Məhkəmə qərarları › İş №2(105)-561/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-561/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-561/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, iddiaçının nümayənəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 257/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh1 “X14” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 18:43 radələrində Binəqədi-Novxanı yolunda araməsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.

2. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, **-ZD-*** dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobus) xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir.

3. RR servis tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş qüsur aktından görünür ki, 90ZA898 qeydiyyat nömrəli, MAZDA CX5 markalı nəqliyyat vasitəsinə cəmi 21481 manat dəyərində zərər dəymişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş 21481 manatın, avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi 5100 manatın, hüquqi yardım üçün vəkilə ödədiyi xərc 100 manatın, ödədiyi dövlət rüsumu 168 manatın, ümumilikdə 26849 manatın alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 18:40 radələrində iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının atası X4 idarə etdiyi “Mazda CX-5” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi qəsəbəsində Novxanı kəndinə gedən yolda 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən arxaca 2-ci hərəkət zolağı ilə yüksək sürətlə yaxınlaşan Cavabdeh1 idarə etdiyi “X14” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobus vurmuş, iddiaçının avtomobilinin arxa sol hissəsinə çırpılaraq zərbənin və arxadan avtomobili vuran avtobusun yüksək sürəti nəticəsində iddiaçının atasının idarə etdiyi nəqliyyat vasitəsi bir xeyli sürüşərək öndə dayanmışdır. Toqquşma nəticəsində iddiaçının avtomobilinin arxa hissəsi tam deformasiyaya məruz qalaraq əzilib tam yararsız hala düşmüşdür. Qeyd olunan avtobusun sürücüsü özünü təqsirkar bilmişdir. Beləliklə, Cavabdeh1 ara məsafəsi qaydalarının pozulması sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qəza nəticəsində iddiaçının avtomobilinə vurulmuş ziyan 21481 manat məbləğindədir. Cavabdehin avtobilinin icbari siğortalandığı “Bakı Sığorta” tərəfindən lazımi tədbirlər görülmüş və dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Bundan başqa qeyd etməlidir ki, məlum qəza nəticəsində avtomobilin əmtəə dəyəri əhəmiyyətli dərəcədə itkiyə məruz qalmışdır. Nəqliyyat vasitəsinin əmtəə dəyəri üçün ən əhəmiyyətli nüans olan ümumi rama qəza nəticəsində əyilmişdir. Göründüyü kimi məlum qəza nəticəsində avtomobilin əmtəə dəyəri 3000 ABŞ dolları (5100 manat) aşağı düşmüşdür.

6. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə göndərərək, 90-ZD885 dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

7. Cavabdeh2 cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir.

8. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, hazırkı yol-nəqliyyat hadisəsində təqsir “Mazda CX-5” markalı 90- ZA898 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən iddiaçının atası X2r. Sağ yol boş olarkən iddiaçının atası istiqamətini sağa dəyişmiş, sonra o da sağ istiqamətə keçmişdir. Lakin həmin vaxt iddiaçının atası istiqamətini qəfil dəyişdiyindən, o, idarəetməni itirmiş və “Mazda CX-5” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmçinin iddiaçı tərəf 5000 manat sığorta ödənişini almışdır. Daha sonra o, icarəyə götürdüyü avtobusu düzətdirmiş, ustanın pulunu isə hissə-hissə vermişdir.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4304/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/8950 nömrəli rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “RR Servis”in xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2014-cü il buraxılışlı “Mazda CX-5” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təxminən 15605 manat müəyyən edilmişdir.

11. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqim edərək, hazırki mülki işlə bağlı dəymiş zərərin 5000 manatının sığorta şirkəti tərəfindən qarşılandığını bildirmişdir.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-257/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10605 manat pul, hüquqi yardım üçün vəkilə ödənilən 50 manat pul və 121,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 13 fevral 2023-cü il tarixli, 9/8950 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin mütənasib olaraq 13,80 manat məbləğinin iddiaçıdan, 36,20 manatının cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/8950 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “RR Servis”in xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2014-cü il buraxılışlı “Mazda CX-5” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təxminən 15605 manat müəyyən edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən məhkəmə təqdim edilən ərizədən görünür ki, dəymiş zərərin 5000 manatının sığorta şirkəti tərəfindən qarşılanmış və bu halı nümayəndə məhkəmədə izahatında bir daha təstiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 15605 manat məbləğində puldan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 5000 manat məbləği çıxılmaqla, qalan 10605 manat pul İddiaçı ödənilməlidir.

14. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1099, 1108.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ona aid hissədə ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu nəticə qərəzlidir, hakim birtərəfli yanaşmış və özünün maraqlarına uyğun olan qətnamə qəbul etmişdir, onun fiziki şəxs kimi hüquqları kobud surətdə pozmuşdur. Fiziki imkanlarının məhdudluğu səbəbindən mülkiyyətində olan nəqliyyat vasitələrini idarə edə bilmədiyi üçün digər şəxsin istifadəsinə vermişdir. Məhkəmə bu hissədə də müvafiq araşdırma aparmamış və həqiqəti müəyyən etməmişdir. Nə ona bildiriş göndərilmiş, nə də məlumat verilmədiyi üçün məhkəmədə iştirak etməmişdir. Etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə edən başqasıdır. Həmin şəxs onun işçi deyil və aralarında hər hansı hüquqi münasibətlər yaranmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Baş Dövlət Yol Polisi idarəsinə göndərdiyi vəkil sorğusuna cavab olaraq gələn xx.xx.2022ci il tarixli məktubdan (arayış) məlum olmuşdur ki, **-ZD-*** dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobusu) xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir. Mülkiyyət digər şəxsin istifadəsində olduğu üçün bu hissədə onun cavabdeh kimi üzərinə öhdəliyin qoyulması ilə qəti razılaşmır. Onun məhkəmə prosesindən heç bir xəbəri olmamışdır. Məhkəmə onun üzərinə öhdəlik qoymazdan öncə həqiqəti müəyyən etməli idi. Məhkəmənin istinad etdiyi 1099-cu maddə o halda ona aid edilə bilərdi ki, aralarında hüquqi münasibətlər yaranmış olardı və onunla cavabdeh arasında əmək müqaviləsi olardı. Halbuki o həmin əmlakı yalnız istifadə üçün ona vermişdir. Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri iş materiallarında olan Abşeron DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ilə təsdiqini tapmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh Rahib məhkəmə qətnaməsi ilə öhdəlik qoyulmuş ödənişi vaxtlı-vaxtında ödəyir. Onun cavabdeh kimi etirazı isə bu iş üzrə onu cababdeh kimi işdən çıxarılmaqdır. Çünki bu ziyan tələbinin onunla heç bir əlaqəsi yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində sürücü ilə əmək müqaviləsi bağlamadığını və onunla heç bir hüquq münasibətində olmadığını iddia etsə də mülkiyyətində olan ictimai nəqliyyatı nə məqsədlə istifadəyə verdiyini izah etmir. Lakin, cavabdeh bu fikirləri ilə dolayı şəkildə etiraf etmiş olur ki, özünə məxsus nəqliyyat vasitəsini və digər avtomobillərini bir sahibkar olaraq qazanc məqsədilə, müvafiq etibarnamələr vasitəsilə ayrı-ayrı şəxslərin istismarına vermişdir. Belə olan halda, həm sərnişinlərin, həm də hərəkət iştirakçılarına sürücünün vurmuş olduğu maddi zərərə görə məsuliyyətdən yayınması əsaslı sayıla bilməz. Qanunvericilik baxımından cavabdeh baş vermiş hadisədə inzibati qaydada təqsirsiz hesab edilsə də işəgötürən statusunda olmaqla mülki-hüquqi məsuliyyət daşıyır. Baxmayaraq ki, yüksək təhlükə mənbəyinin sahibi olan şəxs olaraq öz nəqliyyat vasitələrinin üçüncü şəxslərə dəyən zərərin tam qarşılanmasının təmin edilməsi üçün icbari sığortadan əlavə tam maddi məsuliyyətin qarşılanması üçün sığorta şirkətləri ilə əlavə təminatın əldə edilməsi barədə düşünməli, özünü maddi məsuliyyətdən kənara çəkməməlidir. Bundan başqa, hər kəsə məlum faktdır ki, yol nəqəliyyat hadisəsi nəticəsində zərərçəkənin özü və sənişinlərinin xəsarət alıb-almaması, eləcə də müalicə xərclərinin qarşılanmasında da hadisədə təqsiri və məsuliyyəti olan şəxs təşəbbüskar və diqqətli olmalıdır. Həmçinin, cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə iclasları barədə ona “sms” bildiriş gəlmədiyi üçün birinci instansiya məhkəməsinin iclaslarında iştirak edə bilməmişdir. Cavabdehin bu mövqeyi ilə də razılaşmaq mümkün deyil. Halbuki, mübahisə tərəfləri “e-məhkəmə” sisteminə daxil edilməklə yanaşı, məhkəmə tərəfindən bütün tərəflərin mobil telefonlarına məhkəmə bildirişi göndərilir. Apellyasiya şikayətinin bütün bölmələrində cavabdeh eyni və oxşar cümlələri təkrar etməklə heç bir faktiki və hüquqi əsaslandırmaya istinad etməmiş ki, bu da ən azı şikayətin formal proseduru baxımından da əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Daha sonra, Plenum qərarında göstərilir ki, Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Eyni ilə sürücü Cavabdeh1 ilə “X14” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisi Cavabdeh2 arasında olan münasibətlərin hüquqi mahiyyətinə aiddir. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının - işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin - işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Hazırki mülki işə analoji hüquqi yanaşmanı tətbiq etsək şəhərin müxtəlif istiqamətlərinə sərnişin daşınmasını həyata keçirən mülkiyyətçi (bizim misalda, Cavabdeh2) səlahiyyətli orqanlardan aldığı rəsmi və ya qeyri rəsmi marşurut xətlərinə öz sərəncamlarında olan avtobusları idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan səlahiyyətli şəxslərə etibarnamə ilə tapşırıq və göstərişlərini verir, onlar üçün gündəlik iş qrafiki, istirahət günü, ən əsası isə razılaşdırılmış muzd ödəyirlər ki, bu da faktiki əmək münasibətləri kimi anlaşılır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh2 da təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayənəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...)

23. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...) 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (...)

25. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

26. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdə olan Abşeron DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh1 “X14” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 18:43 radələrində Binəqədi-Novxanı yolunda araməsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.

38. **-ZD-*** dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobus) xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir.

39. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/8950 nömrəli rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “RR Servis”in xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2014-cü il buraxılışlı “Mazda CX-5” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təxminən 15605 manat müəyyən edilmişdir. Dəymiş zərərin 5000 manatının sığorta şirkəti tərəfindən qarşılandığını iddiaçı tərəfindən etiraf edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh X3 təqsirli olması və vurulmuş zərəri ödəməli olması işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal Cavabdeh2 vurulmuş zərəri ödəməli olub-olmaması ilə bağlıdır.

41. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

42. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

43. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh X6 həmçinin bildirmişdir ki, bir ilə yaxın müddətdə etibarnamə ilə Cavabdeh2 məxsus yuxarıda adı çəkilən avtobusu sürmüş və ondan hər ay 600 manat məbləğində maaş almışdır. Cavabdeh2lə aralarında müqavilə bağlanmamışdır. Hadisə zamanı Balaxanı yolu ilə Sumqayıt şəhərinə gəlib fəhlələri öz ünvanlarına düşürdürmüş.

44. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2 həmçinin bildirmişdir ki, Cavabdeh1 onun işçisi olmamışdır, avtobusu idarə etmək üçün ona etibarnamə vermişdir, belə ki, həmin avtobus ilə şəhərdaxili işləyən zaman ona günlük 30 manat, rayonlararası işləyən zaman isə 50 manat və ya 600-700 manat aylıq əmək haqqı vermişdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər.

46. Qərarda həmçinin göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

47. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

48. Qərarda həmçinin göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

49. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

50. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.

51. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

52. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 yüksək təhlükə mənbəyi sayılan yuxarıda adı çəkilən nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərkən Cavabdeh2 tapşırığı ilə və onun nəzarəti altında fəaliyyət göstərdiyindən, o, Cavabdeh1 (işçinin) törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.

54. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməməsi barədə digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh qismində işə cəlb olunmuş, bundan sonra təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri haqqında onun məhkəməyə məlum olan rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanına yazılı bildirişlər, o cümlədən ona sms bildirişlər göndərilmişdir.

55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

57. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-257/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar