Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-569/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-6006/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9012,9 (doqquz min on iki manat, doxsan qəpik) manat əsas, 1342,68 (bir min üç yüz qırx iki manat, altmış səkkiz qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 10.405,58 (on min dörd yüz beş manat, əlli səkkiz qəpik) manat məbləğində pul və 124 (bir yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 20% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9012,9 manat məbləğində əsas borcun, 1342,68 manat məbləğində faiz borcunun, 729,28 manat məbləğində cərimə borcunun, cəmi 11084,86 manat borcun və 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-6006/2023 qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli və iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, sözügedən qətnaməni məhkəmə yalnız iddiaçının verdiyi izahata xüsusən də təqdim etdiyi maliyyə arayışına əsasən və onunla yanaşı nümayəndə və vəkili məhkəmə iclaslarında iştirakını təmin etmədən qəbul etməklə qanunsuzluq etmişdir. Bundan başqa, iş üzrə ciddi zərurət yarandığından müvafiq maliyyə-mühasibatlıq ekspertizasının təyin edilməli olmaqla, onun banka olan əsas və faiz borcunun Bank tərəfindən məhkəməyə yeganə sübut kimi təqdim edilmiş maliyyə arayışı üzrə düzgün hesablanıbhesablanmaması halının araşdırılmasına zərurət görməmişdir. Halbuki, belə bir hal olmuş olsaydı, müəyyən ediləcəkdir ki, onun banka olan borcu həqiqətdə xeyli aşağı idi. Eyni zamanda, vəkili tərəfindən məhkəməyə ünvanlanmış maliyyə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətə məhkəmə münasibət bildirməli və ekspertiza təyin edilməsi barədə qərardad qəbul etmək əvəzinə bunu etməmiş, qanunsuzluğa yol vermişdir. Məhz bu əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi ciddi qanun pozuntusuna yol verməklə tərəflərin məhkəmə iclasında iştirakını təmin etmədiyinə və beləliklə də çəkişmə prinsipinə riayət etmədən, həmçinin işin obyektiv halı olmaqla düzgün araşdırma aparmadan sadəcə olaraq bankın maliyyə arayışına istinadən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsi yolverilməzdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi həmin tələblərə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, iddia tələbinə dair edilmiş etirazın dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Məhkəmə xüsusi bilik tələb edilən məsələlər üzrə ekspertiza təyin etmədən ümumi izahlar əsasında qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsini yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq qətnamə qəbul etmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən digər halları (ekspertiza təyin etməklə borcun əsas və faiz olmaqla əslində nə qədər təşkil etməsini) araşdırmamışdır. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi maliyyə arayışı və hesabdan çıxarışı əsas götürmüşdür. Halbuki, iddia ilə bağlı vəkili tərəfindən verilmiş vəsatətə əsaslı münasibət bildirilməmiş, işin tam və hərtərəfli olmaqla banka son borcun nə qədər olmasını araşdırmadan ümumi əsaslarla qətnamə qəbul etmişdir. Məhkəmə səhv nəticəyə gələrək yuxarıda sadalanan dəlillərin əksinə qanunsuz və tam əsassız qətnamə qəbul etmiş, əslində iddia verilən tarixə kredit müqaviləsi üzrə əsas və faiz borcunun nə qədər təşkil etməsini araşdırmamış, bununla bağlı əsassız olaraq ekspertiza təyin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmış, Cavabdeh isə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyator qətnaməni faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank borcluya 36 ay müddətinə, illik 20% olmaqla 15000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh bütün borcun 05 gün müddətində qaytarılması, əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2023-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməklə, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən müddətlər üzrə deyil, məhz bildirişin verildiyi tarixə hesablanmalı və bu zaman hesablanmış faiz borcu xx.xx.2023-cü il bildirişin verildiyi tarixə 1212,42 manat müəyyən edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 1212,42 manat faiz borcu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 1212 (min iki yüz on iki) manat 42 (qırx iki) qəpik müəyyən edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edir ki, iş materiallarında olan bildirişə əsasən sms bildiriş müvafiq qaydada sonuncuya çatdırılmış, həmçinin məhkəmə iclasında nümayəndəsi Vəkil iştirak etmiş, sonuncunun məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə bu dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Ekspertizanın keçirilməsi barədə birinci instansiya məhkəməsində qaldırdığı məsələ ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi Vəkil apellyasiya baxışı zamanı dindirilərkən kredit müqaviləsi üzrə əsas borca razılaşdıqlarını, yalnız faiz borcunun mübahisələndirdiklərini və kredit müqaviləsi üzrə faiz məbləğinin bildirişin verildiyi tarixə hesablanması nəzərə alınacağı təqdirdə ekspertiza keçirilməsinə zərurət olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 1212 (min iki yüz on iki) manat 42 (qırx iki) qəpik qəpik müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-569/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-569/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver