Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-561/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4524/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasını rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh şəxsi təsərrüfatında olan bir baş inəyi yolda nəzarətsiz qoymaqla Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin İddiaçı olan xx.xx.2023-cü il tarixli, HR-1-644 nömrəli məktubundan görünür ki, onun xəsarət almağı ilə əlaqədar Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
3. “X9” MMC tərəfindən verilmiş zərər aktından görünür ki, **-MA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 5572 manat təşkil edir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6428/2023 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2009-cu il buraxılışlı “Hyundai” markalı Elantra model, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin may ayına olan təmir-bərpa xərci təxminən aşağıdakı müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5572 manat (o cümlədən, dəyişilməli hissələrin qiyməti - 4022 manat; təmir-bərpa işlərinin qiyməti - 1550 manat), 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4176 manat (o, cümlədən, dəyişilməli hissələrin qiyməti - 2626 manat; təmir-bərpa işlərinin qiyməti - 1550 manat). Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1995-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, faktiki ünvan 2da yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi iş üzrə Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın ödənilməməsi ilə bağlıdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçıya məxsus “Hyundai Elantra” minik markalı, 99MA786 dövlət qeydiyyat nömrəli avtomobil ilə 24 may 2023-cü il tarixdə saat 20 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aid olan hissəsində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan boz rəngli inəyin yanından keçəndə qəflətən inək yoluna çıxmış, avtomobili sola istiqamətləndirib əyləcə təzyiq etsə də, inək avtomobilin sağ hissəsi ilə toqquşmuş, nəticə də avtomobilinə 5572 manat məbləğində maddi ziyan dəymişdir. İnəyin sahibi olan Cavabdeh iddiaçıya yaxınlaşaraq mübahisə etmiş və ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Səhərisi gün səhhətində ağrılar başlamış, tibbi yardım üçün xəstəxanaya yaxınlaşmışdır. Qeyd edir ki, hadisə baş verən zaman cavabdeh və əvvəlcədən tanımadığı bir neçə şəxs iddiaçının ünvanına uca səslə nalayiq sözlər söyləmişdirlər. Həmin şəxslərdən biri bu zaman iddiaçını videoya çəkmişdir. İddiaçını söyməklə özündən çıxarmaq istəmişdirlər. İddiaçı isə onlara heç bir cavab verməmiş, əksinə onların söyüş söymələrini telefonunda saxlamışdır. Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 icraatında NK-1/644 saylı material olmuş, araşdırma zamanı qeyd etdiyi bütün hallar öz əksini tapmış, lakin əməldə cinayət tərkibi olmadığından 05 iyun 2023-cü il tarixli cinayətin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən alınmış 771 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı bədəni üzərində təpə-alın nahiyənin qançırı aşkar edilmiş, qeyd olunan xəsarətlərin küt əşya təsirindən törəndiyi, qərarın təsbiri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ biləcəyi, müddətinin zərərçəkənin tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 25 may 2023-cü il tarixə uyğun gələ biləcəyi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilmədiyi bildirilmişdir. Araşdırma zamanı Cavabdeh və yanında olan digər şəxslərin ictimai qaydam pozaraq ətrafdakı şəxslərin diqqətini öz hərəkətlərinə cəlb etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək xırda xuliqanlıq inzibati xətası törətməsi təhqiqatla tam sübuta yetirilmiş, cavabdehin əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material üzrə qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə xidməti həyata keçirən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə göndərilmiş, həmçinin Cavabdeh şəxsi təsərrüfatında olan bir baş inəyi yolda nəzarətsiz qoymaqla Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermiş, qəbul edilmiş qərarın digər surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Qərarda həmçinin araşdırma dövründə “Hundai” servisdən alınmış arayışa əsasən avtomobilə sözügedən hadisə nəticəsində ümumilikdə 5572 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya dəymiş maddi ziyanı bu günə kimi ödəməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh 24 may 2023-cü il tarixdə saat 20 radələrində Bakı- Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aid olan hissəsində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan boz rəngli inəyin yanından keçəndə qəflətən inəyin yoluna çıxması nəticəsində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 99MA786 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 5572 manat məbləğində dəymiş maddi ziyanın, eləcə də 76 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4524/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4176 (dörd min yüz yetmiş altı) manat məbləğində pul və 76 (yetmiş altı) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1110-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4524/2023 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarasınız.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 9, 88, 101.7 və 103-cü maddəsinin tələbləri pozulmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, ona məxsus “Hyundai Elantra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə 24 may 2023-cü il tarixdə saat 20 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aid olan hissəsində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan boz rəngli inəyin yanından keçəndə qəflətən inək yoluna çıxmış, avtomobili sola istiqamətləndirib əyləcə təzyiq etsə də, inək avtomobilin sağ hissəsi ilə toqquşmuş, nəticə də avtomobilinə 5572 manat məbləğində maddi ziyan dəymişdir. İnəyin sahibi olan Cavabdeh ona yaxınlaşaraq mübahisə etmiş və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Səhəri gün səhhətində ağrılar başlamış, tibbi yardım üçün xəstəxanaya yaxınlaşmışdır. Qeyd edir ki, hadisə baş verən zaman cavabdeh və əvvəlcədən tanımadığı bir neçə şəxs onun ünvanına uca səslə nalayiq sözlər söyləmişlər. Həmin şəxslərdən biri bu zaman onu videoya çəkmişdir. Onu söyməklə özündən çıxarmaq istəmişlər. O isə onlara heç bir cavab verməmiş, əksinə onların söyüş söymələrini telefonunda saxlamışdır. Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 icraatında NK-1/644 saylı material olmuş, araşdırma zamanı qeyd etdiyi bütün hallar öz əksini tapmış, lakin əməldə cinayət tərkibi olmadığından 05 iyun 2023-cü il tarixli cinayətin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən alınmış 771 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı bədəni üzərində təpə-alın nahiyənin qançırı aşkar edilmiş, qeyd olunan xəsarətlərin küt əşya təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ biləcəyi, müddətinin zərərçəkənin tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 25 may 2023-cü il tarixə uyğun gələ biləcəyi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilmədiyi bildirilmişdir. Araşdırma zamanı Cavabdeh və yanında olan digər şəxslərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərin diqqətini öz hərəkətlərinə cəlb etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək xırda xuliqanlıq inzibati xətası törətməsi təhqiqatla tam sübuta yetirilmiş, cavabdehin əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material üzrə qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə xidməti həyata keçirən Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmiş, həmçinin Cavabdeh şəxsi təsərrüfatında olan bir baş inəyi yolda nəzarətsiz qoymaqla Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermiş, qəbul edilmiş qərarın digər surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Sumqayıt ŞPİnin DYPŞ-yə göndərilmişdir. Qərarda həmçinin araşdırma dövründə “Hundai” servisdən alınmış arayışa əsasən avtomobilə sözügedən hadisə nəticəsində ümumilikdə 5572 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Lakin cavabdeh ona dəymiş maddi ziyanı bu günə kimi ödəməmişdir. Məhkəmə araşdırması zamanı isə məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə işin faktiki hallarını nəzərə almamış, çıxardığı qətnaməni ekspert rəyi ilə əsaslandırmışdır. Qeyd etmək istəyir ki, ekspertizanın rəyi ilə də razı deyildir. Ekspert öz rəyində dəyişməli hissələrin qiymətini və təmir xərclərini servisin aktına uyğun olaraq 5572 manat məbləğində hesablamış, lakin həmin hissələrin köhnəlməsini nəzərə alaraq qiyməti aşınma tətbiq etməklə 4176 manat müəyyən etmişdir. Məhkəmə isə ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmiş və cavabdehdən məhz 4176 manat pulun tutulmasını qət etmişdir. Hesab edir ki, məhkəmənin çıxardığı qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə əsassızdır. Çünki mülkiyyətində olan avtomobilin baş vermiş hadisə nəticəsində məhz zavod tərəfindən qoyulan detalları zərər görmüşdür. Bu hadisəyə kimi avtomobilin heç bir vuruq və zərbəsi olmamış, zavod buraxdığı hər hansı detal dəyişdirilməmişdir. Həmçinin bildirir ki, avtomobilə quraşdırılmış detallar original detallardır və məhkəmə qiyməti müəyyən edərkən həmin detalların real bazar qiymətlərini müəyyən etməli və ona əsaslanmalı idi. Yəni məhkəmə tərəfindən dəymiş maddi ziyan müəyyən edilərkən maşının ilinə münasibətdə köhnə və ya təzə olması yox, ona çəkilən real xərc, eləcə də dəyişən detalların real bazar qiyməti nəzərə alınmalı idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4524/2023 nömrəli qətnaməsinin iddiasının təmin edilməyən hisəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndiirlən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh şəxsi təsərrüfatında olan bir baş inəyi yolda nəzarətsiz qoymaqla Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermiş, İddiaçı məxsus **-MA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş ekspertiza nəticəsində alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, 2009-cu il buraxılışlı “Hyundai” markalı Elantra model, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin may ayına olan təmir-bərpa xərci təxminən 5572 manat, aşınma tətbiq edilməklə 4176 manat müəyyən edilmişdir. Hal-hazırda apellyant ona məxsus avtomobilin ehtiyat hissələrin dəyişdirilməməsini və yeni olmasını əsas gətirməklə, aşınmanı tətbiq etməməklə, cavabdehdən 5572 manat məbləğində zərərin tam tutulmasını xahiş edir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
34. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
36. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları (avtomobilin ehtiyat hissələrin dəyişdirilməməsini və yeni olmasını) qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tam sübut edə bilməmiş, birinci instansiya məhkəməsi haqlı olaraq, 2009-cu il buraxılışlı “Hyundai” markalı avtomobilinə aşınma tətbiq edilməklə 4176 manat məbləğində zərəri cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.
38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
39. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
40. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4524/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4524/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.