Məhkəmə qərarları › İş №2(105)-560/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-560/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-560/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, zaminliyə xitam) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızından və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(060)-4549/2023 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 25,5% ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir.

2. "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 Hüseynəli oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Hüseynəli oğlu borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.

3. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana 8000 manat məbləğdə verdiyi kreditin qalıq məbləği 5449,83 manat təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır.

4. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 Hüseynəli oğlu arasında bağlanmış 110011451/ZM saylı zaminlik müqaviləsi üzrə 2 № əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır.

5. İddiaçı ASC-nin xx.xx.2023- cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 2857 manat əsas, 1731 manat faiz, 1971,77 manat cərimə, illik 5%-lə hesablanmış 417 manat faiz borcu olmaqla, cəmi 6977 manat məbləğində borcu mövcuddur.

6. LPO İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 Hüseynəli oğluna ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Hüseynəli oğlu borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6427 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu müqavilənin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixinə əsas kredit borcu 2574,94 manat, faiz borcu 728,27 manat, sualda qeyd olunan tarixə, yəni 08 may 2023-cü il tarixə (rəyin tərtib edildiyi tarixinə illik 5%-lə) əsas kredit borcu 2574,94 manat, faiz borcu 1096,63 manat, faiz borcu 5% ilə 368,36 manat müəyyən edilmişdir. Ekspertiza tətqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə, illik 25,5% dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 Hüseynəli oğlu ilə Bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5449,83 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********582 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6977,79 manat təşkil edir. Bundan 2857,38 manat əsas, 1731,04 manat faiz, 1971,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 417,60 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi borcu 6977,79 manat-bundan 2857,38 manat əsas, 1731,04 manat faiz, 1971,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 417,60 manat faiz borcu və iş üzrə ödənilmiş 89,78 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(060)-4549/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh2 2574,94 (iki min beş yüz yetmiş dörd manat, doxsan dörd qəpik) manat əsas, 728,27 (yeddi yüz iyirmi səkkiz manat, iyirmi yeddi qəpik) manat faiz, 50 (əlli) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 368,36 (üç yüz altmış səkkiz manat, otuz altı qəpik) faiz, ümumilikdə 3721,57 (üç min yeddi yüz iyirmi bir manat, əlli yeddi qəpik) manat məbləğində pulun və 89,78 (səksən doqquz manat, yetmiş səkkiz qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2574,94 manat, müqavilə müddəti bitən tarixə faiz borcu 728,27 manat, müqavilə müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixinə illik 5%-lə birlikdə hesablanmış faiz borcu 368,36 manat təşkil edir. Məhkəmə hesab edib ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 2574,94 manat və faiz borcunun 728,27 manat, müqavilə müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixinə illik 5%-lə birlikdə hesablanmış faiz borcu 368,36 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və Cavabdeh2 bankın xeyrinə müqavilə müddətinin sonuna 2574,94 manat əsas, 728,27 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə birlikdə hesablanmış 368,36 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 368,36 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edib ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamin Cavabdeh1 da müştərək qaydada tutulması hissəsi üzrə qeyd edib ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı ilə əsas borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtı müəyyən edilə biləndir (kredit 24 ay müddətinə verilmişdir). Həmin kredit müqaviləsi xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Belə olan halda iddiaçı zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti başa çatdığı gündən (qanunla müəyyən edilmiş müddət daxilində) zaminə qarşı iddia irəli sürmədiyi (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilmişdir) üçün Cavabdeh1 Hüseynəli oğlunun zaminliyinə qanuna əsasən özü-özlüyündən xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə yuxarıdakı formada qətnamə qəbul etmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.7, 449.1, 470.1, 472.1, 477.0.4 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 4549/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində əsassız və qanunsuzdur. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5 %) hissəsini əsassız olaraq azaltmaqla iddianı həmin hissədə qismən təmin etmişdir. Ümumiyyətlə kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. İşə baxan məhkəmə 1971.77 AZN məbləğində cəriməni əsassız olaraq azaltmaqla göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almayaraq, qanunvericiliyin tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad etməklə əsas, faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borclarını, həmçinin cərimə məbləğini də əsassız olaraq azaltması Mülki Məcəllənin 467-ci maddəsinin bu rakursdan da pozulmasına gətirib çıxarmışdır. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas, faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borclarını azaldarkən ekspert rəyinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmamışdır. İddiaçı tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegioyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Belə ki, o mövcud kredit müqaviləsi üzrə vəsaiti əldə etmiş və qrafik üzrə borcunu ödəməyə davam etmişdir. Lakin daha sonra ölkə ərazisində baş verən manatın devolvasiyası zamanı maddi vəziyyətində əsaslı şəkildə mənfi dəyişikliklər yaranmış, aldığı əməkhaqqısı dəfələrlə azaldılmışdır. Ona görə də borcun ödənilməsində gecikmələr yaranmışdır. Bundan sonra özü banka müraciət edərək onun kreditinin restruktruzasiya edilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan ona heç bir məlumat verilməmiş, ödənişin hansı formada edilməsi bildirilməmişdir. Hazırkı iş üzrə birinni instansiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş məbləği ödəməyə etiraz etmir. Apellyasiya şikayətində qeyd edilənləri isə qəbul etmir. Hesab edir ki, şikayət ondan tutulası borc məbləğinin süni şəkildə şişirdilməsi məqsədi ilə verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegioyasının iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirdi ki, əsas borclu Cavabdeh2 kredit vəsaiti verilməsi üçün onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Keçən müddət ərzində o borc ödənişlərinin icra edilməsində problem yarandığını bilməmişdir. Yalnız hazırkı iş üzrə cavabdeh qismində məhkəməyə dəvət edildiyini bildikdən sonra məsələdən xəbəri olmuşdur. Məhkəmə qətnaməsi ilə iddia tələbi ona aid hissədə zaminə iddia müddətinin ötməsi əsası ilə rədd edilmişdir. Məhkəmənin mövqeyini əsaslı hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İş üzrə iddiaçının etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Mülki Prosessual Məcəllə 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. İddiaçı apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(060)-4549/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan bəlli olur ki, əslində qətnamə yalnız iddia tələbinin təmin edilməyən faiz və cərimə hissələrinə münasibətdə mübahisələndirilmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddia tələbindən görünür ki, tələb öhdəlik münasibətlərindən irəli gəlib, mövcud kredit və zaminlik müqavilələri üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehlərdən müştərək qaydada alınması barədədir.

26. İşin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 25,5% dərəcəsi ilə 8000 manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 Hüseynəli oğlu ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında 28 mart 2017-ci il tarixli Əlavə Saziş və zaminlik müqaviləsi üzrə əlavələr bağlanmış, kreditin qalıq məbləği 5449,83 manat, müddəti isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka borcları yaranmışdır. İddiaçı məcbur qalıb hazırkı tələblə məhkəməyə müraciət etmişdir, məhkəmə mübahisəni yuxarıdakı formada həll etmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

27. Beləliklə, iddiaçı Bankla cavabdehlər arasında müvafiq olaraq kredit və zaminlik müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Başqa sözlə iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, Cavabdeh2 iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.

28. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamin Cavabdeh1 da müştərək qaydada tutulması hissəsində təmin etməyən məhkəmənin mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.

29. Öyrənilən işin tədqiq olunan hallarından görünür ki, iddiaçı ilə əsas Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtı müəyyən edilə biləndir (kredit 24 ay müddətinə verilmişdir). Həmin kredit müqaviləsi xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Belə olan halda iddiaçı zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti başa çatdığı gündən zaminə qarşı iddia irəli sürmədiyi ( iddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilmişdir) üçün Cavabdeh1 Hüseynəli oğlunun zaminliyinə qanuna əsasən özü-özlüyündən xitam verilmişdir.

30. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, (apellyator) apellyasiya şikayətində əsas, müqavilə müddəti bitən tarixə faiz borcu 728,27 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan borcun təmin olunmamış hissəsini mübahisələndirərək, ekspert rəyi ilə razılaşmadığını, iddianın tam təmin olunmasını xahiş etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator iş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasına dair əldə edilmiş ekspert rəyini mübahisələndirsə də, ekspert rəyinin hansı səbəblərdən əsassız olması barədə tutarlı dəlillər təqdim etməmişdir.

32. Apellyasiya kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa kollegiya qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

33. Bundan əlavə faiz borcunun düzgün hesablanmadığını qeyd edən iddiaçı tərəf ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(060)-4549/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar