Məhkəmə qərarları › İş №2(105)-551/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-551/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-551/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-3655/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14300 manat borc, 300 manat hüquqi xidmət haqqı və 134 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 14734 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında 2 azyaşlı övladı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olmaqla, çətinliklə uşaqlarını böyüdür. 2016-cı ildə iddiaçı uşağının idman hazırlığından olan digər uşağın valideyni kimi cavabdeh ilə, yəni, Cavabdeh ilə tanış olmuşdur. Bundan sonra tərəflər bir-biri ilə yaxın rəfiqə olmuş, bir-birilərinə münasibətdə inam-etibarları yaranmışdır. 2018-ci ildə cavabdeh mağaza açacağından iddiaçıdan borc istəmiş, iddiaçı xx.xx.2018-ci il tarixdə özünə məxsus olan avtomobilini satdığına görə əlində 17000 manat pulu var idi. Belə ki, iddiaçı da öz növbəsində, əlində olan pul vəsaitindən yararlanmaqla uşaqlarının ehtiyaclarının təmin edilməsi məqsədilə hər hansısa bir iş qurmaq niyyətində idi. Bu səbəbdən də, iddiaçı həmin pulu cavabdehə yaxın bildiyi üçün borc şəklində vermişdir. Cavabdeh pulu qısa vaxta qaytaracağına dair iddiaçını inandırmışdır. Cavabdeh banklardan kredit götürmə ehtimalı olduğuna görə iddiaçıdan çətinliyə düşməməsi üçün ona yardım etməsini xahiş etmişdir. Belə ki, cavabdeh evinin önündə mağaza tikildiyini, mal alqı-satqısı ilə məşğul olacağı vədini verərək iddiaçıdan aldığı pulu tezliklə qaytaracağına dair iddiaçını inandırmışdır. Bununla yanaşı, cavabdeh iddiaçıya maddi çətinliklərdən dolayı ona yardım etdiyi üçün iddiaçını və iddiaçının uşaqlarını Türkiyəyə aparacağı, həmçinin, yol, otel xərclərini də özü çəkəcəyi vədini vermişdir. İddiaçı sənədləşmə işinə vaxt sərt etməsin deyə, cavabdeh pulun verilməsini hər ikisinin ortaq tanışları və güvəndikləri, uşaqlarının idman müəllimi olan X2 adına rəsmiləşdirilməsini istəmişdir. Bununla da, cavabdeh borc müqaviləsinin bağlanması üçün notariusa getmək, müqavilənin həmin şəxsin adından bağlamaq təklini irəli sürmüşdür. İddiaçı da bununla razılaşmışdır. Həmin 17000 manat pul vəsaitini iddiaçı cavabdehə xx.xx.2018-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində Süleyman Həsənovun adından borc şəklində vermiş, cavabdeh isə öz mülkiyyətində olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən əmlakı borcun təminatı olaraq ipotekaya qoymuşdur. Lakin cavabdeh söz verdiyi kimi, pulu tam şəkildə deyil, hissə-hissə ödəməyə başlamışdır. Cavabdeh işi alınmadığından borc olaraq götürdüyü pul vəsaitini qaytarmaqda çətinlik çəkdiyini bildirmişdir. Sonradan cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına özünə ev tikdirdiyi bəlli olmuşdur. Yəni, cavabdeh iddiaçını aldadaraq pulunu qaytaracağına inandırmaq üçün guya iş quracağını bildirmiş, lakin özünə ev tikdirmişdir. Nəticədə isə cavabdeh hazırda da iddiaçının pulunu tam şəkildə qaytarmır. 2020-ci ildə hissə-hissə cavabdeh iddiaçıya cəmi 10000 manat qaytarmış, 7000 manat pulu isə qalmışdır. Bundan sonra, cavabdeh evinin tikintisini tamamlamaq üçün əlavə olaraq 5000 manat da borc istəmişdir. İddiaçı yenə də yaxın insan kimi ona dəstək olmaq məqsədi ilə 2020-ci ildə mayında Abşeron rayonu, Xırdalan şəhəri, “Pizza line” restoranının yaxınlığında 5000 manat pulu cavabdehə vermişdir. Pulu aldıqdan sonra cavabdeh həmin pulun bir qismini xərcləmiş, qalan 4000 manat hissəsini əvvəlki kimi Süleyman Həsənovun adına notariusda rəsmiləşdirmişdir. Daha sonra isə iddiaçı oğlu ilə həmin ünvanda əlavə olaraq, 2300 manat pulu da cavabdehə vermişdir. Bu minvalla, iddiaçı cavabdehə cəmi 24300 manat borc vermiş, bundan cəmi 10000 manat pul vəsaitini cavabdeh iddiaçıya qaytarmışdır. Lakin qalan 14300 manat pulu qaytarmamışdır. Dəfələrlə iddiaçı ona olan borcunu qaytarmasını cavabdehdən tələb etsə də cavabdeh hər dəfə pulu qaytarmaq vədini vermiş, lakin buna əməl etməmişdir. Hətta iddiaçı borcunu tələb etmək üçün cavabdehin ünvanına gedəndə dəfələrlə cavabdeh iddiaçını təhqir etmiş, ailə üzvləri uşaqlarının yanında kobudluq etmiş, cavabdehin əri, oğlu bilə-bilə səs-küy yaratmış, polis çağırmışlar. Halbuki, iddiaçı uşağının yanında onlardan borcunu istəməyə getmişdir. Özləri qəsdən dava salaraq vəziyyəti başqa məcraya çəkməyə çalışmışlar. Nəticədə, iddiaçı çox sarsıntılara məruz qalmışdır. Cavabdehin iddiaçıya etdiyi davranışlar iddiaçının stres keçirməsinə səbəb olmuşdur. İddiaçı cavabdehin qanunsuz, hüquqazidd əməllərinə qarşılıq olaraq, polisə müraciət etmiş, cavabdeh isə borcunu etiraf etmişdir. Polis idarəsində cavabdeh 2 aya borcu ödəyəcəyinə söz vermiş, lakin heç bir ödəniş etməmişdir. Cavabdeh və onun həyat yoldaşı tezliklə borcu qaytaracaqlarına dair vəd vermiş, polis orqanı isə iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı cavabdehə borcun qaytarılması barədə pretenziya göndərmiş, lakin cavabdeh borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmin pulu vaxtında almış olsa idi, daha böyük qazanc əldə etmiş olacaqdı. Hazırda, iddiaçı ehtiyacları ucbatından başqa şəxslərdən borc almaq məcburiyyətində qalmış, övladının sağlamlığında yaranmış problemə görə onun əməliyyatı üçün məcbur olub başqasından 1300 manat borc almışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, “Cüdo Master” klubda idman müəllimi işləyir. O, İddiaçı və Cavabdeh valideyn kimi tanıyır, onların uşaqlarına dərs demişdir. O, polis orqanında şahid qismində ifadə vermiş, həmin ifadəni də məhkəmə iclasında təsdiq edir. Hər iki valideyn ona yaxınlaşmış və etibar etdikləri şəxsin adına müqavilənin bağlanmasını bildirmişlər. Belə ki, İddiaçı Cavabdeh borc verməli idi. Səbəbini soruşduqda isə valideynlər inanmaq nöqteyinəzərindən müqavilənin onun adına olmasını istəmişlər. O, razılaşmış, notariat orqanında müqavilə bağlanmış və həmin müqavilə ona təqdim edilmişdir. Sözügedən müqavilədə qaytarılan pullar və onların qaytarılmasını təsdiq edən sənədlər mövcuddur. İpotekaya qoyulan mənzil isə sonradan inşa edilmişdir. İki dəfə müqavilə bağlanmışdır. O, notariat orqanında hər hansı bir pul vəsaiti təqdim etməmişdir. Müqavilə bağlanan zaman 17000 manat pul vəsaiti verilmiş, 10000 manat pul vəsaiti qaytarılmış, sonradan isə 5000 manat borc verilmiş, rəsmləşdirmədə isə 4000 manatın verilməsi barədə müqavilə bağlanmışdır. O, yalnız sənədləşmə işlərinin həyata keçirilməsində iştirak etmiş, borc pulun verilməsində isə İddiaçı iştirak etmiş, Cavabdeh borc verilmişdir. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-3655/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh borca görə 12000 (on iki min) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 298 (iki yüz doxsan səkkiz) manat, ödənilmiş dövlət rüsumuna görə 134 (yüz otuz dörd) manat olmaqla, ümumilikdə, cəmi 12432 (on iki min dörd yüz otuz iki) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Habil Əhmədov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə iş üzrə iddianı təmin etmiş və 12,432 manat məbləğində pulun qaytarılmasını üzərinə öhdəlik kimi qoymuşdur. Əsas qismində də X3 adlı şəxsin şahid qismində ifadə verməsini, onun tərəfindən polis oqranlarında həyəcan və təzyiq altında verilən izahatı əsas götürmüşdür. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Abşeron rayon Polis idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 345-168-1222 saylı məktubdan görünür ki, iddiaçıya müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı”ndan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Asif Məmmədovun raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, “Cavabdeh 2016-cı ildən tanıyır, hər ikisinin övladı birlikdə idmana getmişdir. 2018-ci ildə Mehriban dükan açıb hər ikisinin gəlir əldə etməsi üçün ondan pul istəmişdir. O da ona inanıb xx.xx.2018-ci ildə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı notariat ofisində 17000 manat pul vermişdir. Mehriban həmin pulun ona verilməsini X2 adına rəsmiləşdirilməsini istəmişdir. O da onunla razılaşmış və Mehribana Abşeron rayonu Xırdalan şəhəri, 1 saylı notariat ofisində 17000 manat verdiyi borc X2 adına rəsmiləşdirilmişdir. Eyni zamanda, həmin borcun qarşılığında Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus daşınmaz əmlakı girov qoymuş və ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilə də X2 adından rəsmiləşmişdir. Daha sonra 2020ci ildə Mehriban söz verdiyi işin alınmadığını demiş və həmin borcdan 10000 manat geri qaytarmışdır. 2021-ci ildə isə Mehriban özünə ev tikdiyini bildirmiş və evinin tikintisini bitirmək üçün ondan borc istəmişdir. O da ona inanıb Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, “Pizzaline” restoranının yaxınlığında Mehribana 5000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kəs olmamışdır. Daha sonra Mehriban yenidən Süleyman ilə birlikdə 1 saylı notariat ofisinə gedib həmin borcu Süleymanın adına sənədləşdirmişdir. Lakin pulun bir hissəsini xərclədiyi üçün müqavilədə 4000 manat qeyd edilmişdir. Bundan əlavə, 2020-ci ildə əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “Pizzaline” restoranının yaxınlığında Mehribana 2300 manat pul borc vermişdir. Həmin vaxt da yanında yalnız oğlu Məhəmmədəli olmuşdur. Lakin sonuncu dəfə ona verdiyi 2300 manat borc heç bir formada sənədləşdirilməmişdir. O, Cavabdeh ümumilikdə, 24300 manat pul verdiyini, Mehribanın həmin puldan 10200 manat ona qaytardığı üçün 14100 manat borcu qalmasını öz izahatında qeyd etmişdir.” İzahatı alınmış Cavabdeh bildirmişdir ki, “İddiaçı 2016-cı ildən tanıyır, hər ikisinin övladı birlikdə idmana getmişdir. 2018-ci ildə Təhminə ona bildirmişdir ki, müəyyən miqdarda pulu var və həmin pulu banka qoyaraq ayda 90 manat gəlir əldə edir. O da həmin pulu ondan borc istəmişdir, Təhminə də həmin 17000 manat pulunu faizlə ona verməyə razı olmuşdur. xx.xx.2018-ci ildə İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı notariat ofisində 17000 manat borc pul almışdır. Təhminə həmin pulun ona verilməsini X2 adına rəsmiləşdirməyi istəmişdir. O da onunla razılaşmış və Təhminədən notariat ofisində 17000 manat aldığı borc X2 adına rəsmiləşdirilmişdir. Eyni zamanda, həmin borcun qarşılığında Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus daşınmaz əmlakı girov qoymuş və ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilə də X2 adından rəsmiləşmişdir. Qabaqcadan razılaşdığı kimi hər ay ona müəyyən miqdarda faizlə pul vermişdir. Ona 5 ay ərzində ayda 460 manat, xx.xx.2020-ci il tarixədək isə ayda 510 manat pul vermişdir. Hər ay ona pul verərkən həmin pulu borcdan çıxmadığı üçün faiz hesablaması səbəbindən heç bir sənədləşmə olmamışdır. Daha sonra xx.xx.2020-ci ildə Təhminəyə həmin borcdan 10000 manat geri qaytarmışdır. 2021-ci ildə isə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, “Pizzaline” restoranının yaxınlığında Təhminədən 5000 manat əlavə borc pul almışdır. Daha sonra yenidən Süleyman ilə birlikdə 1 saylı notariat ofisinə gedib həmin borcu Süleymanın adına sənədləşdirmişdir. Lakin həmin pulun 4000 manatı müqavilədə qeyd edilmişdir. Təhminənin qeyd etdiyi kimi, əlavə olaraq ondan borc pul almamış, sadəcə olaraq onun 2300 manatı verdiyi borcun faizi kimi hesablamasını bildirmişdir. O, ümumilikdə İddiaçı 12000 manat borcunun qalmasını qeyd etmişdir. İzahatı alınmış X3 da eyni məzmunlu izahat verərək bir daha Cavabdeh izahatında qeyd etdiyi xüsusatları təkrar və təsdiq etmişdir. Qərarla müəyyən edilmişdir ki, İddiaçı 12000 manat pulu Cavabdeh borc vermiş, lakin sonuncu borcunu vaxtında ödəməmişdir. Beləliklə, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı göstərilən xüsusatların mülki hüquq münasibətlərindən yaranan mübahisə olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 14300 manat borc məbləği 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X1 ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana xx.xx.2019-cu il tarixədək qaytarılmaq şərtilə 17000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan X3 ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1654 saylı kredit müqaviləsinə əsasən, yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı 138839 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 988 saylı reyestr kitabının 46 saylı vərəqində **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınmış Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi X2 adına xx.xx.2018-ci il tarixli 3M-1654 saylı kredit müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. X1 ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərtilə 4000 manat kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Abşeron rayonu 1 saylı Notariat qurumunun notariusu X4 Muğanbank ASC-də yerləşən depozit hesabına 4000 manat pul vəsaiti köçürülmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə, keçid 1260, 4 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Qobu qəsəbə ərazi dairəsi Qobu qəsəbəsində qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddianın təmin edilən hissəsi ilə bağlı hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” əsasında, hazırki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh iddiaçıdan müəyyən vaxtlarda borc pul aldığını, ümumilikdə, 12000 manat borcunun qalmasını etiraf etmiş, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi qismində çıxış edən həyat yoldaşı Nümayəndə2 isə cavabdehin həmin izahatını, həmçinin, şahidin ifadəsinin həqiqətə uyğun olmadığını bildirsə də, həmin halları təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın təmin edilməyən hissəsi ilə bağlı isə qeyd etmişdir ki, polis orqanında iddiaçı cavabdehin ona ümumilikdə 14100 manat borcunun qalmasını, məhkəməyə verdiyi iddia ərizəsində isə 14300 manat borcunun qalmasını qeyd etmiş, 2300 manat borcun verilməsi isə nə tərəflərin polis orqanına verilmiş ifadələri əsasında, nə də şahid ifadəsi əsasında öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, cavabdeh təzyiq və həyəcan altında izahat vermişdir. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir. Belə ki, həmin dəlil işin halları ilə təsdiqlənmir. İş materiallarında olan sənədlərlə, tərəflərin və şahidin izahatları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə borc pul vermiş, Cavabdeh iddiaçıdan müəyyən vaxtlarda borc pul aldığını, ümumilikdə, 12000 manat borcunun qalmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)- 3655/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-3655/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar