Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-551/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(068)-80/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Ələkbərov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 11000 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 12000 manat manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh dayısı Sakit Muğbilov onlarla qonşudur. xx xxxxxxxx 2013-cü il tarixdə Xızı rayonu Tıxlı kəndində təsadüfi görüşlərin birində o, avtomobil almaq istədiyini cavabdehə bildirmiş, Rövşən də özündə olan avtomobili ona təklif etmişdir. Bundan sonra, xx xxxxxxxx 2013-cü il tarixdə bacısı oğlu Müzəffər Məmmədov və cavabdehin dayısı oğlu Kənan Muğbilovla birlikdə Müzəffərə məxsus “Mercedes Benz” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gedib Yasamal rayonu Alatava küçəsində yerləşən kafelərin birində Rövşənlə görüşmüşlər. Rövşənlə söhbət zamanı ilkin ödəniş 2500 manat olmaqla, hər ay 250 manat ödəniş edəcəyi halda cəmi 12000 manat pul müqabilində özünə məxsus olan “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ona satacağı barədə razılığa gəlmişlər. Şifahi razılığa əsasən elə həmin gün, yəni xx xxxxxxxx 2013cü il tarixdə o, Cavabdeh ilkin ödəniş olaraq 2500 manat pul ödəmiş və sonuncu da onunla birlikdə Bakı şəhəri 12 saylı notariat kontoruna gedərək avtomobili idarə etmək üçün 1 illik etibarnamə vermişdir. Həmin vaxt cavabdehlə aralarında olan razılığa əsasən pul tam ödənildikdən sonra Rövşən avtomobili onun adına keçirməli idi. Bundan sonra, əldə olunmuş razılığa əsasən 2013-cü ilin oktyabr, noyabr, dekabr aylarında hər ay 250 manat olmaqla, cəmi 750 manat pulu Bakı şəhərində təklikdə Rövşənin özünə vermiş, 2014-cü ilin yanvar ayında isə 250 manat pulu həyat yoldaşı X3 qonşuluqda yaşayan Sakitin evində, ailə üzvlərinin yanında Rövşənə vermişdir. 2014-cü ilin fevral ayında Rövşən Tıxlı kəndinə gəlmiş və onunla görüşüb 250 manat pul vermiş, 2014-cü ilin mart, aprel, may, iyun aylarında isə o, hər ay 250 manat olmaqla, cəmi 1000 manat pulu aparıb Bakı şəhərində müxtəlif yerlərdə təklikdə Rövşənə ödəmişdir. Həmçinin, xx xxxxx 2014-cü il tarixdə onun istəyi ilə Cavabdeh qardaşı X1 da avtomobili idarə etmək üçün 9 il 11 ay 19 gün müddətinə etibarnamə vermişdir. Bundan sonra, 2014-cü ilin iyul ayında Rövşən Tıxlı kəndinə gəlmiş, onunla görüşüb 250 manat pulu təklikdə ona vermişdir. Daha sonra, 2014-cü ilin sentyabr ayında Rövşən dayısı Sakitgilə zəng edib aylıq pulu istəmiş, o da, həyat yoldaşı Aidə vasitəsi ilə 250 manat pulu həmin vaxt Sakitin arvadı Xanımanaya verərək Rövşənə göndərmişdir. xx xxxxxxx 2014-cü il tarixdə isə qardaşı oğlu Ramizin yanında Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzinin qarşısında Rövşənə 1000 manat məbləğində pul vermiş, sonuncu da həmin tarixdə 7 il 3 ay 27 gün müddətə avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. xx xxxxxxx 2014-cü il tarixdə isə Rövşən zəng edərək yenə pul istəmiş, o da, 250 manat pulu cavabdehin dayısı oğlu Sənana verib Rövşənə göndərmişdir. Bundan sonra, 2014-cü ilin noyabr ayının əvvəlləri Bakı şəhərində təklikdə Rövşənə 250 manat pul vermiş, noyabr ayının sonları isə 500 manat pulu Xızı rayonu, Tıxlı kəndində Rövşənin dayısı və qonşusu olan Sakitin evində Rövşənə vermişdir. xx xxxxxx 2014-cü il tarixdə Rövşən zəng edib yenə pul istəmiş, o da, 250 manat pulu Sakitin oğlu Eminə vermişdir. Daha sonra, 2015-ci ilin yanvar ayında Bakı şəhərində Rövşənlə görüşüb 250 manat pulu təklikdə ona vermiş, fevral ayında isə Rövşənin istəyi ilə 250 manat pulu Abşeron rayonu, Xırdalan şəhərində Rövşənin atalığı Əli adlı şəxsə vermişdir. 2015-ci ilin mart ayında Rövşən zəng edib pulu istəmiş, həmin vaxt Sakitin oğlu Sənan onlara gəlmiş, o da, 250 manat pulu Rövşənə göndərmək üçün Sənana vermişdir. Bundan sonra, 2015-ci ilin aprel ayında Bakı şəhərində Rövşənlə görüşüb, 250 manat pulu təklikdə ona vermiş, xx xxx 2015-ci il tarixdə isə Rövşənlə Xızı rayon Tıxlı kəndində görüşüb, dayısı Sakitin evində ona 2000 manat pul vermişdir. 2015-ci ilin iyun ayında isə Rövşən yenə ona zəng edib pul istəmiş, həmçinin telefon danışığı zamanı atalığı Əlinin dayısı Sakitgildə olmasını və pulu onunla göndərməsini bildirmişdir. O da, Sakitin evində ailəsinin yanında 1000 manat pulu Rövşənin atalığı Əliyə vermişdir. 2015-ci ilin iyul ayında Rövşən yenə ona zəng edib son olaraq qalmış 250 manat pulu istəmiş və anasının Sakitgildə olduğunu bildirmişdir. O da, həyat yoldaşı Aidə Əliyeva ilə pulu göndərmiş və Aidə də həmin pulu Sakitgildə Rövşənin anasına vermişdir. Beləliklə o, avtomobilin dəyəri olan 12000 manat pulun hamısını Cavabdeh ödəmişdir. Avtomobili idarə etmək üçün ona verilmiş etibarnamənin xx xxxxxx 2022-ci il tarixə qədər vaxtı olduğu üçün o, avtomobili adına keçirməyə tələsməmişdir. Bundan bir müddət sonra, təxminən 2015-ci ilin oktyabr ayında Rövşən ona zəng edib özündə olan digər avtomobilin borcu olduğu üçün Bank tərəfindən müsadirə edildiyini bildirərək, taksi fəaliyyəti göstərib həm ailəsini dolandırmaq, həm də banka olan borcunu ödəməsi üçün ona satdığı avtomobili müvəqqəti olaraq qaytarmasını xahiş etmişdir. O da, cavabdehə etibar etdiyi üçün müvəqqəti istifadə üçün avtomobili Rövşənə vermişdir. Bundan təxminən 1 ay sonra, yəni 2015-ci ilin noyabr ayında avtomobilin Rövşən tərəfindən başqa bir şəxsə satmasını eşitmiş və tez cavabdehə zəng edib avtomobili geri istəmişdir. Əvvəlcə Rövşən avtomobilin təmirdə olduğunu demiş, lakin o, avtomobilin təmirdən özü çıxartmaq istədiyini bildirdikdə, Rövşən avtomobilin başqa bir şəxsə satdığını etiraf etmişdir. Səbəbini soruşduqda isə cavabdeh avtomobilin pulunu gec verdiyi üçün ona 1000 manat artıq pul ödəməli olduğunu bildirmişdir. Həmin vaxtdan indiyədək cavabdeh nə 12000 manat pulunu, nə də aldığı avtomobili ona qaytarmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, müstəntiqin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıması, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Cavabdeh İddiaçı “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 12000 manat məbləğində pul almış, sonradan həmin avtomobili iddiaçıdan alaraq üçüncü bir şəxsə satmış, nəticədə cavabdeh nə satdığı avtomobili, nə də aldığı pulu iddiaçıya geri qaytarmamışdır. Bütün bunları əsas gətirərək, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 12000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xızı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-551/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-551/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver