlı uşaqlara baxır deyə işləyə bilmir. Cavabdehin özünün fındıq bağı da var. Bu səbəbdən iddian təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində cavabdeh izahatında göstərmişdir ki, onun maddi imkanı yoxdur. Özünün iş yeri yoxdur. İş olsa, müraciət edib işləyər. Lakin, lap işə düzəlsə də, maaş 300 manatdan çox olmur. O, iddiaçının dediyi məbləği heç cür ödəyə bilməyəcək. Xahiş edir ki, iddia təmin olunmasın. Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(067)-2822/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2831/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (artırılması), xx.xx.2013-cü il təvəllüdlü Əlifxanov (Əlifxanlı) Amin Pərviz oğlunun, xx.xx.2015-ci il təvəllüdlü Əlifxanova (Əlifxanlı) Məryəm Pərviz qızının və xx.xx.2020-ci il təvəllüdlü Əlifxanova (Əlifxanlı) Zöhrə Pərviz qızının yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa 135 manat olmaqla, ümumilikdə 405 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan iddiaçı Əlifxanova (Fərzəliyeva) Humay Füzuli qızı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(067)-2822/2023 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 3 uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunan 3 uşağın yetkinlik yaşına çatanadək saxlaılması üçün, cəmi 345 manat məbləğində aliment pulunun artırılaraq hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, hazırda heç yerdə işləmir. Cavabdeh tərəfindən ödənilən 345 manat aliment məbləği uşağın heç bir tələbatını ödəmir. Kommunal xərclər qalxıb, ona görə də paltar və digər tələb olunan əşyaların alınmasında çətinlik çəkir. Hər üç uşaq orta məktəbdə təhsil alırlar. Onların tələbatları gündən-günə artır, mövcud iqtisadi şəraitdə onları saxlamqda, maddi tələbatlarının təmin edilməsində çətinlik çəkir. Onun uşağının saxlanması üçün hər ay hər uşaq üçün 135 manat aliment kəsməklə məhkəmə haqlı olmamışdır. Ədalətsiz qərar çıxarmış, ölkə Prezidentinin 1 uşağın saxlanılması üçün 2023cü il üçün 220 manat meyar müəyyən etməsinə baxmayaraq, cəmi məhkəmə bir uşaq üçün 135 manat aliment kəsmişdir. Qarşı tərəfin yaxşı imkanı vardır. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Uşaqların qayğısına qalmaq, onların saxlanılması üçün atanın yüksək məbləğdə aliment ödəməsi borcudur. Bir uşaq üçün 135 manat aliment kəsəndə məhkəmə onun maddi vəziyyətini və ailə vəziyyətini, uşağlarının maddi tələbatlarını nəzərə almamışdır. Hər uşaq üçün 220 manat aliment kəsmək əvəzinə, məhkəmə qanunu kobud surətdə pozmuş, hər uşaq üçün 135 manat aliment kəsmişdir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq uşaqların xəstə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 115 manat olmaqla cəmi 345 manat məbləğində aliment pulu və bir uşaq uçün əlavə olaraq 3 yaşına çatana kimi saxlanılması üçün 40 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İşin birinci instansiya məhkəməsində araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2831/2022 saylı xx.xx.2022-ci il tarixli saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatların artmasını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, cavabdehin daimi iş yerinin və müntəzəm gəlirlərinin olmamasını, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər uşağa təyin edilən 115 manat məbləğində alimentin artırılaraq hər ay 135 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş bir uşağa görə müəyyən olunmuş 220 manat məbləğin 135 manat hissəsi ata tərəfindən ödənildiyindən, qalan hissə də ana tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının dəyişdirilməsini müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə və cavabdehin imkanının yaxşı olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2831/2022 saylı xx.xx.2022-ci il tarixli saylı qətnaməsi ilə iddiaçının xeyrinə hər ay hər bir uşaq üçün 115 manat olmaqla cəmi 345 manat məbləğində aliment pulu və bir uşaq uçün əlavə olaraq 3 yaşına çatana kimi saxlanılması üçün 40 manat miqdarında alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi müəyyənləşdirərkən həmin dövrün tələbatını əsas götürmüş, hazırda isə bu vəziyyət dəyişdiyindən iddiaçı daha yüksək məbləğdə aliment tələb edir. İddiaçının apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay hər uşağa 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Apellyasiya şikayətində cavabdehin maddi imkanının yaxşı olması qeyd edilsə də, bununla əlaqədar iş materiallarına heç bir sübut əlavə edilməmiş, işin faktiki hallarına əsasən isə iddia tələbi üzrə iddiaçının kifayət qədər maddi imkanının olması təsdiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Əlifxanova (Fərzəliyeva) Humay Füzuli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(067)-2822/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar