Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-556/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(060)-3811/2020 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, əsas borc üzrə 9039,87 ABŞ dolları, faiz borcu üzrə 8393,16 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 18433 (on səkkiz min dörd yüz otuz üç) ABŞ dolları 03 (üç) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 nömrəli, 17 noyabr 2020ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Cavabdeh3 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh3 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 saylı, 06 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 9039,87 ABŞ dolları məbləğində kredit borcu, 8393,16 ABŞ dolları faiz borcu və 14080,49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 31513,52 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, müddətin bərpa edilib apellyasiya şikayətinin aidiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılan zaman ona heç bir bildiriş göndərilməmiş, məhkəmə qərarından məlumatı olmamışdır. Lakin onun kartından qanunsuz olaraq pul tutulmasını gördüyü zaman, məhkəmə qərarından məlumatı olmuş, dərhal rəsmi qaydada qərarı alaraq məhkəməyə apellyasiya şikayəti vermişdir. Məhkəməyə buraxılmış müddətin bərpasına dair ərizə verməyinə baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz olaraq şikayətini rədd edərək, "Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Cavabdeh3 vəsətəti təmin edilməsin." qərara almışdır. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə tərəfindən iş materialları dəqiq araşdırılmamış, qərarın ona çatdırılıb-çatdırılmaması barədə sübutlar göstərmədən, qərar qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli və onunla bağlı 22 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsini Cavabdeh3 apellyasiya şikayəti üzrə işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni məsələ üzrə eyni araşdırılmanın aparılmasına səbəb olması, həmçinin qətnamənin qəbulundan 2 il müddət keçdikdən sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi iddiaçının hüquqlarının pozulmasına və mülki məhkəmə icraatının uzun və yorucu bir prosedura çevrilməsinə səbəb ola bilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Cavabdeh prosessual müddətin bərpasına dair ərizə ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilsə də, ilk öncə həmin prosessual müddətin bərpasına dair ərizə verməyə əsasların olub-olmaması yoxlanılmalı, əgər prosessual müddət ötürülmüşdürsə, həmin müddətin bərpasına dair ərizəyə baxılmalı, əks halda şəxs şikayət vermək üçün prosessual müddəti ötürməmişdirsə, apellyasiya şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyatı üzrə göndərilməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb kimi xx.xx.2020-ci il tarixli qətnamənin xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə əldə etməsinə istinad etmişdir. Lakin müddətin bərpası ərizəsinə baxan birinci instansiya məhkəməsi işin bu halları ətraflı araşdırmamış, yəni qətnamənin surətinin (MPM-nin 134-135-ci maddələrinin tələbi baxımından) cavabdehə rəsmi qaydada hansı tarixdə verilməsini yoxlamamış, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki, mövcud qətnamənin cavabdeh tərəfindən xx.xx.2022-ci ildə alınması nəzərə alındıqda, MPM-nin 360-cı maddəsinin tələbi baxımından şikayətin vaxtında verildiyi və bu zaman tərəfin prosessual müddəti ötürməməsi ona belə vəsatət verməkdən azad olunmasının mümkünlüyü izah edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin olunmamasının ikinci əsası kimi şikayətin apellyasiya məhkəməsinə göndərilməsinin məhkəmə tərəfindən eyni məsələ üzrə eyni araşdırmanın aparılmasına səbəb ola bilməsinə əsaslanmışdır. Lakin bu nəticəyə gələn birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 361.1.1-ci maddəsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadında əks olunmuş mövqeyini (şikayətin geri qaytarılmasının mümkünlüyünü) nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli və onunla bağlı 22 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, Cavabdeh3 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması zamanı qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli və onunla bağlı 22 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Cavabdeh3 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-556/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-556/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver