Məhkəmə qərarları › İş №2(105)-565/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-565/2023

15.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Sair işlər - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-565/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh3 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı və mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 və Cavabdehin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 05 may 2014-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə görə MMC-yə 37584 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC-yə heç bir borcu yoxdur. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli kassa mədaxil orderə əsasən İddiaçı 3000 manat məbləğində əlavə pul ödəmişdir. "xxxx" MMC ilə Cavabdeh2 Agarza oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzili pay kimi payçı Cavabdeh2 Agarza oğluna verməyi, payçı Cavabdeh2 Agarza oğlu isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, icraçı "xxxx" MTK ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzili payçı Cavabdeh3 verməyi, payçı Cavabdeh3 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli müqavilə əsasında "xxxx" MTK ilə Cavabdeh3 arasında yeni şərtlərlə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, icraçı "xxxx" MTK ünvan 1 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 102,2 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzili payçı Cavabdeh3 verməyi, payçı Cavabdeh3 isə müqavilədə göstərilmiş 34000 manat məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş 14 oktyabr 2021-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 102,2 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzilin dəyərini ödəmişdir. Cavabdeh3 MTK-ya heç bir borcu yoxdur. "xxxx" MMC-nin (sonradan Cavabdeh1 MTK-nın) direktoru olmuş X11 oglu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, "xxxx" MMC-nin adından çıxış edən əvvəlki direktor X6 oglu ilə payçı İddiaçı arasında baglanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzili "xxxx" MMC (hüquqi varisi "xxxx" MTK) hər kv.m-nə 450 ABŞ dolları olmaqla, cəmi 43.200 ABŞ dollarına (milli pul vahidi ilə 37.584 manat olmaqla) tikib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. O, "xxxx" MMC-nin direktoru işləyən vaxt İddiaçı tərəfindən həmin mənzilin tam dəyəri ödənilib qurtarmış, ona xx.xx.2014-cü ildə MMC-yə heç bir borcunun olmaması barədə Maliyyə arayışı verilmişdir. Onunla Cavabdeh1 MTK-nin rəhbəri olan Emil Səməndərov arasında təhvil-təslim işləri aparılanda müvafiq Akt tərtib olunmuş, həmin Təhvil-təslim Aktında ancaq İddiaçı adı olmuş, Cavabdeh2 və ya Cavabdeh3 adı olmamışdır. Həmin kitabın bir surəti də Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. xx.xx.2016-cı il tarixdə onunla Cavabdeh3 qeyd olunan mənzilə dair heç bir müqavilə baglanmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK ilə digər Cavabdeh3 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzilə dair baglanmış xx.xx.2016-cı il tarixli müqavilənin, həmçinin həmin mənzilə dair "xxxx" MMC ilə Cavabdeh2 Agarza oglu arasında baglanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh3 ailə üzvləri ilə birgə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını, saxtakarlıq və etibardan sui-istifadə etməklə əmlakın mənimsənilməsi ilə əlaqədar Cavabdeh1 MTK-in rəhbərliyi barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə "xxxx" MMC ilə ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzilə dair müqavilə baglamışlar. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC qeyd olunan ünvandakı mənzili tikib ona təhvil verməyi, o isə hər kv.m-nə 450 ABŞ dolları olmaqla cavabdehə 43200 ABŞ dollarının manat ekvivalenti ilə 37584 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Həmin mənzilə görə 05 may 2014-cü il tarixədək vaxtaşırı onun tərəfindən mənzilin tam dəyəri olan 37584 manat pulu ödəmişdir. Ona ödəniş barədə 05 may 2014-cü il tarixli müvafiq maliyyə arayışı da verilmişdir. Maliyyə arayışı verilən 1 ədəd 1000 manatlıq ödəniş qəbzi üstündə olmadıgından həmin məbləg də əlavə olunaraq maliyyə arayışında ödənişin 38584 manat olması qeyd edilməmişdir. O, hətta Cavabdeh1 MTK-nın tikintinin aparılması məqsədilə payçıların ümumi yığıncağının protokoluna əsasən hər kvadrat metrəyə görə 100 manat hesabı ilə könüllü ödənilməsi tələb olunan 3000 manat əlavə pay haqqı da ödəmişdir. Beləliklə, o, mənzilin dəyərindən 4000 manat artıq ödəyərək ümumilikdə 41584 manat pul ödəmişdir. O, aldığı mənzilin yerləşən binanın təhvil verilməsini gözləmiş, vaxtaşırı gedib mənzilə baxmış, mənzilə dəmir qapı qoymuşdur. xx.xx.2021-ci il tarixdə növbəti dəfə mənzilə baxış keçirəndə ona məlum olmuşdur ki, Cavabdeh1 MTK-nın yeni direktoru Emil Səməndərov ona məxsus mənzili Cavabdeh3 qeyri-qanuni satmış və mənzilin giriş qapısı çıxarılaraq başqası qoyulmuş, mənzilin giriş qapısının açarı dəyişdirilmiş, təmir işləri aparılır. O, Cavabdeh3, həmçinin MTK-nın direktoru Emil Səməndərova xəbərdarlıq edərək niyə onun mənzilinin başqasına verdiyini, mənzilinin niyə zəbt olunduguna şərait yaratdıgını bildirmiş, dərhal mənzildəki təmir işlərini dayandırmağı və mənzildən çıxmagı tələb etmişdir. Emil Səməndərov ona bildirmişdir ki, mənzili onlar da almışlar, təmirə o, icazə vermişdir, şikayət etməsin, məsələni sülh yolu ilə həll edəcəkdir, ya mənzilin dəyərini, ya da ona mənzil verəcəkdir. Hər dəfə E.Səməndərov onu müxtəlif bəhanələrlə aldadaraq mənzilini digər cavabdehlərin vasitəsi ilə mənimsənilməsinə nail olmuş, rəsmi sorğulara cavab verməmiş və beləliklə rəsmi məlumat almaq mümkün olmamışdır. Cavabdeh3 tərəfdən ona bildirmişlər ki, guya onlar mənzili 2008-ci ildə almışlar. O isə cavabında mənzili xx.xx.2007-ci ildə aldıgını bildirəndən sonra cavabdehlər cinayət əlaqəsinə girərərək, guya Cavabdeh2 Agarza oğlunun başqa ünvandakı mənzilinə dair müqaviləni açıq-aydın görünən formada saxtalaşdıraraq guya onun qeyd olunan mənzilini ondan 27 gün əvvəl, yəni xx.xx.2007-ci il tarixdə MMC-nin ilk sədri olmuş Elman Tagıyev tərəfindən Cavabdeh2, xx.xx.2016-cı il tarixdə isə Cavabdeh2 razılığı ilə MMC-nin sonrakı rəhbəri Rafiq Nəsirov tərəfindən digər Cavabdeh3 satılmışdır. Onun məhkəməyə müraciət edəcəyini bilən kimi E.Səməndərov təcili olaraq Cavabdeh3 bu mənzilə yerləşdirmişdir. Halbuki, bina hələ təhvil verilməmişdir, hazır olmayan binaya vətəndaşlar köçürülə bilməzdi. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 MTK mənzili ona təhvil vermir. Ona görə məhkəmədən iddianın təmin olunaraq mənzilin ona təhvil verilməsini, Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən edilən saxtakarlıq və ona məxsus əmlakının mənimsənilməsi ilə əlaqədar barəsində tədbir görülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzilə dair baglanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC ilə Cavabdeh2 Agarza oğlu arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzilə dair baglanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birgə ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzildən çıxarılması və mənzilin İddiaçı ogluna təhvil verilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən cavabdeh təşkilat ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzil tikib pay kimi payçıya, yəni İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, payçı isə öz nöbəsində müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödəməklə mənzili təhvil almaq öhdəliyi götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmiş, əksinə başqa adamlara satılaraq qeyri-qanuni müqavilələr baglanmışdır. "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili boşaldılıb iddiaçıya təhvil verməli oldugu halda, bunu etməmiş, əksinə tikintisi başa çatmamış binanın qeyd olunan mənzilinə digər cavabdehi yerləşdirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi (xx.xx.2018-ci ilədək qüvvədə olan), 337, 385.1, 389.1, 390.1, 425, 442, 725.1, 755-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Mübahisəli mənzili 14 oktyabr 2021-ci il tarixli müqavilə əsasında əldə etmişdir. Müqavilə onunla "xxxx" MTK-nın sədri Emil Səməndərov tərəfindən imzalanmışdır. Həmin müqavilədə göstərilən mənzilin dəyəri olan 34000 manat məbləğində pul tərəfindən tam olaraq ödənilmiş, bu barədə onun adına MTK tərəfindən maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. Həmin mənzili təmir etdirərək köçüb orada ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Mənzildə elektrik enerjisindən istifadə üçün quraşdırılmış sayğac da onun adınadır. Həmin sayğacın quraşdırılması üçün də MTK-ya 1560 manat məbləğində pul ödəmişdir. Bildirir ki, mənzili alan zaman mənzilin qapısı və pəncərəsi olmamışdır. Mənzilin hər hansı bir şəxslə mübahisəli olması barədə də ona məlumat verilməmişdir. Məhkəmənin qətnaməsindən onun xəbəri olmamış, icra şöbəsi tərəfindən qətnamənin icra edilməsi üçün çağırılan zaman xəbəri olmuş, qətnamənin ona rəsmi qaydada verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən təmin edilməmiş, elektron məhkəmə informasiya sisteminə giriş barədə məlumat əldə edib girişi təmin etdikdən sonra xx.xx.2022-ci il tarixdə qətnamənin surətini əldə etmişdir. Göründüyü kimi onlar arasında bağlanmış müqaviləyə podrat münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 14 oktyabr 2021-ci il tarixli müqavilə üzrə hər iki tərəf öz öhdəliklərini icra etmiş, mənzil ona təhvil verilmiş və onun tərəfindən isə mənzilin məbləği tam olaraq ödənilmişdir. O, mənzildən istifadə edir və mənzilə sahiblik edir. Həmin müqavilə isə məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir. Belə olan halda onun mənzildən çıxarılmağı barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Birinci instansiya məhkəməsi ona məlumat vermədən məhkəmə iclası keçirmiş və nəticədə qəbul etdiyi qərar qanuni və əsaslı olmamışdır. Onun mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqları qanunla qorunduğu halda birinci instansiya məhkəməsi tərəfindən ona məlumat verilmədən məhkəmə iclasıları keçirilmiş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bununla da iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmadan qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil3 və nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə digər Cavabdeh1 MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada göndərilmiş bildiriş poçt xidməti tərəfindən “bağlıdır, fəaliyyəti dayandırılıb” qeydləri ilə geri qaytarılmışdır. İş üzrə digər Cavabdeh2 apellyasiya şikayətinə qarşı verdiyi ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, yəni gözünün birinin görmə qabiliyyətini tam itirməsi, digər ilə isə 15 % görməsi halını nəzərə alaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunmamasını, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsi Cavabdeh3 tərəfindən tam mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd olunmalıdır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, mübahisəsi gedən mənzilə dair Cavabdeh3 və MTK arasında müqavilə bağlandığı zaman Əli Mehrəliyevin bağlanmış müqaviləsi olsa da, mənzil məhz Cavabdeh3 təhvil verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, mənzil təmir edilməsi üçün MTK tərəfindən Cavabdeh3 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin yaşayış sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirərək, həmin mənzildə yaşamağa başlamışdır. İşdən görünür ki, cavabdeh "xxxx" MMC (hüquqi varisi olan Cavabdeh1 MTK) mübahisəli mənzili həm İddiaçı, həm də Cavabdeh3 təhvil vermək barədə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 452-ci maddəsi ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil Cavabdeh3 sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin Cavabdeh3 sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Bu halda Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair baglanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birgə həmin mənzildən çıxarılması və mənzilin İddiaçı ogluna təhvil verilməsi barədə gəlinən nəticə də əsassızdır. Beləliklə, mübahisəli mənzil artıq Cavabdeh3 təhvil verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə İddiaçı hazırkı tələbi təmin oluna bilməzdi. Bununla belə məhkəmə kollegiyası izah edir ki, iddianın bu şəkildə təmin olunmaması mübahisəli mənzil üçün İddiaçı oglu tərəfindən "xxxx" MMC-yə (hüquqi varisi olan Cavabdeh1 MTK-ya) ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(012)-1446/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar