Məhkəmə qərarları › İş №2(105)-568/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-568/2021

31.03.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-568/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Maraqlı şəxsn Xaçmaz rayon Xidmət Nümayəndəliyinə qarşı şəxsin itkin elan edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1974/2020 saylı qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) Ərizəçi şəxsin itkin elan edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonunun Yalama kəndində anadan olan X2 xx.xx.2017-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 ilə 2006-cı ildə faktiki olaraq evlənmişlər, xx.xx.2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə xx.xx.2007-ci ildə X6, xx.xx.2009-cu ildə X7 və xx.xx.2017-ci ildə X3 adlı üç uşaqları anadan olmuşdur. Əri maddi vəziyyətləri yaxşı olmadığına görə 2017-ci ilin yay aylarında RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhərinə qazanc dalınca gedib və o vaxtdan geri qayıtmayıb. Onun barəsində heç bir məlumat yoxdur. RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhər Polis Şöbəsinə məsələ ilə bağlı müraciət etmişlər və oradan onlara göndərilən cavab məktubunda qeyd olunur ki, həyat yoldaşı xx.xx.2017ci ildən xəbərsiz itkin düşmüşdür. Hazırda uşaqları ilə birlikdə dolanmaqda çətinlik çəkir, ona görə də maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Maraqlı şəxsn Xaçmaz rayon Xidmət Nümayəndəliyinə müraciət etmişdir, lakin ona həyat yoldaşının xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə lazım olduğu bildirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və ərizəsini rədd etmişdir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və nəticədə düzgün olmayan, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, ərizəçinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini tələbin sübut olunmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Rusiya Federasiyasının Stavropol vilayətinin Pyatiqorsk şəhəri üzrə DİN Şöbəsinin xx.xx.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonunun Yalama kəndində anadan olan X5 xəbərsiz itkin düşmüş şəxs kimi RF-nın Stavropol vilayətinin Pyatiqorsk şəhəri üzrə DİN şöbəsinin axtarışındadır Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1; 40.2ci maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin itkin düşmüş hesab edilməsi ehtimallara əsaslana bilməz. Ərizəçi X1 xəbərsiz itkin düşməsini təsdiq edən halları, onun ölüm təhlükəsi qarşısında olmasını və yaxud da bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, ərizəni rədd etməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1. maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar