Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-565/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-122/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-122/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8750 (səkkiz min yeddi yüz əlli) manat və dövlət rüsumu üçün 15 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızına ödənilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat, Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızından 100 manat məhkəmə ekspertizası xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-122/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 7000 manat məbləğində pulun və 7000 manatın illik 5 faizini yəni 1400 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı 07.04.2015-ci il tarixdə "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240- C ünvanında inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv/m dən ibarət bir otaqlı, 107 nömrəli mənzili satın almışdır. Müqavilə üzrə mənzilin dəyəri 42700 manat müəyyən edilmişdir. Mənzilin dəyəri kimi 42700 manat iddiaçı tərəfındən tam şəkildə AAAF- İNŞAAT» MMC-nin hesabına tam olaraq "xxxx"ASC-nin Sumqayıt filialından kredit götürərək ödənilmişdir və heç bir borc məbləği qalmamışdır. "xxxx" MMC onu aldadaraq əlavə pul almışdır. Belə ki, hazırda mənzilində təmir işləri gedir. Təmir briqadasının verdiyi məlumata görə sözü gedən mənzilin sahəsi 61 kv/m deyil 51 kv/m təşkil edir. Bu isə o deməkdir ki, mənzilin hər kv.m-nin dəyəri 700 manat dəyərindədirsə (42700 m : 61 kv/m = 700 m) "xxxx" MMC onun 7000 manatını aldadaraq ələ keçirmişdir. Yəni, iddiaçıya 7000 manat miqdarında maddi ziyan vurulmuşdur. Sonradan iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı “iddianın həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8750 manat məbləğində pulun və 8750 manatın illik 5 faizini, yəni 1750 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh "xxxx" MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Abşeron rayon məhkəməsinin 2(012)-122/2021 nömrəli 25 oktyabr 2021-ci il qətnaməsi əsassız və qanunsuzdur. Buna görə də qətnamə ləğv edilməli və iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızının iddia ərizəsi rədd edilməlidir. Belə ki, "xxxx" MMC (AAAF PARK 3) ilə vətəndaş X6 arasında tərtib edilmiş 07 aprel 2015-ci il tarixli, İH/B-A(b)/0038 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekt 240-C ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasının, sahəsi 61.0 kv.m. olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzili "xxxx" ASC-nin ("xxxx" ASC) vasitəsilə kreditləşdirilməsi qaydasında almışdır. Həmin müqavilənin 1.3-cü bəndin əsasən, Bank krediti şərtləri ilə alınmış bu əmlak Bankın ipotekasında (girovunda) qalacaqdır. Yəni mübahisələndirilən daşınmaz əmlak maraqlarına toxunan ipoteka saxlayan keçmiş "BANK TECHNİQUE” ASC və ya indiki Ləğv prosesində olan "xxxx" ASC-ı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka predmetidir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 42.700 (qırx iki min yeddi yüz) manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə görə, Alıcı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış kredit hesabına 10 gün ərzində ödəməlidir. İddia ərizəsinə əlavə edilmiş 03.04.2015-ci il tarixli İH/B- A(b)/0038-Maliyy arayışından göründüyü kimi 107 saylı mənzilin dəyərindən 15.000 manat ödənilmiş və borc qalığı 27.700 manat təşkil edir. Halbuki, mənzilin dəyərinin tam ödənilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. İş materiallarına əlavə edilmiş "Bank Technique” ASC-nin Sumqayıt filialının 2015-04-07 tarixli, FJB**********568 nömrəli qəbzdən də görünür ki, sözügedən mənzilin dəyərinin qalıq məbləğini təşkil edən 27700 (iyirmi yeddi min yeddi yüz) manatın - 26457 (iyirmi altı min dörd yüz əlli yeddi) ABŞ dollarının müştəri X7 hesabına mədaxil edildiyi əks olunmuşdur. X9 (VÖEN **********) Abşero rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “ABSHERON CİTY’ Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisic "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən 9 mərtəbəli çoxmənzilli yaşay binalarını podratçı qismində inşa edərək “ABSHERON CİTY’ MTK təhvil vermişdir. Hazırda da, həmin yaşayış binalarına “ABSHERON' CİTY’ MTK tərəfindən xidmət göstərilir, kredit ödənişləri MTK tərəfindən həyata keçirilir və toplanır. 07 aprel 2015-ci il tarixli İH/B- A(b)/0038 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq daşınmaz əmlakı iddiaçı-alıcı H.Abuşeva təhvil vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “Satıcı” mənzili tikinti işlər başa çatdıqdan sonra təhvil verməyi, “Alıcı” isə vahid əmlakı qəbul edib bununla razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürür. Məhkəmə obyektiv araşdırma apararaq mübahisəli mənzilin tikinti altı ümumi sahəsini müəyyən edərsə 107 saylı mənzilin müqavilə şərtlərinə uyğun olaraq 61.0 kv.metr təşkil edəcəkdir. Məhz satıcı cavabdeh Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-C ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasının, sahəsi 61 kv.m.olan 1 otaqdan ibarət 107 saylı mənzili inşa edərək alıcı Hüsniyyə Abuşevaya təhvil vermişdir. Sözügedən 07 aprel 2015ci il tarixli İH/B-A(b)/0038 nömrəli Mənzilin alqı satqıs haqqında müqavilə həmçinin podrat hüquq münasibətləri tənzimləyir. Çünki alıcı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı mübahisəli mənzili təhvil alaraq hazırda istifadə etməsi, sərəncam verməsi, kommunal xidmətləri həyata keçirməklə təsərrüfat aparması, həmin mənzildə təmir işlərini həyata keçirməsi həmin mənzili qəbul etməsi kimi qiymətləndirmək olar. Bundan başqa, maddi prosessual baxımdan iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı tərəfindən mübahisələndirilən daşınmaz əmlak - 107 saylı mənzilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2492/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Bundan başqa, iş üzrə məhkəmə tədqiqatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəziniı 03.11.2020-ci il tarixli 10/48 nömrəli və 27.07.2021-ci il tarixli 10/1759 nömrəli Ekspert rəylərində, mübahisələndirilən mənzilin tikintialtı ümumi sahəsinin 58.08 kv.m. müəyyən edildiyi halda 48.45 kv.m.sahə ilə qət edilmişdir. Rayon məhkəməsi tərəfindən tərəflər arasında razılaşdırılmış şərtlər, podrat münasibətləri nəzərə alınmamışdır. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mənzilin alqı satqısı haqqında 07.04.2015-ci il tarixli İH/B- A(b)/0038 nömrəli müqavilə satıcı/podratçı "xxxx" MMC ila alıcı-sifarişçi Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı arasında könüllü olaraq bağlanmış, şərtləri qəbul edilməklə icra edilmişdir. Lakin alıcı-sifarişçi Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı tərəfindən müqavilənin razılaşdırılmış şərtləri tam icra olunmamışdır. Məhkəmə qeyd olunan xüsusata ümumiyyətlə hüquqi qiymət verməmiş və alqı-satqı hüquq normalarını tətbiq etməklə kifayətlənmişdir. Qeyd olunan hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmədiyindən apellyasiya şikayəti təmin edilməli və məhkəmə qətnaməsi ləğv olunaraq, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumt verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında bağlanmış 07.04.2015-ci il tarixli, İH/B-A(b)/0036 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-C saylı, 9 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 61.0 kv.metr olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzili X4 təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 42.700 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə görə alıcı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış krdit hesabına 10 gün ərzində ödəməlidir. Yenə iş materiallarında olan 03.04.2015-ci il tarixli maliyyə arayışından görünür ki, X1 şəhəri, H.Əliyev prospektində özünəməxsus “AAAF Park” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240-C saylı, 9 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 61.0 kv.metr olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzilin pay dəyərindən 15.000 (on beş min) manat ödəmişdir. Borc qalığı 27.700 (iyirmi yeddi min yeddi yüz) manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2492/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızının cavabdeh Ləğv prosesində olan “TexnikaBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ödənilmiş məbləğlərin əsas borcdan silinməklə qalıq borc məbləğinin müəyyən olunması” tələbinə dair ilk iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, LPO "xxxx" ASC ilə Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı arasında bağlanmış 07.04.2015-ci il tarixli, 15/074 saylı kredit müqaviləsi üzrə 24.642 (iyirmi dörd min altı yüz qırx iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas borc, 6414 (altı min dörd yüz on dörd) ABŞ dolları 13 (on üç) sent faiz borcu, ümumilikdə 30.783 (otuz min yeddi yüz səksən üç) ABŞ dolları 90 (doxsan) sent məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızından və "xxxx" MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF-Park 3" yaşayış massivi, 240C nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 107 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına LPO “TexnikaBank" ASC-yə olan borcun ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə rədd edilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızından və "xxxx" MMC-dən tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli, 2(103)- 1532/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh LPO “TexnikaBank" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın faiz borcu tutulması tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 noyabr 2020-ci il tarixli, 10/48 №-li rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59.3 maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8. bəndinin tələbləri nəzərə alınmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240C ünvanda inşa edilmiş yaşayış binasının 107 saylı mənzilinin ümumi sahəsi 48,5 kv.metrdir. Yenə iş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 27 iyul 2021-ci il tarixli, 10/1759 №-li rəyindən görünür ki, işə əlavə edilmiş (səh. 105) plan sxemdə qeyd olunan mənzilin texniki parametrləri ilə mənzilin faktiki vəziyyətdə olan texniki parametrləri üst-üstə düşmür. Belə ki, mənzilin faktiki vəziyyətdə olan giriş qapısının yeri ilə plan sxemdə göstərilən giriş qapısının yerinin, eyni zamanda dəhlizin və sanitar qovşağının yerləşmə yerinin faktiki vəziyyətdən fərqli olduğu, habelə plan sxemdə 3 saylı hissə kimi qeyd olunan hissənin faktiki vəziyyətdə mövcud olmadığı müəyyən olunur. Təqdim olunmuş plan sxemdən qeyd olunan mənzilin eni 6,6 metr, uzunluğu 8,6 metr təşkil etməklə, mənzilin (balkon və Losiyaya azalma əmsalı tətbiq olunmadıqda, divarının və arakəsmələrin habelə şaxtaların yerləşdiyi sahə ümumi sahəyə daxil edildikdə) sahəsi 56,76 kv.m təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-c ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin ümumi sahəsinin 48,45m2 təşkil etdiyi müəyyən olunur. Yenə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-c ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin tikintialtı (balkon və lociyaya azalma əmsalı tətbiq olunmadıqda, divarlarının və arakəsmələrin habelə şaxtaların yerləşdiyi sahə ümumi sahəyə daxil edildikdə) sahəsinin 58,08 m2 təşkil etdiyi müəyyən olunur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında 07.04.2015-ci il tarixdə bağlanmış İH/B-A(b)/0036 nömrəli mənzilin alqısatqısı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-C saylı, 9 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 61.0 kv.metr olan 1 (bir) otaqdan ibarət 107 saylı mənzili X4 təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 42.700 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilə öhdəliklərini icra etsələr də, hazırda iddiaçı ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstərilmiş sahədən az olduğunu, artıq pul ödədiyini iddia edərək həmin pulun geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240-C ünvanında inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv/m dən ibarət bir otaqlı, 107 nömrəli mənzilə dair 51 kv.metrindən artıq hesablanmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8750 manat pul məbləğinin tutulub iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızına ödənilməli olması hissəsinə dair qənaətini işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli, 10/1759 nömrəli rəyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 578.1, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh tərəfin iddiaya olan etirazının əsasını isə mənzillərin sahəsinin hesablanma qaydasının tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edilməsi təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticəni əsassız hesab edir. Əvvəla, kollegiyanın qənaətinə görə müvafiq araşdırma və əsaslandırma olmadığı üçün məhkəmənin mənzillərin ölçüsünün nəyə görə müqavilə ilə deyil, ekspert rəyi ilə müəyyən edilməli olması nəticəsinə gəlməsi qətnamədən görünmür. Halbuki, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamədə məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Bundan əlavə, cavabdeh tərəf mənzillərin ölçüsünün tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilməli olmasına istinad etsə də, işə baxan məhkəmə cavabdehin həmin dəlillərinə qiymət verməmiş, mənzillərin ölçüsü ilə bağlı mübahisəni Mülki Məcəllənin 390.1 və 405.1-cı maddələri kontekstində araşdırmamışdır. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilədən və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240-C ünvanında inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv/m dən ibarət bir otaqlı, 107 nömrəli mənzili ümumi qiymətin 42700 (qırx iki min yeddi yüz) manat olması barədə razılığa gəlmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini də nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yenə həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə də həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən əsas norma kimi daha öncə istinad olunan iki maddəyə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmetini müqavilədən irəli gələn münasibətlər təşkil etdiyindən maddi hüquq norması kimi həmin maddələrə istinad edilməsi işin obyektiv həlli üçün yetərli deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşağı, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almamışdır. Mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında imzalanmış 07 aprel 2015-ci il tarixli, İH/B-A(b)/0038 nömrəli müqavilənin şərtləri təfsir edildikdə, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənası nəzərə alındıqda, məlum olur ki, həmin müqavilə alqı-satqı barədə deyil, podrat müqaviləsidir (müqavilənin 1.2; 3.1.2.4; 4.7-ci maddələri). Tərəflər arasında bağlanmış həmin müqavilərə əsasən isə podratçı kimi "xxxx" MMC Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızı qarşısında öhdəlik götürmüşdür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240-C ünvanında inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv/m dən ibarət bir otaqlı, 107 nömrəli mənzili inşa edib təhvil verəcək. Müqavilədə mənzilin yaşayış və köməkçi sahələrinin ölçüləri barədə heç bir müddəa yoxdur. Bu müqavilə ilə sifarişçi İddiaçı isə MMC qarşısında öhdəlik götürmüşdür ki, həmin mənzilə görə 42700 (qırx iki min yeddi yüz) manat ödəyəcəkdir. Mənzilin dəyərinin sifarişçi tərəfindən tam ödənilməsi işin mübahisəsiz halıdır. İşdə olan məlum ekspert rəyindən də görünür ki, mübahisəli mənzilin tikintialtı ümumi sahəsi 56,76 kv.metrdir. Başqa sözlə mübahisəli mənzilin müqavilədə nəzərdə tutulan ümumi sahəsi ilə ekspert rəyindəki qeyd olunan ümumi sahə arasındakı fərq 4.24 kv.metrdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən, yəni müqavilədə nəzərədə tutulmuş 61 kv.m ümumi sahədən çatışmayan 4,24 kv.m sahənin dəyəri hissəsində təmin edilməldir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan normalara istinad etmiş, bununla da səhv nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı Hüsniyə Fərəcova iddia tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh "xxxx" MMC isə öz apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddianın 8750 manat hissəsində tam təmin olunmasına dair qərar qəbul etmişdir. İşdən həmçinin görünür ki, işə baxan məhkəmə iddia tələbini 8750 manat məbləğinə hesablanan 5 faiz-1750 manat hissəsində təmin etməmiş, iddiaçı isə həmin hissədə qətnamədən apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən, eləcə də işin yuxarıda sadalanan hallarına əsasən, məhkəmə kollegiyası həmin hissədə əlavə araşdırma aparmağa zərurət görmür və hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-122/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalı, habelə apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 15 manat dövlət rüsumu "xxxx" MMC-nin özünə aid edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat və Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızından 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına ödənilməlidir. AR MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər iddianın qiymətinin mübahisələndirilən hissəsi beş min manatdan yuxarı olduğu halda ondan kassasiya şikayəti verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-122/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2968 (iki min doqquz yüz altmış səkkiz) manat və dövlət rüsumu üçün ödənilmiş 15 manat məbləğində pul vəsaiti tutulub iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızına ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu özünə aid edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat və Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızından 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində, iddianın qiymətinin mübahisələndirilən hissəsi beş min manatdan yuxarı olduğu halda, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-565/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-565/2022
05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver