Məhkəmə qərarları › İş №2(105)-547/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-547/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-547/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan (LPO) "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsindən iddiaçı LPO "xxxx" ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11235,36 ABŞ dolları əsas borc, 4110,27 ABŞ dolları faiz borcu, 505,12 ABŞ dolları cərimə borcu olmaqla cəmi 15850,75 ABŞ dolları məbləğində (qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə manatla) kredit borcunun və 170,84 manat məbləğində dövlət rüsumu əvəzinin tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq X2 (Məhkəmə Eksperizası Mərkəzinin hesabına) keçirilməsi qət edilmişdir (hakim Aynur Əliyeva). Qətnamədən iddiaçı LPO "xxxx" ASC və Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 26059,01 ABŞ dolları - bundan 12647,42 ABŞ dolları əsas borc, 4775,21 ABŞ dolları faiz borcu, 8131,26 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 505,12 ABŞ dolları zərər əvəzi və iş üzrə ödənilmiş 222.90 manat dövlət rüsumu əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 28 yanvar 2015-ci il tarixli 150005289/ZM nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 28 yanvar 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 17714,26 ABŞ dolları, illik faiz dərəcəsi 20 faiz, kredit müddəti 43 ay müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə yeni zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra 28 yanvar 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18500,31 ABŞ dolları təşkil etmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 13265,33 ABŞ dolları əsas borc, 3805,7 ABŞ dolları faiz borcu və 1429,28 ABŞ dolları cərimə borcu təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik faiz dərəcəsi 10% müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə yenidən zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra 28 yanvar 2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixdə 03 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18591,74 ABŞ dolları, onun tərkibini 13094,02 ABŞ dolları əsas borc, 5494,25 ABŞ dolları faiz borcu və 3,47 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik faiz dərəcəsi 10% müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə yeni zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə Bankın kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********385 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 26059,01 ABŞ doları təşkil edir. Bundan 12647,42 ABŞ dolları əsas borc, 4775,21 ABŞ dolları faiz borcu, 8131,26 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 505,12 ABŞ dolları zərər əvəzi təşkil edir. Eyni zamanda məhkəməyə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 222.90 manat dövlət rüsumu ödənilmişdir... Ona görə də kredit müqaviləsi üzrə hesablanmış borcun və ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehlərdən Bankın xeyrinə tutulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO "xxxx" ASC və Cavabdeh2 (vəkilinümayəndəsi Nümayəndə) tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərində iddiaçı LPO "xxxx" ASC Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə, Cavabdeh2 isə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı LPO "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə əsas, faiz, cərimə borclarını qismən təmin etməklə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunu isə təmin etməməklə Bankın maraqlarına toxunan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır... Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh2 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında kredit məbləğini, müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini ödəməli (qaytarmalı) olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir... Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5%) borclarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə işin faktiki hallarını araşdırmadan əsas, faiz, cərimə borclarını azaltmış, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcunu əsassız surətdə təmin etməmişdir. Məhkəmə qətnamə qəbul edən zaman öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəblərdən də qətnamə əsaslı hesab edilə bilməz... Birinci instansiya məhkəməsi tələb olunan 8.131,26 ABŞ dolları cərimə məbləğini azaldaraq 505,12 ABŞ dolları məbləğində müəyyən etməsi ilə Mülki Məcəllənin 467-ci maddəsində göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəinki nəzərə almamış, əksinə, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) məruz qalsın, bununla da mülki-hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamış, düzgün olmayan hesablamalar aparmış və qətnamədə səhv nəticəyə gəlmişdir... Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bank tərəfindən cavabdehə kredit xx.xx.2015-ci tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən illik 5% məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə təmin etməyərək, onun mənafeyini pozmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5%) hissəsinə ümumiyyətlə münasibət bildirmədən iddianı həmin hissədə təmin etməmişdir... Bankın cavabdehdən faiz borcu üzrə 4.775,21 ABŞ dolları pulun tutulmasına dair iddia tələbi Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Məhkəmə bank mütəxəssislərinin hesablamalarını qəbul etməməsinin, ekspert rəyinə isə müstəsna üstünlük verməsinin səbəblərini qətnamədə əsaslandırmadan faiz borcunu azaltmış, bununla həm də Bankın əsaslı mənafeyini nəzərə almamışdır... Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyini əsas tutaraq iddianı təmin etmişdir. Halbuki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yəni, məhkəmə həmin rəylə kifayətlənməyərək əlavə ekspertiza təyin edə bilərdi. Məhkəmə gedişatında iddianı qismən qəbul edərək qeyd etmişdir ki, ekspert rəyi ilə qismən razıdır, borcu 18000 manat məbləğində qəbul edir, qalan məbləğ isə cavabdeh tərəfindən qanunsuz hesablanmışdır. Çünki, kredit məbləğindən çoxlu ödənişlər etmişdir, lakin qəbzlər olmadığından məhkəməyə təqdim edə bilmir. Lakin məhkəmə ekspert rəyini əsas tutaraq iddianı təmin etmişdir... Ona görə də apellyasiya sikayətinin təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın 18 000 manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı LPO "xxxx" ASCnin nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə proseslərinin çoxluğunu nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını və bankın apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh2 (vəkilinümayəndəsi Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli və ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 28 yanvar 2015-ci il tarixli 150005289/ZM nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1 nömrəli Əlavə Sazişdən görünür ki, 28 yanvar 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi üzrə bağlanmış həmin Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 17714,26 ABŞ dolları təşkil edir. Kreditin müddəti 43 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 20 faiz təşkil edir… Əlavə Sazişə əsasən Cavabdeh1 ilə yeni zaminlik müqaviləsi bağlanılmışdır. İşdə olan tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 2 nömrəli Əlavə Sazişdən görünür ki, 28 yanvar 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi üzrə bağlanmış həmin Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18500,31 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 13265,33 ABŞ dolları əsas borc, 3805,7 ABŞ dolları faiz borcu və 1429,28 ABŞ dolları cərimə borcu təşkil edir. Kreditin illik faiz dərəcəsi 10 faiz təşkil edir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır… Əlavə Sazişə əsasən Cavabdeh1 ilə yeni zaminlik müqaviləsi bağlanılmışdır. İşdə olan tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 3 nömrəli Əlavə Sazişdən görünür ki, 28 yanvar 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi üzrə bağlanmış həmin Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18591,74 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 13094,02 ABŞ dolları əsas borc, 5494,25 ABŞ dolları faiz borcu və 3,47 ABŞ dolları cərimə borcu təşkil edir. Kreditin illik faiz dərəcəsi 10 faiz təşkil edir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır... Əlavə Sazişə əsasən Cavabdeh1 ilə yeni zaminlik müqaviləsi bağlanılmışdır. İşdə olan "xxxx" ASC-nin cavabdehə ünvanladığı xəbərdarlığın surətindən görünür ki, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4011 nömrəli ekspert rəyindən müəyyən olunur ki, hesabdan çıxarış məlumatları, 28 yanvar 2015-ci il tarixli ********* №-li kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 3 saylı əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixinə (kredit müddətinin sonuna) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu - əsas borc üzrə 11235.36 ABŞ dolları və faiz borcu üzrə 4110.27 ABŞ dolları, müqavilə müddəti bitəndən sonra xx.xx.2023-cü il tarixinə (iddia irəli sürülən tarixə) faiz borcu üzrə (illik 5%-lə) 550.84 ABŞ dolları, cəmi 15.896.47 ABŞ dolları məbləğində müəyyən olunur. Qeyd edildiyi kimi, iddiaçı LPO "xxxx" ASC-nin iddia tələbi onun xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış 12647,42 ABŞ dolları əsas borc, 4775,21 ABŞ dolları faiz borcu, 8131,26 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış (illik 5%-lə) 505,12 ABŞ dolları zərər əvəzi olmaqla cəmi 26059,01 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 222.90 manat məbləğində dövlət rüsumu əvəzinin tutulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11235,36 ABŞ dolları əsas borc, 4110,27 ABŞ dolları faiz borcu, 505,12 ABŞ dolları cərimə borcu olmaqla cəmi 15850,75 ABŞ dolları məbləğində (qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə manatla) kredit borcunun və 170,84 manat məbləğində dövlət rüsumu əvəzinin tutularaq LPO "xxxx" ASC-nin hesabına ödənilməsini qət etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və bununla əlaqədar Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli ekspert rəyi vermişdir. Cavabdehlər həmin rəylə razılaşmadıqlarına görə məhkəmə xx.xx.2024-cü il tarixdə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Bu dəfə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəylərdən görünür ki, qoyulan suallar üzrə ekspertlər eyni nəticələr müəyyən etmişlər. İkinci rəydə ekspert əlavə olaraq kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün illik 5%-lə zərər əvəzi (550.84 ABŞ dolları) hesablamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2024-cü il tarixli 9/4011 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh2 kredit üzrə cəmi 3514,22 ABŞ dolları ödəniş etmiş (sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 121,44 ABŞ dolları), bundan 1858,66 ABŞ dolları əsas borca, 1655,56 ABŞ dolları faiz borcuna silinmişdir. İddiaçı 12647,42 ABŞ dolları əsas borc, 4775,21 ABŞ dolları faiz borcu hesabladığı və cavabdehlərdən tələb etdiyi halda ekspert rəyi ilə əsas borc 11235,36 ABŞ dolları, faiz borcu 4110,27 ABŞ dolları məbləğində müəyyən edilmiş, məhkəmə də ekspert rəyi ilə müəyyən olunmuş borc məbləğlərinin tutulmasını təmin etmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi əsas və faiz borclarının məbləği ilə məhkəmənin təmin etdiyi həmin borcların məbləği arasındakı fərq çox da yüksək deyildir. İddiaçı LPO "xxxx" ASC apellyasiya şikayətində iş üzrə verilmiş ekspert rəyinə və birinci instansiya məhkəməsinin həmin rəyə üstünlük verərək bank tərəfindən təqdim edilən hesablamaları mötəbər məlumatlar kimi qəbul etməməsinə narazılığını ifadə etsə də, lakin məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə razılaşmamağa əsas yoxdur və məhkəmə tərəfindən işin nəticəsində maraqlı olmayan, eyni zamanda müvafiq sahədə xüsusi bilik və peşə hazırlığına malik olan ekspertin rəyinə üstünlük verilməsi təbiidir. İddiaçı tərəfindən 8131,26 ABŞ dolları məbləğində cərimə borcu hesablandığı və tələb olunduğu halda məhkəmə iddianı həmin hissədə 505,12 ABŞ dolları məbləğində təmin etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı LPO "xxxx" ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin cəriməni həddindən artıq azaltdığını, tənasübsüzlüyü düzgün müəyyənləşdirmədiyini, bankın əsaslı mənafelərini nəzərə almadığını və nəticə etibarilə hesablanmış cərimənin cüzi bir hissəsini təmin etdiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, vicdanlılıq prinsipi baxımından borc alan kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor da davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. İşdən görünür ki, cavabdeh 2019-cu ilin mart ayından ödənişləri dayandırmışdır. Buna baxmayaraq iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını 2023-cü ilin may ayınadək tələb etməmiş, bununla cavabdehin borclarının, xüsusən də cərimə borcunun davamlı surətdə artmasına süni şəkildə rəvac vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin üzərində saxlanılmış cərimənin məbləği hər iki tərəfin mənafeləri baxımından məqbul həddədir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının kredit müqaviləsinin müddəti bitəndən sonrakı (iddia irəli sürülənədək) dövr üçün illik 5%-lə zərər (əldən çıxmış fayda) əvəzinin tutulması tələbinə ümumiyyətlə münasibət bildirməməkdə və bu tələbi təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən). İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Cavabdehlərə qarşı iddia isə xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından iddiaçı xx.xx.2022-ci il tarixdən sonra kredit öhdəliyinin icra edilməməsinə görə sanksiya kimi müqavilə faizini tətbiq edə bilməz, həmin tarixdən sonra borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün əsas borc məbləğinin illik beş faizi həddində zərər (əldən çıxmış fayda) əvəzi tələb edilə bilər (əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə). Şərh olunanlara əsasən iddiaçının kredit müqaviləsinin müddəti bitəndən sonrakı (iddia irəli sürülənədək) dövr üçün illik 5%-lə zərər (əldən çıxmış fayda) əvəzinin cavabdehlərdən onun xeyrinə tutulması barədə tələbi qanunidir və təmin olunmalıdır. Bu hissədə birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. xx.xx.2024-cü il tarixli 9/4011 nömrəli ekspert rəyindən müəyyən olunur ki, kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan iddia irəli sürülənədək keçən dövr üçün illik 5% hesabı ilə zərər (əldən çıxmış fayda) əvəzi 550,84 ABŞ dolları təşkil edir. Lakin iddiaçı özü AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış (illik 5%-lə) 505,12 ABŞ dolları məbləğində zərər əvəzinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu normaya uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, bəhs olunan hissədə iddia iddiaçının tələbi həddində, yəni 505,12 ABŞ dolları məbləğində təmin edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini digər dəlillərlə bağlı hissələrdə əsassız kimi qiymətləndirir. Məhkəmə kollegiyası Cavabdeh2 da apellyasiya şikayətinin dəlillərini qəbulolunmaz hesab edir. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə təxminən 24.000 manat pul vəsaiti ödədiyini, lakin ödəniş qəbzlərini saxlamadığından bunu sübut edə bilmədiyini, indiyə olan borcunu isə 18.000 manat məbləğində qəbul etdiyini göstərmişdir. MPM-in 81-ci maddəsinə müvafiq olaraq, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bank (iddiaçı) tərəfindən təqdim olunmuş maliyyə sənədlərində, habelə hesabdan çıxarışda kredit üzrə borcalanın ödənişləri öz əksini tapmışdır. Əgər cavabdeh başqa ödənişlər də etdiyini iddia edirsə, bunu təsdiqləyən müvafiq sübutlar (ödəniş sənədləri) təqdim etməlidir. Əks təqdirdə onun başqa ödənişlər etməsi barədə məlumatı əsaslı və həqiqətə uyğun sayıla bilməz. Cavabdehlərin kredit üzrə əsas və faiz borclarının məbləği ekspert rəyində də hesablanıb müəyyən olunmuşdur. Ona görə də Cavabdeh2 borc məbləğini mübahisələndirməsi ilə bağlı dəlilləri əsassız və qəbulolunmazdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə müvafiq olaraq, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri ümumiləşdirərək bu nəticəyə gəlir ki, Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(067)-58/2025 nömrəli qətnaməsi qismən – iddianın cavabdehlərdən iddiaçının xeyrinə AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış zərər əvəzinin tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməli, kredit müqaviləsinin müddəti bitdikdən sonra borcun ödənilməsinin gecikdirilməsi ilə kreditora vurulan zərərə (əldən çıxmış faydaya) görə cavabdehlərdən müştərək qaydada 505,12 ABŞ dolları məbləğində (ödəniş vaxtı rəsmi məzənnə üzrə Azərbaycan manatı ilə) pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsi qismən – iddianın cavabdehlərdən iddiaçının xeyrinə AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış zərər əvəzinin tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia təmin edilsin. Kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə kreditora vurulan zərərə (əldən çıxmış faydaya) görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 505,12 ABŞ dolları (beş yüz beş dollar 12 sent) məbləğində (ödəniş vaxtı rəsmi məzənnə üzrə Azərbaycan manatı ilə) pul vəsaiti tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-58/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar