Məhkəmə qərarları › İş №2(105)-555/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-555/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-555/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vərəsələrin kreditor qarşısında məsuliyyətinin həddi, sübutetmə yükünün müəyyən edilməsi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X9 (Əhmədova) iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, e-2(059)-178/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 7017,41 manat əsas kredit borcunun və ödənilmiş 90,18 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum X12 arasında 27 yanvar 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank sonuncuya 25 ay müddətinə, illik 20% dərəcəsi ilə 7068 manat məbləğində kredit vermişdir. Bundan sonra, Mehman Nəzərov 26 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhumdan miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Mehman Nəzərovun vəfat etdiyi tarixə Banka cəmi 7017,41 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X6 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. "xxxx" ASC ilə mərhum X12 arasında 27 yanvar 2021-ci il tarixdə bağlanmış 1-xx.xx.2021-002852 saylı kredit müqaviləsinə əsasən bank borc alana 25 ay ərzində qaytarmaq şərti ilə illik 20% ödəmək şərti ilə 7068 manat məbləğində kredit vermişdir.

5. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mərhum X8 banka 7017,41 manat əsas borcu vardır.

6. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 07 may 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173975 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 aprel 2021-ci il tarixdə Quba şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 may 2021-ci il tarixdə 214 nömrə ilə qeyd edilmişdir.

7. Siyəzən rayonu dövlət notariat ofisi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixdə reyestrdə 2V-207 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 26 aprel 2021-ci il tarixdə vəfat etmiş əri X8 qanun üzrə vərəsəsidir və o, SOCAR Azneft İB-nin Siyəzənneft NQÇİ-i tərəfindən verilməli olan 2223,53 manat vəsaitdən (miras əmlakdan) tam pay almalıdır.

8. 02 noyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir.

9. 07 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 90,18 manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 451,35 (dörd yüz əlli bir manat 35 qəpik) manat borcun tutulması, iddia tələbi üzrə ödənilmiş 90,58 manat məhkəmə xərcinin 6%-i, yəni 5,43 (beş manat 43 qəpik) manatının Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741-ci maddələri, hazırda qüvvədə olan Mülki Məcəllənin 385.1, 432.4, 442, 448.1, 1151.1, 1159.1.1, 1243.2, 1306.1-ci maddələri, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 107, 115.0.9, 119.1, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın qismən təmin olunmasının əsası kimi Mülki Məcəllənin 1306.1-ci maddəsini əsas gətirmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, 2223.53 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyidir. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşımışdır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1092/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşmışdır.

17. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 739, 1146, 1255 və 1306.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali MƏhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2025-ci il tarixli, 2(102)-43/2025 nömrəli Qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1092/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad etməklə kifayətlənmiş, həmin Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almadan miras əmlakın yalnız vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan ibarət olması barədə sərgilədiyi mövqe yanlış olmuş, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normasını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını – Mülki Məcəllənin 1307-ci maddəsini pozmuşdur.

21. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 739.1, 1146, 1255, 1306.1, və 1307-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. İddiaçının nümayəndəsi Talıbova (Əhmədova) Ləman Vüqar qızı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

23. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1 (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarı: Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin olunmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini və maddi hüquq normalarının tələbini pozmuş və bu pozuntu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

30. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X12 arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X10 illik 20%-lə, 25 ay müddətinə 7068 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X8 Banka ödənilməmiş 7017,41 manat əsas borcu qalmışdır. 16 noyabr 2021-ci il tarixdə reyestrdə 2V-207 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun arvadı Zilmirə X2 qanun üzrə vərəsəsidir, vərəsə 2223,53 manat puldan tam pay almalıdır. İddiaçı, vərəsə Cavabdeh kredit öhdəliyinin icrası ilə bağlı məsuliyyət daşıdığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

31. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 451,35 (dörd yüz əlli bir manat 35 qəpik) manat borcun tutulması, iddia tələbi üzrə ödənilmiş 90,58 manat məhkəmə xərcinin 6%-i, yəni 5,43 (beş manat 43 qəpik) manatının Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

32. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mərhum X8 "xxxx" ASC ilə bağlamış olduğu 27 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7017,41 manat borcu qalmış, həmçinin 16 noyabr 2021-ci il tarixdə reyestrdə 2V-207 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun arvadı Cavabdeh mərhum Mehman Nəzərovun yeganə vərəsəsi kimi sonuncunun öldüyü məqamadək malik olduğu miras əmlakına, o cümlədən miras aktivini təşkil edən 2223,53 manat pula münasibətdə vərəsəlik hüququ yaranmışdır. Bununla da, Cavabdeh mərhum Mehman Nəzərovun borcuna görə məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni 2223,53 manat təşkil etmiş, habelə bu məbləğin 1772,18 manatı daha əvvəl qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə mərhumun "xxxx" ASC-yə 24 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi məqsədilə adı çəkilən cavabdehdən həmin bankın xeyrinə tutulmuşdur. Belə olan halda, məhkəmə belə qənaətə gəlmişdir ki, mövcud vəziyyətdə ödənilməli borc yalnız həmin məbləğin qalığı, yəni 451,35 manatı həcmində məhdudlaşmalı və cavabdeh bu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul əsas borcun ödənilməsinə yönəldilməlidir.

33. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

34. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq şikayətin dəlilləri ilə razılaşır və aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

37. Kollegiya ilk növbədə qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

38. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.

39. Araşdırılan mubahisədən göründüyü kimi cavabdeh, X5nun vərəsəsi olmaqla, sonuncudan qalmış mirası qəbul etmişdir.

40. Beləliklə, qanunvericiliyin tələbinə görə borclu üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdeh qanun üzrə vərəsə kimi borclunun kredit öhdəliyinin icra edilməsi üçün mülki məsuliyyət daşıyır.

41. Göründüyü kimi birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin vərəsə kimi məsuliyyət həddi miras əmlakın miqdarı ilə məhdudlaşır, vərəsəlik şəhadətnaməsində göstəriləndən başqa miras əmlakın mövcud olmasını kreditor sübut etməlidir.

42. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Kollegiya hesab edir ki, sübutetmə yükünün bölgüsünü müəyyən edərkən birinci instansiya məhkəməsi səhvə yol vermiş, araşdırılan mübahisə üzrə borcun mirasdan çox olmasını sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda bu vəzifəni iddiaçı –kreditora aid etmişdir.

44. Kollegiya qeyd edir ki, borcun mirasdan çox olmasını sübutetmə vəzifəsinin vərəsənin (cavabdehin) üzərinə düşməsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələbindən irəli gəlir.

45. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

46. Göründüyü kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, digər halda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosesssual hüquq normalarını pozmuş, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbləri baxımından iş üzrə araşdırma aparmamış, tərəflər arasında sübutetmə yükünün bölgüsündə səhvə yol vermiş, araşdırılan mübahisə üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərinə düşməsi ilə bağlı Mülki Məcəllənin 1307-ci maddənin tələblərini nəzərə almamış, cavabdeh tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunun sübut etməsi ilə bağlı hər hansı mötəbər sübutun, o cümlədən mirasın notarius tərəfindən siyahıya alınması barədə sənədin məhkəməyə təqdim olunmamasına diqqət yetirməmiş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

48. Kollegiya qeyd edir ki, cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə, habelə yeni subutlar təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin izah edilməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə mirasın siyahıya alınması, habelə miras qoyanın borclarının mirasdan çox olduğu barədə heç bir sübut təqdim etməmişdir.

49. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, e- 2(059)-178/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, e-2(059)-178/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7017,41 (yeddi min on yeddi manat qırx bir qəpik) manat əsas kredit borcu və ödənilmiş 90,18 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar