Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-55/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2014-cü il tarixli, AZBA-009304 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 08 may 2015-ci il tarixli, SUMG1-7031-6905 saylı razılaşma üzrə 4122.19 ABŞ dolları əsas borc, 1114.20 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla cəmi 5336.39 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 21 oktyabr 2015-ci il tarixli, SUMG1-7031- 7383 saylı Razılaşma üzrə isə 8122,11 manat əsas borcu, 1956.99 manat faiz borcu və 100 manat məbləğində dəbbə borcu olmaqla 10179.01 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "TBC Kredit” BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 20 fevral 2014-cü il tarixli AZBA-009304 saylı Kredit xətti müqaviləsinə (08 may 2015-ci il tarixli Saziş, Razılaşma və 21 oktyabr 2015-ci il tarixli Razılaşma nəzərə alınmaqla) xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "TBC Kredit” BOKT MMC -nin xeyrinə 08 may 2015-ci il tarixli SUMG1-7031-6905 saylı Razılaşma üzrə 4122.19 ABŞ dolları əsas borc, 1114.20 ABŞ dolları faiz borcu və 1803.86 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla cəmi 7040.25 ABŞ dolları, 21 oktyabr 2015ci il tarixli SUMG1-7031-7383 saylı Razılaşma üzrə isə 8122,11 manat əsas borcu, 1956.99 manat faiz borcu və 3904.38 manat məbləğində dəbbə borcu olmaqla 13983.48 manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "TBC Kredit” BOKT MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış 20 fevral 2014-cü il tarixli AZBA-009304 saylı Kredit xətti müqaviləsinə (08 may 2015-ci il arixli Saziş nəzərə alınmaqla) və onun əsasında bağlanmış 08 may 2015-ci il tarixli SUMG1-7031-6905 saylı Razılaşmaya əsasən cavabdehə illik 22%-lə 12 ay müddətinə 10 000 ABŞ dolları məbləğində, 21 oktyabr 2015ci il tarixli Razılaşmaya əsasən isə illik 22.13% faizlə 18 ay müddətinə 8800 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təmin edilməsi məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında 08 may 2015-ci il tarixdə SUMG1-7031-6905+SUMG1-7055 saylı, 12 iyul 2016-cı il tarixli SUMG1-7031- 7383+ SUMG1-7055 və 03 avqust 2016-cı il tarixli SUMG1-7031-6905+SUMG1-7055 saylı Zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdür. 12 iyul 2016cı il tarixli Sazişlə 21 oktyabr 2015-ci il tarixli SUMG1-7031-7383 saylı Razılaşmaya əsasən verilmiş kredit üzrə faiz dərəcəsi 22.13%-dən 25.13%-dən artırılmış, kreditin son ödəmə günü kimi isə 12.06.2019-cu il tarixi müəyyən edilmişdir. 03 avqust 2016-cı il tarixli Sazişlə 08 may 2015-ci il tarixli SUMG1-7031-7383 saylı Razılaşmaya əsasən verilmiş kreditin qaytarılması müddəti 14.01.2019-cu il tarixədək uzadılmışdır. "TBC Kredit' BOKT MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişlər və bu günədək borcu ödənilməmişdir. Mülki iş üzrə icraatın Cavabdeh1 prosessual hüquq varisi müəyyən edilənə kimi dayandırılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində icraat zamanı X3, X4 Cavabdeh1 prosessual hüquq varisi kimi tanınmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirakı təmin edilməmiş, zaminlik müqaviləsindən xəbəri olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 prosessual hüquq varisləri X3, X2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh2 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh2 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı "TBC Kredit” BOKT MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış 20 fevral 2014-cü il tarixli AZBA-009304 saylı Kredit xətti müqaviləsinə (08 may 2015-ci il arixli Saziş nəzərə alınmaqla) və onun əsasında bağlanmış 08 may 2015-ci il tarixli SUMG1-7031-6905 saylı Razılaşmaya əsasən cavabdehə illik 22%-lə 12 ay müddətinə 10 000 ABŞ dolları məbləğində, 21 oktyabr 2015-ci il tarixli Razılaşmaya əsasən isə illik 22.13% faizlə 18 ay müddətinə 8800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təmin edilməsi məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında 08 may 2015-ci il tarixdə SUMG1-7031-6905+SUMG1-7055 saylı, 12 iyul 2016-cı il tarixli SUMG1-7031- 7383+ SUMG1-7055 və 03 avqust 2016-cı il tarixli SUMG1-7031-6905+SUMG1-7055 saylı Zaminlik müqavilələri bağlanmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər hər iki kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiklərindən Mülki Məcəllənin 385.1, 425.1, 442, 445, 448.1, 470.1, 472, 739-cu maddələrinin tələblərinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehlərdən tələb etməkdə haqlı olmuş, odur ki, tərəflər arasında bağlanmış 20 fevral 2014-cü il tarixli, AZBA-009304 saylı kredit xətti müqaviləsi (08 may 2015-ci il tarixli Saziş, Razılaşma və 21 oktyabr 2015-ci il tarixli Razılaşma nəzərə alınmaqla) Mülki Məcəllənin 421-ci maddəsinin tələbi baxımından ləğv edilməli və həmin müqavilə üzrə əsas və faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası mübahisələndirilən cərimə məbləğinin tutulması hissəsinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehlərin ödəyə bilmədiyi halda, cavabdehlərdən 08 may 2015-ci il tarixli SUMG1-7031-6905 saylı Razılaşma üzrə 1803.86 ABŞ dolları, SUMG1-7031-7383 saylı Razılaşma üzrə isə 3904.38 manat cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətini ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehlər barəsində hesablanan cərimə məbləği azaldılaraq 08 may 2015-ci il tarixli SUMG1-7031-6905 saylı Razılaşma üzrə 100 ABŞ dolları, SUMG1-7031-7383 saylı Razılaşma üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2014-cü il tarixli, AZBA- 009304 saylı kredit xətti müqaviləsi (08 may 2015-ci il tarixli Saziş, Razılaşma və 21 oktyabr 2015-ci il tarixli Razılaşma nəzərə alınmaqla) ləğv edilsin. Cavabdeh2, Cavabdeh1 prosessual hüquq varisləri X3 və X1 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 08 may 2015-ci il tarixli, SUMG1-7031-6905 saylı razılaşma üzrə 4122.19 ABŞ dolları əsas borc, 1114.20 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla cəmi 5336.39 ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla) və 21 oktyabr 2015-ci il tarixli, SUMG1-7031-7383 saylı Razılaşma üzrə isə 8122,11 manat əsas borcu, 1956.99 manat faiz borcu və 100 manat məbləğində dəbbə borcu olmaqla, 10179.01 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-55/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-55/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver